«İnsanı sındırmaqdan, əqidəsindən dönməyə məcbur etməkdən böyük əxlaqsızlıq ola bilməz»
Aslan İsmayılov: «Bu gün kiminsə türmədə on il yatdıqdan sonra gedib məzarları ziyarət etməsinin səmimiliyinə heç kim inanmır»
Beynəlxalq təşkilatların və yerli ictimaiyyətin siyasi məhbusların azadlığa buraxılması haqda hökumətə çağırışları bu dəfə də qulaqardına vuruldu. Ən azı, Ilham Əliyevin imzaladığı son əfv fərmanı bunu deməyə əsas verir. Hakimiyyət ölkədə siyasi məhbus problemini bu əfvlə qismən də olsa, həll etmək şansını növbəti dəfə əldən verdi. Sanki hökumət Azərbaycana artan geosiyasi marağın fonunda daxildəki siyasətini sərtləşdirərək, siyasi məhbus problemini daha da dərinləşdirmək yolunu tutub. Bu cür siyasətin nəticəsidir ki, ölkədə siyasi məhbusların sayı sürətlə artır.
Ölkənin tanınmış vəkillərindən olan Aslan İsmayılovla müsahibəyə siyasi məhbus problemi, son əfv fərmanından başlasaq da, ümumiyyətlə, hüquq, məhkəmələr, insan haqlarıyla bağlı kifayət qədər maraqlı söhbətimiz oldu:
– Mən əfv fərmanından gözləntilərlə razı deyiləm. Çünki o zaman biz cəmiyyət olaraq razılaşırıq ki, insanları nahaqdan həbs edib, sonra da bizə minnət qoyaraq, azad edirlər. Biz cəmiyyət olaraq, ölkədə qanunun aliliyinin təmin olunmasını, məhkəmələrin müstəqil fəaliyyət göstərməsini tələb etməliyik. Əgər müstəqil məhkəmə hakimiyyəti olsa, o zaman ölkədə siyasi məhbus problemi də yaranmaz. Sözün düzü, mənim də müəyyən gözləntim var idi. Amma bir hüquqşünas kimi, mən bilirdim ki, əfv etmək üçün hökmən qanuni qüvvəyə minmiş məhkəmə hökmləri olmalıdır. Bəzi məhbuslarla bağlı isə məhkəmə hökmləri qanuni qüvvəyə minməyib. Amma bir qrup siyasi məhbus var idi ki, onlar barəsində məhkəmə hökmləri qüvvəyə minmişdi və əfv onlara şamil edilə bilərdi.
Amma onu da deyim ki, baş verənlər gözlənilən idi. Bu gün Azərbaycanda bütün bəlaların günahkarı olan, “bizlik deyil” deyib, yaxasını kənara çəkən məhkəmə hakimiyyəti var. Hazırda Azərbaycanda məhkəmə hakimiyyəti bir qrup oliqarxın mühafizə xidmətinə çevrilib. Həmin oliqarxlar nə istəyirlərsə, o da olur. Məhkəmə hakimiyyətinin bir oyuncaq olması artıq sənədlərlə sübut olunur. Mən, apardığım Zülfüqarlı qardaşlarının işindən misal gətirmək istəyirəm. Beş ildən artıqdır ki, biz məhkəmələrə müraciət etmişik və yeddi məhkəmə işimiz var. Bizim şikayətimiz bu məhkəmələrin ədalətli və ya ədalətsiz qərar çıxarmasından deyil. Biz beş ildir ki, bu məhkəmə instansiyalarını keçib qurtara bilmirik. Rayon məhkəmələri iddiamızı rədd edir. Apelyasiya Məhkəməsi həmin rədd qərarını qüvvədə saxlayır, Ali Məhkəmə isə ləğv edir. Birinci dəfə ləğvolunma baş verəndə çoxları elə düşündü ki, Ali Məhkəmə ədalətli qərarın qəbul olunmasını tələb edir. Amma ondan sonra artıq üç dəfə eyni işlər Apelyasiya Məhkəməsinə qayıdıb. Apelyasiya Məhkəməsi yenə rayon məhkəməsinin qərarını qüvvədə saxlayır və yenə də Ali Məhkəməyə müraciət edirik. Ali Məhkəmə də Apelyasiya Məhkəməsinin qərarını yenidən ləğv edir. Burada məqsəd bəllidir. Rasim Məmmədov Ali Məhkəməyə göstəriş verib ki, bu proseslər Azərbaycanın hüdudlarından kənara çıxmamalıdır. Nəticədə bu işlərin Avropa Məhkəməsinə gedib çıxmasına imkan verilmir. Ali Məhkəmənin sədri Ramiz Rzayev də başda olmaqla, bütün məhkəmə instansiları Rasim Məmmədova “baş üstə” deyir. Hərçənd, bu poladtökmə zavodları Rasim Məmmədovdan alınaraq, başqa bir şəxsə verildi. Amma Rasim Məmmədovdan bu gün də qorxurlar. Rasim Məmmədovun adamları Zülfüqarlı qardaşlarına məxsus Bakı Poladtökmə Zavodunu əldən verməmək üçün elə bugünlərdə oranı sökdürüb xarabaya çevirir.
