Hakimiyyət bütün istiqamətlərdən öz opponentlərinə qarşı hücumlarını davam etdirir. Bu məsələdə ənənəvi vasitələrdən istifadə edilir. Qeyri-hökumət təşkilatlarına qarşı kampaniyada da hakimiyyət ənənəsinə sadiq qalıb. Bir müddət əvvəl bu kampaniyada iqtidara yaxından kömək edən saytlardan biri Azərbaycanda daxili vəziyyəti gərginləşdirmək məqsədi ilə beynəlxalq qurumların qeyri-hökumət təşkilatlarını maliyyələşdirməsi barədə məsələni gündəmə gətirdi.
Son günlər sayt yenidən bu mövzuya qayıdıb və Britaniyanın “Oxfam” təşkilatının bir sıra QHT-ləri maliyyələşdirməsindən yazıb.
Adı çəkilən qeyri-hökumət təşkilatları rəhbərləri arasında Ictimai Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad Ibadoğlu və Azad Iqtisadiyyata Yardım Ictimai Birliyinin rəhbəri, REAL hərəkatının üzvü Zöhrab Ismayıl da var.
Saytın yazdığına adları çəkilən şəxslərin də cavab özünü çox gözlətmədi.
Qubad Ibadoğlu: «Yazılanlar «qara piar» kampaniyasının və vətəndaş cəmiyyətinə olan təzyiqlərin tərkib hissəsidir»
Qubad Ibadoğlu “Oxfam”ın çox ciddi hesabatlılığı olan beynəlxalq təşkilatlardan biri olduğunu və bu təşkilatla əməkdaşlıq çərçivəsində “Oxfam”ın maliyyə hesabatlarına kifayət qədər ciddi yanaşdığının şahidi olduqlarını, həmçinin buna əməl etdiklərini deyir. Q.Ibadoğlu yalnız yerli “Oxfam”la işlədiklərini və bütün fəaliyyətlərinin bələdiyyələrdə büdcə şəffaflığının artırılmasına yönəldildiyini qeyd etdi: “Bu layihələr 2000-2008-ci illərdə həyata keçirilib. 2008-ci ildən sonra ”Oxfam”dan maliyyə dəstəyi almamışıq. Yalnız Avropa Birliyinin layihəsi çərçəvəsində “Oxfam”la əməkdaşlığımız olub. O da bir il bundan əvvəl başlayan ictimai maliyyənin idarə edilməsi mövzusunda büdcə şəffaflığına həsr olunmuş layihə olub. 2000-2008-ci illərdə “Oxfam”la əməkdaşlıq nəticəsində ayrılan vəsaitin təxminən dörddə biri bələdiyyələrin inkişafına yönəldilib. Bələdiyyələr üçün 150-yə qədər kompüter dəsti alıb vermişik. Onları texniki təchizatla təmin etmişik. Vergi və maliyyə uçotunu daha da təkmilləşdirmək üçün lazım olan proqramlarla təchiz etmişik. Fəaliyyət bundan ibarət olub. Yəni orda erməni izi axtarmağa, siyasiləşdirməyə heç bir əsas yoxdur. Bütün vergilər, ödənişlər, sosial ayırmalar qəpiyinə qədər ödənilib, hesabatlar verilib, auditor yoxlamasından keçirilib. Bu barədə dövlət orqanları, hesabat verdiyimiz Vergilər Nazirliyi, Sosial Müdafiə Fondu və digər təşkilatlar kifayət qədər məlumatlıdır. 8 ildə 17 layihədən söhbət gedir. Ilə təxminən 2 layihə iə bələdiyyələr üçün xidmətlər göstərmişik və onların inkişafına töhfə vermişik. Yazılanlar şantaj xarakteri daşıyır, qarayaxmalardır”.
Q.Ibadoğlunun sözlərinə görə, yazılanlar “qara piar” kampaniyasının və vətəndaş cəmiyyətinə olan təzyiqlərin tərkib hissəsidir. Azərbaycan cəmiyyətində fəaliyyəti, konstruktiv mövqeyi, apardığı təhqiqatların obyektivliyi və peşəkarlığı ilə seçilən belə təşkilatları hədəfə götürüblər. Bu isə yanlış yoldur: “Azərbaycan hökumətinin imzaladğı beynəlxalq öhdəliklər var. Hökumət vətəndaş cəmiyyəti, xüsusilə də qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqla bağlı öhdəliklər götürüb. Bura beynəlxalq şəffaflıq təşəbbüsü daxildir. Biz də o təşəbbüs çərçivəsində bu qlobal işin Azərbaycanda tətbiq olunması məqsədi ilə vətəndaş cəmiyyəti olaraq zaman-zaman öz töhfəmizi vermişik. Bundan sonra da davam etdirəcəyik. Azərbaycan bu təşəbbüslərə beynəlxalq səviyyədə qoşulub ki, bu öhdəlikləri vaxtında və keyfiyyətlə yerinə yetirsin. Biz də öz işimizi bu çərçivədə bundan sonra da davam etdirmək əzmindəyik”.
