Fəzail Ağamalı: «Elmar Vəliyev Yevlaxdan seçilməyimə razı olmadı»
Deputat Fəzail Ağamalı Gəncənin icra başçısı Elmar Vəliyevi ittiham edib. O, modern.az-a müsahibəsində deyib ki, Elmar Vəliyev Yevlaxın icra başçısı olduqda onun bu rayondan deputat seçilməsinə qarşı olub: “Sonradan rayona Elmar Vəliyevi başçı təyin etdilər.
O, Gəncə Texnologiya Institutunda dərs deyəndə tələbəm olub, münasibətimiz də yaxşı idi. Mənim alternativlərimdən biri də onun qardaşı idi, bu məsələyə görə problem yarandı. Hətta deputat seçiləndə qardaşı məni təbrik etdi, artıq hər şey unudulmuşdu. 2005-ci ildə yenidən namizədlik məsələsi ortaya çıxanda münasibətlər dəyişdi.
Elmar o cür insanlardandır ki, öz hakimiyyətini zərrə qədər də kiminləsə, hansısa şəkildə bölüşdürməyə razı deyil. Onun xarakterində bu var. Məsələn, bildiyim qədər indi onunla Gəncədən seçilən deputatlar arasında da problem yaşanmaqdadır. Bu, ola bilsin ki, onun idarəçilik prinsipindən, xarakterindən irəli gəlir. Hər halda, ikinci dəfə birmənalı olaraq mənə deyildi ki, artıq Elmar Vəliyev Yevlaxdan seçilməyimə qəti razı deyil, hətta namizədliyim qeydiyyata alınsa, hər cür maneçilik törədə bilər. Bundan sonra prosesləri daha da gərginləşdirməmək üçün Salyan rayonundan namizəd oldum”.