“Nə dostumu, nə də düşmənimi namərd istəmərəm”
– Insanların adlarını əfv siyahısına salmamışdan əvvəl hökumət onları “sındırmağa” çalışır. Yalnız hakimiyyətə tərif dolu müraciətdən sonra həbsdə olan şəxs azadlığa buraxılmaq şansı əldə edir. Hakimiyyətin öz vətəndaşına qarşı bu cür münasibətini necə dəyərləndirmək olar?
– Mən həmişə istəmişəm ki, dostum da, düşmənim də mərd adamlar olsun. Bunu yüksək vəzifəli hakimiyyət təmsilçisi ilə söhbətimdə də demişəm. Nə dostumun, nə də düşmənimin namərd olmasını istəmirəm. Çünki ən təhlükəli insanlar namərd, sınmış, əqidəsini dəyişən insanlardır. Həmin hakimiyyət təmsilçisi də mənimlə razılaşmışdı. O, razılaşan zaman mən dedim ki, sizin bütün yaxın çevrəniz öncə adamı sındırmaq, daha sonra özünə dost etmək istəyir. Bu, Azərbaycanda hökm sürən tendensiyadır. Bundan da böyük əxlaqsızlıq ola bilməz. Bu gün kiminsə türmədə on il yatdıqdan sonra gedib məzarları ziyarət etməsində səmimiliyə inanan varmı? Əslində bu, o məzarlara ən böyük hörmətsizlikdir. Mənim əxlaqım, dünyagörüşüm bunu heç zaman qəbul etmir. Cavan bir uşağı cəbhəçi adıyla tuturlar, sabah ona türmədən məktub yazdırırlar ki, mən YAP-a keçirəm. Bu məktubun səmimiliyinə inanırsınızmı? Mən güman etmirəm ki, hansısa ağlı başında adam bu addımların səmimiliyinə inansın. Insanları həmin sındırma yoluna çəkənlər bir şeyi bilməlidir, gələcəkdə onların ən əzazil, ən barışmaz düşmənləri belə adamlar olacaq. Gələcəkdə Cəmil Həsənlilər, Aslan Ismayılovlar bu hakimiyyətdəkilərə düşmənçilik etməyəcək. Amma sındırılmış, “bu hakimiyyətə mənim canım qurban” deyənlər əllərinə fürsət düşən kimi iqtidarın ən qəddar düşməni olacaq.
“Bu biabırçılığı heç cür anlaya bilmədim”
– Sonuncu əfvdə əsasən xarici ölkə vətəndaşlarının azadlığa buraxılması diqqət çəkdi. Onların arasında xeyli sayda Iran, Rusiya vətəndaşı var idi. Azərbaycan hakimiyyəti bir müddət əvvəl bəyan edirdi ki, Azərbaycan şimaldan Rusiya, cənubdan Iran tərəfindən sıxılır. Son addım Rusiya və Irana bir reverans sayıla bilərmi?