Q.Ibadoğlu sözü gedən yazının sifarişli olduğu və siyasi məqsədlər güddüyünü da qeyd etdi: “Dəfələrlə dəvət olunmağıma baxmayaraq, ümumiyyətlə, heç vaxt Ermənistanda olmamışam. Hansı beynəlxalq təşkilatlarda ermənilərlə müzakirələrdə iştirak etmişəmsə, Azərbaycanın haqlı mövqeyini müdafiə etmişəm. Özüm də Qarabağdan olan bir vətəndaş, ziyalı kimi ermənilərin iştirak etdiyi tədbirlərdə bu konfliktin bizə vurduğu maddi, mənəvi ziyanlar barədə məlumatlar təqdim etmişəm. Göstərmişəm ki, Azərbaycanın bu sahədə mövqeyi haqlıdır”.
Q.Ibadoğlu istənilən sualları cavablandırmağa, hesabat verməyə hazır olduqlarını deyir: “Hər zaman həm hakimiyyət, həm də qeyri-hökumət səviyyəsində şəffaflığın tərəfdarı olmuşuq. Hər il hesabat konfransları keçirməklə, auditor yoxlamaları aparmaqla və eyni zamanda öz fəaliyyətimiz barədə ictimaiyyəti məlumatlandırmaqla ortaya nümunələr qoymuşuq. Nəinki fəaliyyətimiz, hətta səfərlərim barəsində də ictimaiyyət üçün məlumatlar hazırlayıb təqdim edirəm. Ictimaiyyət bilməlidir ki, vətəndaş cəmiyyəti təmsilçisi hansı konfransda iştirak edir. Bundan sonra da yenə həm burdakı proqram fəaliyyətimiz, həm də səfər proqramımız çərçivəsində öz işimizi indiyəqədərki səviyyədə davam etdirmək niyyətindəyik. Bu yazıların da bizim mövqeyimizə, fəaliyyətimizə heç bir təsiri yoxdur. Bu yazılar heç bir fakta, heç bir istinada, heç bir arqumentə əsaslanmır. Fəaliyyətimizdə siyasi məsələlərlə əlaqəli yalanlar və uydurmalar var”.
Q.Ibadoğlu bu yazılar haqqında artıq ictimai rəyin də formalaşdığını deyir. Bu prosesdə kimin suçlu, kimin haqlı olduğunu ictimaiyyət bilir: “Sifarişlər davam edir. Təbii ki, bu bizim reputasiyamıza da təsirsiz ötüşmür. Amma yenə də şəffaf və hesabatlı fəaliyyətin tərəfindəyəm. Təzyiqlərin qarşısında vətəndaş cəmiyyətinin Azərbaycanda inkişafı üçün fəaliyyətimi qoruyacam. Biz Azərbaycanda vətəndaş cəmiyyətinin məhv olmasına, sıradan çıxarılmasına yol verməyəcəyik. Düşünürəm ki, bunu Azərbaycan hakimiyyətində də başa düşən sağlam qüvvələr var. Onlar bizə bu prosesdə dəstək olacaqlar”.

Zöhrab Ismayıl: «Oğru elə bağırır ki, doğrunun bağrı yarılsın»
Azad Iqtisadiyyata Yardım Ictimai Birliyinin rəhbəri, REAL hərəkatının üzvü Zöhrab Ismayıl yazılanların şantaj xarakterli olduğunu deyir: “Vaxtilə Xocalı qətliamını ermənilər deyil, özümüzünkülərin törətdiyini iddia etdiyinə və Azərbaycan dövlətini terrorla təhdid edən yazıları tirajladığına görə ittiham edilən və buna görə həbs olunmuş bir adamın bu məsələrdən danışmağa dili olmamalıdır. O, indi ”Molotov kokteylləri”ndən yazmaqla və onların şəkillərini tirajlamaqla əslində, yenə də dolayısyla Azərbaycan dövlətini terrorlarla təhdid etməklə məşğuldur. Yazılarında açıqca Rusiyanın mövqeyindən çıxış edərək guya ABŞ və Avropa dövlətlərinin Azərbaycanda inqilab hazırladıqlarını ortaya atmaqla, hansı “bulaqdan su içdiyini” ortaya qoyur. Təsadüfi deyildir ki, vaxtilə o həbsdə olarkən prezident Ilham Əliyev ABŞ dövlət katibinin müavini Daniel Fridlə söhbətində “Eynulla Fətullayevin rus hərbçilərinin hazırladığı məlumatlara istinad edərək Qarabağ müharibəsi zamanı azərbaycanlıların bir-birini öldürdüyünü yazdığını” dilə gətirmişdi. Bildiyiniz kimi, bu barədə “Vikiliks”in yaydığı məxfi hesabatlarda qeyd olunub. Indi bu adam guya kimlərisə “baqaja” qoymaqla daha böyük mükafatlar almaq istəyir. Amma yaxşı olar ki, açıqlasın görək “şər vərəqələrini” hansı pullar hesabına çıxarır və Ukraynadan, Almaniyadan belə jurnalistlərini hansı vəsait hesabına yollayır? Bir müddət əvvəl beynəlxalq donorlardan aldığı təxminən 300 min dollar qrantı hara xərcləyib və hesabatlarını nə vaxt verəcək? Buyursun, rəhbərlik etdiyi QHT-nin Maliyyə Nazirliyinə təqdim etməli olduğu və mətbuatda dərc etməli olduğu maliyyə hesabatlarını açıqlasın. Oğru elə bağırır ki, doğrunun bağrı yarılsın”.
Fizzə


