Daxili Işlər Nazirliyi Şüvəlan bazarındakı olaylara reaksiya verdi
“Şüvəlan bazarında polislərlə satıcılar arasında heç bir münaqişə olmayıb” – bunu “Azadlıq”a Daxili Işlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyib.
Onun sözlərinə görə, sadəcə, Xəzər rayonunda abadlıq işləri həyata keçirilir: “Rayonun ümumi görünüşünə xələl gətirən, ayrı-ayrı şəxslər tərəfindən özbaşına tikilmiş dükanlar, piştaxtalarla bağlı müəyyən tədbirlər görülür. Polis də ictimai asayişin mühafizə funksiylarını həyata keçirib. Ancaq orada da hər hansı bir formada, bazarda çalışan insanlarla münqaişə olmayıb”.
Qeyd edək ki, mayın 26-da Şüvəlan bazarında sahibkarlarla polis arasında qarşıdurma barədə məlumat yayılmışdı. Bu barədə “Azadlıq”a yerli sakinlər məlumat vermişdi.
Sakinlərin sözlərinə görə, qarşıdurmaya səbəb polis rəisinin bazarın qarşısında təşkil olunan ticarətin yığışdırılmasına göstəriş verməsidir. Sahibkarlar buna etiraz edib. Polis etirazın qarşısını almağa çalışıb. Bu zaman qarşıdurma yaranıb, nəticədə xəsarət alanlar olub.


