Oruc Zalovun Kaliforniyadakı “qohumu” at oynadır

Azərbaycanlı mühacirlərə polis nəzarətini tətbiq etmək kimə həvalə edilib?

Bir müddət əvvəl «Azadlıq»da «Kaliforniya diktaturası» adlı bir yazı vermişdik. Yazıda ABŞ-dakı mühacirətin xırda bir problemi barədə bəhs etmişdik və əslində bu problem o qədər də xırda deyil. Söhbət əyri dosyalarla siyasi təqib və təzyiq nağılları düzəldib ABŞ-a yerləşən bir həmyerlimiz haqqında idi. Əslində, bu cür adamlar az deyil. Amma fəal siyasətdə olmasa da, heç bir təzyiq belə olmadan ölkəni tərk edən insanların problemi onların özləri ilə bağlı deyil. Ölkə yaşanılmaz hala salınıb və sıradan vətəndaşlar bu fəlakətləri görməmək üçün də Azərbaycandan baş götürüb gedə bilərlər. Bu, tər-təmiz humanitar məsələdir. Amma…

Ötən yazıda bildirmişdi ki, vaxtı ilə Penitensiar sistemdə işləmiş və sonralar da heç bir təzyiq-filan üçün heç bir əsası olmayan sabiq dövlət məmuru öz biznesinin böyütmək üçün ABŞ-a siyasi mühacir olaraq gedir və orada siyasi mühacirlərə problemlər yaratmağa başlayır. İndi bəlli olur ki, hörmətli biznesmen uzaq Kalifornaiyaya yalnız öz biznesini böyütmək üçün getməyibmiş. Hər halda, özünü belə təqdim edir. Penitensiar Xidmətin sabiq məmuru, indi İlham Əliyevin zülümlərindən baş götürüb ABŞ-a qaçdığını iddia edən, Kalifornaiyaya sığınan Etibar Məmmədov orada özünü Azərbaycan Daxili İşlər nazirinin müavininin qohumu və ortağı (Əliyevlər ailəsinin yaxın adamı) kimi təqdim etməklə azərbaycanlı mühacirlərə qan uddurmağa başlayıb. Bu zəmində biçarə azərbaycanlılar hətta ABŞ məhkəmələrinə də sığınmağa məcbur olublar, artıq.

Yeri gəlmişkən, bizim sayın Etibar Məmmədova ünvanladığımız bütün suallar o yalnız bir cavab verdi: «Sizə mənim haqqımda deyilənlərin hamısı yalandır»,. Amma biz Etibar Məmmədova yalanla-filanla bağlı heç bir sual yollamamışdıq. Biz ondan soruşmuşduq ki, Azərbaycanda hansı fəaliyyətlərinə görə, hansı təqib və təzyiqlərə məruz qalıb? Suallar bundan ibarət idi… Amma cavab «yalan-palan» söhbəti ilə dolu balaca bir cümlə… Biz də məcbur olub, cənab Məmmədov barədə sorğularımızı ABŞ-ın dövlət idarələrinə ünvanladıq.

Azad Akifoğlu