Vergilər Nazirliyi “Qanun” nəşriyyatının və “Qanun” jurnalının külli miqdarda vergini ödəməkdən yayındığını bildirərək 150 min manat cərimə kəsib. Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu mayın 30-da “Media forum” saytına nəşriyyatın hazırkı durumdan danışıb.
Şahbaz Xuduoğlu bildirib ki, iş üzrə məhkəmələr davam edir: “Məhkəmənin yekun qərarı yoxdur hələ. Cəriməni qanunsuz sayırıq və Vergilər Nazirliyinin çıxardığı qərardan şikayətçiyik. Məhkəmə cəriməni azalda da bilər, saxlaya da. Bilmək olmaz.
Hazırda bank hesabları bağlıdır, vergi orqanlarının götürdüyü sənədlərimiz geri qaytarılmayıb. İşimizin həcmi xeyli dərəcədə azalıb. Beş nəfər işçimiz ixtisar olunub. Ümumiyyətlə, əhval-ruhiyyə çox aşağıdır. İnamsız və depressiya vəziyyətində işləyirik. Çalışırıq ki, işi bir müddət belə davam etdirək. Görək məhkəmənin qərarı necə olacaq”.


