Dərsliklərdəki tarixi təhriflər araşdırılacaq
Sabir Rüstəmxanlı: «Əgər bu komitə obyektiv araşdırma aparsa, Iran bütün parametrlər üzrə haqsız çıxacaq»
Iranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Təbrizdə jurnalistlərə açıqlama verib və Azərbaycanla bağlı bəzi məqamlara toxunub. Səfirin ölkədəki son seçkilərlə bağlı səsləndirdiyi fikirlərə ekspertlər cavab verdi və səfirin fikirlərinin reallığı əks etdirmədiyi ortaya çıxdı.
Ancaq səfir açıqlamasında başqa maraqlı məqama da toxunub. O bildirib ki, Azərbaycanla Iran dərsliklərdəki bəzi tarixi təhriflərin araşdırılması üçün ortaq komitə formalaşdırıb: “Hələlik bu komitənin iclası keçirilməyib. Amma biz şübhəli məqamların aradan qaldırılması üçün komitənin yığıncağının keçirilməsinə çalışırıq”.
Belə bir komitənin yaradılması təsadüfi ola bilməz. Səfirin də fikirlərindən görünür ki, Azərbaycan dərsliklərində Iranı razı salmayan məqamlar var və Iran bu məqamların aradan qaldırılmasını istəyir.
Ancaq Iranın təzyiqi ilə Azərbaycan dərsliklərinin dəyişdirilməsi və bu ölkənin istədiyi şəkildə yazılması da yanlış olardı.
VHP sədri Sabir Rüstəmxanlı hesab edir ki, həmin komitə yazılanları obyektiv araşdırsa, Iran tərəfi faktlar qarşısında uduzacaq: “Farslar gəlməzdən öncə Iranda türk dövləti olub. Iranda türklərin 5-6 min illik tarixi var. Türklərin bütün mənəvi sərvətləri bu gün Iranın adına çıxıb. Azərbaycan iki hissəyə bölünəndə, güneydə Qacarlar sülaləsi hakimiyyətdə idi. Bu gün bizim dövlətimizi farslaşdırırlar və biz buna qarşı etiraz etməliyik. Bu gün xeyli ensiklopediyalarda, xəritələrdə Azərbaycan məxsus olanlar, Persiyanın adına yazılıb. Xalçalar, qədim əşyalar, mədəniyyət abidələri, ədəbiyyatımızın bir parçası da Persiyan adı ilə bağlanıb. Ona görə də obyektiv araşdırma aparılsa, bütün parametrlər üzrə Iranın haqsız olduğu üzə çıxar. Dərsliklərimizdə Azərbaycanın tarixi xəritələri var, Səfəvi, Atabəylər, Qacarlar dövləti haqqında məlumatlar var. Iran həmin dövrü öz tarixi kimi qələmə vermək istəyir. Amma bu dövlətlər türk dövləti olub və bunu danmaq da mümkün deyil. Iranın xoşuna gəlmədiyi üçün öz tariximizdən imtina etməli deyilik. Irana daxil olan xalqların hamısı bölünmüş vəziyyətdədir və Iran bu xalqlar üçün bir bəladır. Ona görə də belə bir komitənin yaradılması Iran üçün maraqlı olmamalıdır”.
Akif


