O, haqsız yerə işdən çıxarıldığını bildirir
Dövlət başçısı Ilham Əliyevə, baş prokuror Zakir Qaralova, Həmkarlar Ittifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevə, Baş Dövlət Əmək Müfəttişliyinə müraciət edən müharibə veteranı Tanrıverdi Nağıyev “Azərkörpü” ASC daxilində baş verən qanun və hüquq pozuntuları barədə danışıb. “Azadlıq”a üz tutan şikayətçi söyləyir:
“Azərbaycanda fəaliyyət göstərən bir çox şirkətlər, ASC rəhbərləri işlərini dövlətin, cəmiyyətin xeyrinə, insanların maddi rifahının yaxşılaşdırılmasına yox, yalnız və yalnız öz maraqlarına uyğun şəkildə həyata keçirməklə məşğuldurlar. Haqqında danışmaq istədiyim şirkətlərdən biri də ”Azərkörpü” ASC-dir.
Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü bəndində işə götürənlə işçi arasında bağlanmış əmək müqaviləsinin bir nüsxəsinin işçidə saxlanması göstərilsə də “Azərkörpü” ASC-də qanunvericiliyin tələbləri ancaq formal xarakter daşıyır. Işə qəbul olmaq istəyən fəhlələr, sürücülər, digər qulluqçular əmək müqaviləsini imzalayarkən təmiz 3-4 ədəd ağ vərəqlərin altından da imza atmaq məcburiyyətində qalırlar. Həmin təmiz ağ vərəqlərin ki, Cəmiyyətin Idarə Heyətinin sədri M.I.Şirinova lazım olanda müddətli əmək müqaviləsi şəklinə salır, istədiyi işçini işdən qovur, yaxud da hər hansı ixtisar zamanı ƏM 68-ci maddəsinin “b” bəndinə tuş gəlməmək – yəni ixtisara düşən işçilərə müavinət ödəməmək və s. çirkin məqsədlər üçün həmin ağ vərəqlərdən ustalıqla istifadə edir.
Deyilənlərə görə, cəmiyyətin müxtəlif obyektlərində çalışan işçilərin ümumi sayı 6000 nəfərə yaxındır. Fəhlə və sürücülərə verilən aylıq əməkhaqqı orta hesabla 600-700 manat civarındadır. Diqqətinizə çatdırıram ki, belə maaşı ayın 26-27 gününü işçilər ev üzü görmədən, ayrı-ayrı obyektlərdə işləyib “vaqonlarda” gecələmək müqabilində alırlar. Yeni işə qəbul olan hər bir işçi yalnız iki ay yarımdan sonra məvacib ala bilir. Bunun da səbəbi işçilərin bir aylıq əməkhaqqının “hər şeyə qarşı” daima kassada “girov” kimi saxlanılmasıdır. Belə qanunsuz “bank əməliyyatı” sayəsində əldə olunan böyük məbləğ hesabına da M.I.Şirinov özünün şirkətdaxili sərt siyasətini həyata keçirir. Bir ucdan sürücülər, texniki peşə sahibləri işə qəbul olunur, 12 saat ağır iş rejimində qul kimi istismara məruz qalır, üç növbənin işini iki növbə yerinə yetirir, bir ucdan da belə çətinliyə dözməyib haqq-ədalət tələb edənlər dərhal yuxarıda qeyd etdiyim “ağ kağızların” müddətli əmək müqaviləsi şəklinə düşməsi sayəsində işdən azad olunurlar.
M.I.Şirinov avto-texnikaya dəyən hər hansı maddi ziyandan sürücülərin hesabına özünü “sığortaladığına” görə avtomaşınlar ciddi şəkildə sıradan çıxmayınca təmirə dayanmağa icazə vermir. Vaxtlı-vaxtında yağlama-bərkitmə işləri aparılmadığına görə uzun illər istismarda olmuş, elastikliyini itirmiş, nahamar yollarda ağır yük altında sınmış resorlar, əyləc sisteminin paslanmış, sıradan çıxmış müxtətəlif hissələri, ötmə əməliyyatları zamanı avtomaşınların şinlərinin altından çıxan daş-kəsək təsadüfən digər avtomaşının qabaq aynasını, faraların şüşəsini, sol-sağ güzgülərini sindırarsa, yaxud da azacıq çat əmələ gətirərsə, sürücüyə məcburi qaydada baş vermiş “hadisə” haqqında ətraflı izahat yazdırılır. Izahatın məzmunundan asılı olmayaraq texnikaya “dəymiş ziyan” əməkhaqqından cərimə qismində ödədilir. Baxmayaraq ki, ƏM 192-ci maddəsini ikinci bəndində deyilir: “Dəymiş maddi ziyanın miqdarını iddia edən tərəflər, eləcə də qarşı tərəfə dəymiş ziyanda təqsirin olub-olmamasını sübut etməlidirlər.”
“Azərkörpü” ASC-nin işçi qüvvəsini respublikamızın müxtəlif rayonlarından gəlmiş insanlar təşkil edir. Ayrı-ayrı bölgələrdə müxtəlif layihələrin inşası şirkət rəhbərliyindən obyektlərin daxilində fəhlə və qulluqçuların, sürücülərin istirahət etməsi üçün normal yataqxanalar, yeməkxanalar və s. məişət şəraiti yaratmağı tələb edir. Təəssüf ki, bu sahələrdə də hər şey bərbad vəziyyətdədir.
Məlum olduğu kimi, yataqxanalarda adambaşına düşən yer dörd kv.m-dən az olmamalıdır. Lakin ASC-nin bütün obyektlərində bu normativdən əsər-əlamət yoxdur. 16 kv.m-lik istirahət vaqonlarının hər birində 8 nəfər yerləşdirilib. Yeməkxanalarda da vəziyyət olduqca acınacaqlıdır. Yeməklərin keyfiyyəti haqqında danışmağa belə dəyməz. Ən dözülməzi odur ki, 1-ci növbəyə nahara bişən yemək şam yeməyi əvəzinə, hətta 2-ci növbədə gecə saat 12-də nahar əvəzi də verilir.
ASC daxilində baş verən qanun və hüquq pozuntuları haqqında yazmaqla qurtaran deyil. Sürücü işlədiyim altı ay ərzində şəxsən mənə qarşı yol verilmiş haqsızlıqlara, hüquqlarımın pozulmasına etirazımı bildirdiyim üçün M.I.Şirinov məni də həmin “ağ kağızlardan” altı aylıq müddətli müqavilə sənədi düzəltməklə 25.9.2013-cü ildə işdən azad etdi. Müharibə veteranı olmağım və qanunlarımız onu qanunsuz əməllərdən çəkindirib, dayandıra bilmədi. Işdən azad olduğum yeddi ay ərzində “səs-küy” salmadan ayrı-ayrı insanların köməyindən istifadə edib işimə bərpa olunmağa cəhdlər etsəm də, xeyri olmadı.
Övladımın hər ikisi Bakıda ali məktəblərdə pullu təhsil alır. Əslən Ağstafa rayonundan olsaq da, ailəlikcə Xırdalan qəsəbəsində kirayədə qalırıq. Ümid edirəm ki, maddi vəziyyətimizin nə dərəcədə ağır olmasını təsəvvür etmək elə də çətin deyil. Ona görə də sizdən işimə bərpa olunmağım üçün mənə köməklik göstərmənizi xahiş edirəm”.
Sosial şöbə


