2+2=?

Vicdan məhbusu Tofiq Yaqublu həbsxanadan yeni yazı göndərib. Yazı onun qızı Nigar Yaqublunun “facebook” səhifəsindən götürülüb.

“Qarışqa çox narahat halda gedirmiş. Soruşurlar ki, niyə belə narahatsan, dərdin nə? O da cavabında deyir ki, dünən axşam fili döyüblər, məndən şübhələnirlər. 

Hər dəfə yapçılar

“Inkişafımızdan narahat olurlar”, “uğurlarımızı gözləri götürmür”, “bizə öz şərtlərini diktə etmək istəyirlər” və s. tipli sərsəmləmələrlə ABŞ-ın ünvanına donquldananda, onun kölgəsini qılınclayanda bu lətifə yadıma düşür. Çünki mənzərə həmin lətifəyə tam uyğun gəlir. 

ABŞ-in ölkəmizdəki səfiri, çox hörmətli Riçard Morninqstar “Azadlıq” radiosuna verdiyi müsahibəsində Azərbaycan reallığını çox usdufca dilə gətirib. Bununla da iqtidar düşərgəsində bir vur-çartlasın başlayıb ki, sanarsan ki, arı yuvasını çubuqla qarışdırıblar. Yapçıların dediklərinə baxıram, deyirlər ki, nə Morninqstara, nə də ABŞ-ın özünə bizi hədələməyə imkan vermərik. Ağılları başqalarına getməsin, bizimlə heç kəs hədə dilində danışa bilməz. Kamera yoldaşım Rüfət kişinin lupasını götürüb çox hörmətli Morninqstarın müsahibəsini bir də oxuyuram. Balam, bu kişi müsahibənin hansı hissəsində sizi hədələyib, hansı hissəsində deyib ki, sizi cəzalandıracağıq, hansı yerində deyib ki, özünüzü yığışdırmasanız sizi mələdəcəyik? Bax, burda deyiblər “qarğa məndə qoz var” və ya “xain xoflu olar”. Mister sadəcə olaraq ölkədə olan problemlərin cüzi bir hissəəsini dilə gətirib, vəssalam! Bəs, bu zırhazır nəymiş? Ey yapçılar. Məgər siz özünüz Qarabağ problemi ilə bağlı ABŞ dövlətinin yanaşmasını, yürütdüyü siyasəti səhərdən axşamadək tənqid etmirsiniz, onu yerdən-yerə vurmursunuz, necə hərəkət etməli olduğunu öyrətmirsiniz? Heç bir dəfə sizə deyən olubmu ki, bizə ağıl öyrətməyin, mövqeyinizi diktə etməyin, yol göstərməyin, nəyi necə etməyi başa salmağa çalışmayın? Olmayıb! Bəs, siz niyə özünüzü cırırsınız? Aylarla Almaniyada aclıqdan, səfalətdən, irqçilikdən, insan haqlarının tapdanmasından danışdınız. Sizə bir kimsə irad bildirdi? Qurtarın da bə! 

Ay yapçılar, gəlin, sizə bir şey öyrədim. Deməli, belə, ikinin üstünə iki gələndə dörd eləyir. Başa düşmədinizsə, başqa cür izah edim. Tutaq ki, iki almanız varıydı, ikisini də Mövlud Çavuşoğlu verdi, neçə almanız oldu? Dördmü? Ay sağ olun, düz dediniz. Sakın deməyin ki, bu çox sadə şeydir, bunu bizə öyrətməyə ehtiyac yoxdur, key deyilik. Əgər elədirsə, key deyilsinizsə, onda başa düşməlisiniz ki, insan haqları heç bir dövlətin iç işi deyil. Bu ki, iki üstə gəl iki misalından da asan məsələdir. Bir baxın, Azərbaycan insan haqları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında nə qədər öhdəliklər götürüb. Odur ki, ölkə dışından kimsə seçki saxtakarlığı, siyasi məhbus, insan haqlarının pozulması və s. haqda fikir bildirəndə “daxili işimizə qarışmayın” deyib yaxa cırmaq o deməkdir ki, 2+2=? misalının cavabını bilmirsiniz. Gündəliyinizi verin, sizə bir yağlı “2″ yazıram”.