Hakimiyyətin qoşulduğu “dəyər”

Qoşulmayanlara qoşulmaq bizi hara aparır?

Uzun illərdi “daxili və xarici siyasət” ifadəsi qulaqlarımızın ən çox eşitdiyi ifadələrdi. Daxildə yürüdülən siyasətlə yaxından tanışıq və bu siyasətin “qəlpə”ləri 20 ildən çoxdur canımızdadır. Xarici siyasətimiz isə, o qədər  çevik və mürəkkəbdir ki, tanış olmağa da qorxuruq. Bir az özümüzə gəlib tanış olmaq istəyirik ki, analoqsuz  hökumətimiz xarici siyasətin “sükan”ını dəyişir. Deyirlər Qərbə gedirik, xəbər tutursan ki, Şərqdədilər. Deyirlər, mütərəqqi qurumlara qoşuluruq, sonradan məlum olur ki,  qoşulmayanlara qoşulublar. Yəni bizim daxili siyasətimiz kimi, xarici siyasətimizdə də bütün “janr”lar var.

Xarici siyasətin “qoşulmamaq prinsipi”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Qoşulmamaq Hərəkatının” 17-ci Nazirlər görüşündə çıxışı zamanı bildirib ki, Azərbaycan Qoşulmamaq Hərəkatının prinsip və məqsədlərinə xüsusi əhəmiyyət verir. 

Bu nə deməkdir? O hansı prinsipdir ki, rejim böyük əhəmiyyət verir?

Təbii ki, söhbət demokratik islahatlardan və insan haqlarından getmir. Qeyd edək ki, “Qoşulmamaq Hərəkatı” 1961-ci ilin sentyabr ayında 25 ölkənin iştirakı ilə Belqradda yaradılıb. Bu hərəkat ilk olaraq hərbi bloklara qoşulmamaq prinsipini  özündə birləşdirir. Aydındır ki, Azərbaycanın bu birliyə qoşulmasının əsas səbəbi, Qərbin demokratiya çağırışlarından yayınmaqdır. Yəni Azərbaycan hakimiyyəti xarici siyasətdə də  “xaric oxuyur” və hər zaman haqqında danışdığı antiteror əməliyyatlarının əksinə çıxış edir. Bugünə qədər Azərbaycan antiterror əməliyyatlarında NATO ilə əməkdaşlıq çərçivəsində addımlayıb və Kosova, Əfqanısatan, Iraqdakı fəaliyyət də bunun sübutudur. Digər tərəfdən, Azərbaycan Avropa Şurası Nazirlər Kabinetinə sədrlik edir, ATƏT-lə daimi partnyorluğu var, MDB-nin üzvüdür, dünyanın nəhəng ölkələri ilə sıx əməkdaşlıqda maraqlı olduğunu söyləyir. Nəticədə bəlli olur ki, hakimiyyətin məqsədi bizi geriliyə qoşmaqdır. Elmar Məmmədyarovun “Biz, həyəcanla beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılmasında xroniki uğursuzluğun bəzi işarələrini müşahidə edirik. Beynəlxalq birliyin bəzi aktyorlarının beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsiplərinə məhəl qoymaması ciddi narahatlıq yaradır” deməsi, xüsusilə “diqqətəlayiq”dir.  Təsəvvür edin ki, bütün “rol”lara girib-çıxan hakimiyyət, beynəlxalq aləmin bəzi aktyorlarını hüquqi normaları pozmaqda ittiham edir. Hüquqi normaların pozulması, hakimiyyətimizi o qədər həyəcanlandırıb ki, çıxış yolunu “qoşulmamaqda” görüblər. Bunlar beynəlxalq aləmdən küsəndə “it hürən tərəfə” qaçmağa üstünlük verirlər. Maraqlı burasıdır ki, hakimiyyətin qoşulduğu hərəkatın lokomotivi  olan ölkələr demokratiyanı “xoxan”kimi qəbul eləyirlər. 