– Siz mənim özüm üçün də aydınlaşdırmağın vacib olduğu bir məsələyə toxundunuz. Doğrudan da Qərbə inteqrasiya olunan, böyük iqtisadi layihələri həyata keçirən, “Rusiya və Irandan bizə təzyiq var” deyənlərin belə reaksiyası maraq doğurur. Bu bəyanatı verənlərin rus telekanallarına çıxaraq Amerikaya meydan oxumalarını necə anlamaq olar? Bunu anlamaq mümkün deyil. Bu hansı məntiqə sığır? Mən dünən Əli Hüseynovun Rusiya telekanalında Amerikaya meydan oxumasını gördüm. Bu biabırçılığı heç cür anlaya bilmədim. Əgər sən özünü müstəqil, qüdrətli dövlət sayırsansa, sənin öz telekanalların var. Elə həmin telekanallardan da Amerikaya meydan oxu. Amma sən nəyə görə bu bəyanatları bundan bir neçə ay əvvəl BMT-də əleyhinə səs verdiyin dövlətin telekanalından edirsən?
“Hakimiyyətdəkilərin var-dövləti Qərbdədir”
– Hazırda Azərbaycanın siyasi elitasında Qərbə qarşı bir kampaniya aparılır. Həmin kampaniyada xüsusilə ABŞ kəskin tənqid olunur. Bu siyasət nədən xəbər verir?
– Tam səmimi söyləyirəm ki, Əli Hüseynovun Rusiya telekanalında Qərbi tənqid etməsindən sonra bütün gecəni özümə gələ bilmədim. Axı mən də bu ölkənin vətəndaşıyam. Mən ölkədə nə baş verdiyini anlamaq istəyirəm. Mən özümü bu ölkədə baş verənlərə cavabdeh olan minlərlə şəxsdən biri sayıram. Gələcək nəsil lənət oxuyacaq ki, siz bizə hansı ölkəni qoyub getdiniz. Düşünürəm ki, Azərbaycan hakimiyyəti heç zaman Avropa və Amerikanın əleyhinə getməyəcək. Bunun bir neçə səbəbi var. Birinci səbəb budur ki, Azərbaycan hakimiyyəti maddiyyata çox bağlı olduğundan bunu etməyəcək. Çünki onların bütün var-dövləti Qərbdədir. Ramiz Mehdiyev və onun ətrafını istisna etməklə, Rusiyada Azərbaycan oliqarxlarının heç nəyi yoxdur. Bu baxımdan onlar Avropa və Amerikanın əleyhinə getməyəcəklər. Ikinci bir reallıq isə odur ki, güc olaraq Avropa və Amerika Rusiyanı diz çökdürə bilər. Üçüncü mühüm səbəb isə budur ki, inkişaf və rifah Qərbdə, Amerikadadır. Azərbaycan hakimiyyət təmsilçilərinin bu cür kampaniya aparmasının bir səbəbi var. O da Rusiyadan gələn ciddi təhdidlərdən doğan qorxudur. Bu təhdidlər o qədər güclüdür ki, hakimiyyət sadəcə, bir qeyri-müəyyənlik içərisindədir.
“Hakimiyyət beynəlxalq təhdidlər qarşısında acizdir”
– Ramiz Mehdiyevin rus dilində bir müsahibəsi oldu. Həmin müsahibə ABŞ-a qarşı yönəlmişdi. Burada xüsusilə ABŞ səfirinin “hakimiyyət monolit deyil” fikri sərt tənqid olunurdu. Sizcə, Ramiz Mehdiyevin müsahibəsi və ondan sonra baş verənlər hansı gerçəkləri ortaya qoydu?
– Hakimiyyətdə rusiyameylli qüvvələr hələ ki, üstün mövqedədir. Məsələn, Əli Hüseynovu mən uzun müddətdir ki, tanıyıram. Onu dünyada baş verən proseslərdən başı çıxan bir şəxs sayıram. Ona görə inanmıram ki, o, öz xoşu ilə bu cür açıqlama ilə çıxış etsin. Görünür, sıradan vətəndaşların bilmədiyi qlobal təhdidlər var və bu təhlükəli təhdidlər qarşısında hakimiyyət acizdir. Hakimiyyətin acizliyinin də günahkarı özüdür. Bugünkü hakimiyyət xalqına qarşı o qədər haqsızlıq edib ki, ondan müdafiə istəyə bilmir. Çünki bilir ki, bu müdafiə olmayacaq.
