General Beydullayev polisə çağırılması xəbərindən danışdı

Müdafiə Nazirliyinin Baş İnspeksiya İdarəsinin keçmiş rəisi, istefada olan general-mayor Məmməd Beydullayev polisə çağırılması ilə bağlı mediada yayılan xəbərə AzNews.az vasitəsi ilə aydınlıq gətirib. M. Beydullayev deyib ki, ki, polisə çağırılması ilə bağlı xəbər həqiqətə uyğun deyil: “Bir tanışımla yaşadığım evin yaxınlığındakı polis bölməsinin qarşısında görüşməliydim. Bu vaxt mənə zəng gəldi. Zəng edənin həmin göruşəcəyim adam olduğunu zənn edib, nömrəyə baxmadan, telefonu açaraq “Mən artıq polisin yanındayam” dedim. Sonra mənə verilən sualdan başa düşdüm ki, zəng edən jurnalistdir. Buna görə də telefonu bağladım. Bundan sonra dostlar zəng edib, mətbuatda belə bir yazının getməsi barədə xəbər verdilər. Açığı buna çox təəccübləndim. Çünki mən deməmişəm polisdəyəm…” 

M. Beydullayev qeyd edib ki, işdən çıxarılandan sonra hüquq mühafizə orqanları tərəfindən heç vaxt çağırılmayıb: “Əvvəla hər bir şəxs polisə çağırıla bilər və burada qeyri-adi bir şey yoxdur. Bəzən cəmiyyətdə belə bir fikir formalaşır ki, kim polisə çağırılıbsa, deməli, cinayət əməli var. Əslində isə belə deyil. Hər hansı bir anlaşılmazlıq ola bilər və buna görə də hər kəs polisə çağırıla bilər. Mənə gəldikdə isə belə bir hal olmayıb”. Sabiq idarə rəisi vurğulayıb ki, onun ölkəüçün xidmətləri olub və bu baxımdan da, dövlətin öz generallarının qeydinə qalacağına əmindir: “Mən şərəflə xidmət etmişəm, indi isə istirahət edirəm. Hər şey qaydasındadır. Tövsiyəm də budur ki, belə informasiyalarla işdən çıxarılan şəxslər arasında xof yaratmağa çalışmasınlar”. 

Xatırladaq ki, 2013-cü il oktyabrın 24-də nazir Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyinin Baş İnspeksiya İdarəsinin rəisi, general-mayor Məmməd Beydullayev vəzifəsindən azad edilib. Onun yerinə isə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Fəxrəddin Cəbrayılov təyin olunub.