Bizi özünə qoşanlar

Xarici siyasətimizə rəhbərlik edən Elmar müəllim deyib ki, Azərbaycan demokratikləşmənin inkişafı, milli və beynəlxalq səviyyədə insan hüquqlarına hörmət və sosial ədalət üçün davamlı addımlar atır. Təsəvvür edin ki, bu sözlər  Əfqanıstan, Anqola, Baham, Banqladeş, Bəhreyn, Barbados,  Burkino-Faso, Burundi, Kamboca, Kare-Verde, Mərkəzi Afrika Respublikası, Çad, Kolumbiya, Kot-d’Ivuar, Kuba, Cibuti,   Eritreya, Qvatemala, Qvineya, Qvineya-Bissau, Qayana, Honduras, I Keniya, Koreya, Liviya, Mərakeş, Mozambik,  Nigeriya, Papua-Qvineya, Səudiyyə Ərəbistanı,  Somali, Şri-Lanka, Sudan, Surinam, Tanzaniya, Trinidad və Tobaqo,  Türkmənistan, Uqanda, Venesuela, Zimbabve və digər “”demokratiyadan qaçan”lara deyilir. Demokratiya tələb edən vətəndaşları həbs edib, demokratik dünyanın çağırışlarına arxa çevirib, sonra demokratiyaya hörmətdən danışmaq, yalnız Azərbaycansayağı “balans” siyasətinə uyğun gəlir. Görünür, hakimiyyətin “xarici siyasət” fəlsəfəsinə görə, demokratiyadan qaçaraq, demokratikləşmək mümkündür. Bizi özünə qoşan ölkələrin, hansı dəyərlərə qoşulduğu isə, göz qabağındadır.

“Qoşulmamaq Hərəkatı” Qarabağı qaytaracaq

Nazirimiz bu mühüm tədbirdə onu da vurğulayıb ki, “Qoşulmamaq Hərəkatı” ədalətin və beynəlxalq münasibətlərdə qanunun aliliyinin həqiqi müdafiəçisi qismində çıxış edir. 

Əvvəla qeyd edək ki, bu hərəkata qoşulan ölkələrin bir çoxunda hələ də qeyri-insani ənənələr davam etməkdədir. Məslən, qız övladı dünyaya gətirən ananın daş-qalaq edilməsi, xristian vətəndaşa ərə gedən qadının edam olunması, nikahdankənar doğulmuş körpənin 2 yaşından sonra öldürülməsi və digər “adət-ənənə”lər, məhz bu hərəkata qoşulan ölkələrdə müşahidə olunur. Körpə uşağın öldürülməsini sıradan hadisə kimi qiymətləndirən bir hökumətin, qanun və ədalətə hansı aspektdən yanaşdığı aydın məsələdir.

Digər tərəfdən, hakimiyyət bir qayda olaraq Qarabağ məsələsindən söz düşəndə, “ədalət” ifadəsini bayraq edir. Indi, “Qoşulmamaq Hərəkatı”nı ədalətin həqiqi müdafiəçisi kimi təqdim edən hakimiyyət, yəqin ki, Qarabağ münaqişəsinin həllini  bu qurum vasitəsilə təmin edəcək. Yəni Zimbabve, Keniya, Somali, Əfqanıstan, Şri-Lanka, Mozambik və digər  “super güclər” ədalətli həll modelinin qarantı olacaq.  Deməli, daha bir 20 il də “Lazım”ı “qoşulmayanlar”ın arasında axtaracağıq.

Zamanın qoşulduğu dəyər

Mövcud hakimiyyət 20 ildir xalqı zərərli siyasətinə qoşub, arxasınca çəkir. Hakimiyyətin “yol”unun üstündəki maneələr isə, “kürü”, bahalı hədiyyələr, böyük vəsaitlər hesabına dəf edilib. Indiki mərhələdə isə, bu “vasitə”lər cazibədarlığını itirməkdədir. Çünki rejim maşınının təkərləri, yeni yollara uyğunlaşa bilmir. Yeni standartlara uyğunlaşan “təkər”i almaqda da maraqlı görünmürlər. Deməli, bu “maşın” mütləq reysdən çıxmalıdır. Növbəti dayanacaqda “yanacaq” da tükənəcək. Artıq zamanın öz təkəri var və qoşulduğu dəyərlərə doğru irəliləyir. Köhnə təkərlər isə, ayaq altında qalmağa məhkumdur. Bir sözlə, cəhalətə doğru gedənlərin  yolu bağlanıb.

Ilham Hüseyn