– Iyunun 27-də Ukrayna, Gürcüstan və Moldova Avropa Birliyi ilə əməkdaşlığı daha da dərinləşdirəcək. Siyahıda Azərbaycan yoxdur. Bu hakimiyyətdə təmsil olunanlar övladlarına Qərb təhsili verir, vəsaitlərini Qərb banklarında saxlayır, amma bu məkana inteqrasiyada maraqlı deyillər. Bu təzad nədən irəli gəlir?
– Hakimiyyətin məntiqsiz addımlarında ancaq bir məntiq görürəm. Təhdid o qədər güclüdür ki, bunlar həmin təhdidə qarşı addım ata bilmirlər. Əgər həqiəqətən də ABŞ və Avropa pisdirsə, o zaman nəyə görə hakimiyyət təmsilçiləri pullarını Qərbə yatırır, övladlarına Qərb təhsili verir, istirahət üçün bu məkanı seçirlər? Çünki hakimiyyət anlayır ki, inkişaf Qərbdədir. Hakimiyyətin Rusiyaya reverans etməsi isə qorxusundan irəli gəlir. Görünür, bizim də bilmədiyimiz böyük təhdidlər var. Təhdid yalnız qoşun yeritməklə baş vermir. Qoşundan da güclü amillər var. Onlar sırasında şimal və cənubdakı separatçılıq amillərini misal göstərmək olar. Bundan başqa, cənubdakı dindar toplum əsasən Iran, şimaldakı dindar toplum isə əsasən Rusiyanın təsiri altındadır.
– Hakimiyyət sanki hər addımı ilə Qərblə münasibətləri korlamağa çalışır. Pərviz Həşimlinin, NIDA-çıların, Anar Məmmədlinin işində göstərilən xüsusi aqressivlik bunu sübut edir. Hakimiyyətin Qərblə bu formada qarşıdurmaya getməsi nədən irəli gəlir?
– Bütün bu sualların kökündə bir vahid sual dayanır: Azərbaycan hakimiyyəti nə istəyir? Hakimiyyətin bir istəyi var – iqtidarı qorumaq. Iqtidara ən böyük təhlükə isə şimal və cənubdandır. Amerika və Avropadan Azərbaycan hakimiyyətinə heç bir təhlükə yoxdur. Hakimiyyət ona olan təzyiqlərdən yayınmaq üçün Avropa və Amerikanı hədəf seçir. Mesaj verir ki, “bax, görürsüz, biz burada Amerikanın dayaqlarını sarsıdırıq”. Amma bu, yanlış siyasətdir. Bəzən sosial şəbəkələrdə bədbin fikirlər yazırlar ki, bu millətin sonu necə olacaq? Amma qətiyyən bu fikirdə deyiləm. Bizim millət bir çox xalqlardan bacarıqlıdır. Bu gün dünyada minlərlə millət var. Amma onlardan yalnız az qisminin müstəqil dövləti var. Bütün savaşlara, təpkilərə baxmayaraq, Azərbaycan xalqı müstəqil dövlət qura bilib və bütün cəhdlərə baxmayaraq, müstəqilliyini qoruyur. Sadəcə, Azərbaycan hakimiyyəti gənclərə divan tutmaqla sürətlə öz qəbirqazanlarının sayını artırır. Son dövrlər Azərbaycan gəncliyi Amerika, Avropa məktəbini keçib, azadlığın nə olduğunu mənim yaşıdlarımdan daha yaxşı bilir və onları susdurmaq mümkün deyil. Çox təəssüf edirəm ki, hakimiyyətdəkilər öz şəxsi mənfəətləri üçün qəddarlıqla gənclərə divan tutur, onları Vətənə verə biləcəkləri ən faydalı illərini həbsxanalarda keçirməyə məcbur edir. Mən hələ həmin gənclərin doğmalarının çəkdikləri əzab-əziyyəti demirəm. Şəxsən özüm bu yolda heç nə edə bilmədiyimə görə peşmançılıq çəkirəm. Kaş hakimiyyətdəkilər baş verən faciəni anlaya biləydilər.
Xəyal



