«Rayonun 2304 müəllimi ac-yalavac qalıb»
Tədris ilinin arxada qalmasına baxmayaraq, bu sahənin problemləri bitib-tükənmir. Göyçay müəllimlərini narahat edən məsələ may ayının əməkhaqqını hələ də ala bilməməkləridir. Rayonun 9 saylı orta məktəbinin müəllimi Səmid Məmmədov onu və həmkarlarını narahat edən məsələ barədə “Azadlıq”a məktub yazıb:
“Bütün büdcə təşkilatlarında çalışanların əməkhaqqısı verildiyi halda, biz hələ də may ayının maaşını almamışıq. Göyçayda 2304 nəfər müəllim heyəti var. Rayonda belə bir ənənə var ki, ”son zəng” günü məzunu olan ailə şadyanalıq keçirir. Amma təxminən 1000 nəfər müəllim həmin tədbiri keçirməkdən kənarda qalıb. Çünki maaşlarının verilmədiyi təqdirdə, müəllim hansı vəsaitlə evində övladının “son zəng”ini təşkil edə bilər?! Rayon təhsil şöbəsi maaşlarla bağlı sualımıza cavab olaraq bütün sənədləri maliyyə şöbəsinə verdiyini bildirir. Maliyyə şöbəsinin müdiri Firdovsi Rəhmanov övladına rayonun ən möhtəşəm şadlıq sarayında “son zəng” keçirirsə, bunun bədəlini biz ödəməliyik? Rayonun 2304 müəllimi ac-yalavac qalıb. Biz müəllimik, cüzi məbləğdə maaş alırıq. Həmin maaşla qaz pulu, işıq pulunu da verməliyik. Bizdən kommunal xərcləri ödəməyi tələb edənləri maaşımızın verilməməsi maraqlandırmır. Hamı pis vəziyyətdədir və maaşların verilməməsini heç nə ilə əsaslandırmırlar”.
Sosial şöbə


