Azərbaycanda orta ömür həddi niyə aşağı düşüb?

Eyyub Hüseynov: «Bu problem qidadan irəli gəlir, həm yerli, həm də qonşu ölkələrdəki xəstəxanalar azərbaycanlılarla doludur»

Bitaniyanın “The Economist Intelligence Unit” araşdırma şirkəti dünyanın 109 ölkəsində ərzaq təhlükəsizliyinə dair illik hesabatını açıqlayıb. Ərzaq təhlükəsizliyinin dövlətin sosial-iqtisadi inkişafının başlıca göstəricilərindən biri olduğunu vurğulayan hesabat müəllifləri aydınlıq gətirir ki, “ərzaq təhlükəsizliyi” deyəndə bütün insanların hər an onların gündəlik sağlam və aktiv həyat tərzi keçirməsinə yetəcək qədər keyfiyyətli ərzağa çıxış imkanları nəzərdə tutulur.

Hesabata daxil edilən ölkələr üç kateqoriya üzrə təhlil olunub – ərzaq məhsullarının insanlar üçün nə dərəcədə əlçatan olması, kifayət qədər ərzaq məhsullarının mövcudluğu və ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik səviyyəsi.

Sənəddə deyilir ki, dünyada ərzaq təhlükəsizliyi sahəsində liderlik edən ölkə ABŞ-dır. Ilk onluqda Norveç, Sinqapur, Isveçrə, Irlandiya, Kanada, Almaniya və Fransa yer alır. Azərbaycan isə 109 ölkə arasında 62-ci yerdədir.

Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov insanların ərzağa çatımlılıqla bağlı ciddi problem yaşadığını deyir. Azərbaycanın BMT-nin istehlakçıların hüquqlarının müdafiəsinə dair müvafiq sənədinə qoşulduğunu xatırladan Eyyub Hüseynovun sözlərinə görə, həmin sənədlə də dövlət istehlakçıların ərzaq məhsullarına və digər tələbat mallarına ədalətli, bərabərhüquqlu çatımlılıq şərtlərini öz üzərinə götürür: “Ərzaq təhlükəsizliyi haqqında qanun da mövcuddur. Bu sahədə vəziyyət isə elə də ürəkaçan deyil. Ölkədə bu sahə üzrə müəyyən iş getsə də, ərzağın təhlükəsizliyinin keyfiyyəti məsələsi son dərəcə geridədir”.

AIB sədri qida təhlükəsizliyinin istehlakçılar üçün vacib şərt olduğunu söyləyir. Onun sözlərinə görə, bu gün ölkədə qidanın təhlükəsizliyi haqqında qanun yoxdur. Nəticədə qidadan zəhərlənmələr cidd-cəhdlə gizlədilir. Qurum sədri bu məsələ ilə bağlı mövcud statistikanın Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarından köklü şəkildə fərqləndiyini bildirir: “Ona görə də beynəlxalq təşkilatlar, o cümlədən Avropa Ittifaqı və ABŞ-ın Inkişaf Agentliyi bu işdən narahatdır. Qurum Azərbaycanda ərzağın və qidanın təhlükəsizliyini təmin etmək üçün müvafiq iş görülməsini məsləhət görüb”.

Eyyub Hüseynov Avropa Ittifaqının qanun layihəsi hazırlayaraq hökumətə təqdim etdiyini də vurğulayır.

Qida təhlükəsizliyinin həddən artıq pis vəziyyətdə olduğuna diqqəti çəkən qurum sədri ölkə istehlakçılarının bundan  əziyyət çəkdiyini bildirir: “Belə bir vəziyyətdə Azərbaycanda insanların orta ömrü aşağıdır. Bu problem qidadan irəli gəlir. Xəstəxanalar, qonşu ölkələrin klinikaları azərbaycanlılarla doludur. Bu o deməkdir ki, ölkədə qida təhlükəsizliyi çox ağır vəziyyətdədir”.

Nigar