Evdə qəhrəman, bayırda məzlum görünməyin «hikmət»i
20 ildən artıqdır ki, Azərbaycanda eyni komanda hakimiyyət başındadır. Bu müddət kifayət edib ki, hakimiyyətin xarakter və mahiyyətinin nədən ibarət olduğunu öyrənək. Məsələn, müharibə bəyanatları veriləndə, Qərbə hücum təşkil ediləndə, bunun hansı zərurətdən yarandığı və hansı auditoriyaya hesablandığı aydın olur. Bu yazımızda da çalışacağıq ki, hakimiyyətin son günlər “repertuar”ına saldığı “tamaşa” ların, əsl “janr”ını müəyyən edək.
Daxili auditoriyaya hesablanmış Qərb savaşı
Öncə ABŞ səfiri Riçard Morninqstar “mühasirə”yə alındı və bütün istiqamətlərdən atəşə tutuldu. Vəziyyət o həddə çatdı ki, ABŞ iğtişaşlar törətməkdə, “Molotov kokteyli” hazırlamaqda ittiham edildi və səfirin ölkədən qovulması ilə bağlı təkliflər səsləndi. Bütün bunlar ona görə baş verdi ki, ABŞ səfiri hakimiyyətin “monolit” olmadığını bildirdi və bəzi çatışmazlıqları dilə gətirdi.
Daha sonra eyni hücumlar Böyük Britaniyaya qarşı təşkil edildi. Bu hücumların səbəbi isə, Britaniya Xarici Işlər Nazirliyinin Azərbaycandakı siyasi məhbuslarla bağlı bəyanatı oldu. Həmin bəyanatda deyilir ki, hakimiyyət vətəndaş cəmiyyətinə qarşı təzyiqlərə son qoymalı və ölkədə qanunun aliliyi təmin etməlidi.
Təbii ki, ölkə vətəndaşları da demokratiyanın, qanunun aliliyinin, sosial ədalətin bərpasının tərəfdarıdı və Qərbin bu çağırışlarını müsbət qarşılayır. Hakimiyyət ölkədəki real vəziyyəti, vətəndaşların kütləvi narazılığını bildiyinə görə və xalqın qərbdən gələn çağırışlardan ilhamlanmasının qarşısını almaq üçün, anti-qərb ritorikasına üstünlük verdi. Bu kampaniya elə bir forma aldı ki, sanki hakimiyyət ABŞ və Böyük Britaniyanı məhv etmək iqtidarındadır, hər iki ölkənin səfirliyini dərhal ləğv edə bilərlər və bu ölkələrlə bütün əlaqələri kəsmək problem deyil. Təbii ki, bütün bunlar daxili auditoriyaya hesablanıb və “bizim işimizə heç kim qarışa bilməz” “şüar”ını, xalqa yenidən nümayiş etdirmək cəhdidir.
Daxildə söyüb, xaricdə tərifləmək məcburiyyəti
2 gün öncə ABŞ Konqresində ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə brifinq keçirilib. Konqres üzvlərini və iri korporasiyaların təmsilçilərini bir araya gətirən brifinqin başlıca mövzusu ABŞ-la Azərbaycan arasında enerji, ticarət və inkişaf sahəsində əməkdaşlıq olub. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bildirib ki, bu tədbir Azərbaycanla ABŞ arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm tədbirdir. Brifinqin ikinci hissəsində isə BP, Azərbaycan Dövlət Neft Şirkəti, “Statoil”, “Boeing”, “Ortibal Elmlər”, “Exelis” və “Microsoft” şirkətlərinin yüksək vəzifəli nümayəndələri çıxış edib.
Böyük Britaniya -Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Lord Kilkluney isə, jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan və Böyük Britaniya arasında ticarət məsələləri ilə məşğul olmaq üçün xüsusi nümayəndə təyin edilib və bank sektoru, səhiyyə və digər sahələrdə də əməkdaşlığı genişləndirmək niyyətindəyik.
Qeyd edək ki, həm ABŞ-da keçirilən brifinq, həm də Britaniyalı lordun səsləndirdiyi fikirlər, Azərbaycanın bu ölkələrlə münasibətlərinin kəskinləşdiyi vaxta təsadüf edir. Maraqlı məqam ondan ibarətdir ki, ABŞ-dakı brifinqin və Britaniya ilə əməkdaşlığın kökündə ticarət məsələləri dayanır.
Aydın görünür ki, hakimiyyət daxildə savaş açdığı bu ölkələrə, xaricdə “kompliment” söyləməklə məşğuldu. O, da açıq şəkildə müşahidə olunur ki, hakimiyyət münasibətlərin korlanmasından çox narahatdır. Çünki, ABŞ və Britaniya ilə əməkdaşlığın kəsilməsi, hakimiyyətin şəxsi maraqlarına da böyük zərbədir. Ona görə də hakimiyyət xaricdəki bütün lobbi şəbəkələrini işə salıb Azərbaycanın qərb üçün vacibliyinin təbliğatını aparır. Bir sözlə daxildəki qəhrəmanlıq, xaricdə məzlumluqla müşahidə olunur.
Yaranmış vəziyyətin Rusiya uduşu
Bir məqamı da qeyd etmək lazımdır ki, daxili auditoriyaya hesablanmış “Qərb hücum”u, həm də Rusiyaya reverans imkanı yaradır. Məlumdur ki, Ukraynada baş verənlərdən sonra Rusiyanın Qərblə münasibətləri kəskinləşdi. Belə bir vəziyyətdə ABŞ və Britaniyanın hədəf seçilməsi, həm də Rusiyanın “təbəssüm”ünə səbəb olur. Rusiyaya mesaj verilir ki, biz tam olaraq Qərbə inteqrasiya yolunu tutmamışıq və Rusiyanın çətiri altına keçmək ehtimalı da var
Və sonda
Müxtəlif siyasi gedişləri müşahidə etsək də, ABŞ-ın, Britaniyanın ittiham edilməsinin şahidi olsaq da, yaranmış vəziyyətin daxili auditoriyaya hesablandığını, Rusiyaya reverans imkanı yaratdığını qeyd etsək də, yekunda bir qənaət hasil olur. Hakimiyyət dövlət və xalq maraqlarına önəm verməsə belə, şəxsi biznes maraqları baxımından, Qərbin ətəyindən yapışmağa məcburdu. Yuxarıda göstərdiyimiz faktlar da, sübut edir ki, Bakıda söyüb xaricdə üzr istəmək hakimiyyətin xarakteridi və “balans” siyasətinə bu da daxildir. Bir sözlə hakimiyyət indiki prosesdə “tövbə” mərhələsinə keçib və bu ikili oyun da ifşa olunmaqdadır.
Ilham


