Moskvada Azərbaycanla bağlı tədbirdə ABŞ və Fransa ittiham olundu
Rusiya Federasiyasının Beynəlxalq Əməkdaşlıq və İctimai Diplomatiya Komissiyasının rəhbəri, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Respublika Gününə həsr olunmuş “Yeni Azərbaycan: nailiyyətlər, çağırışlar, perspektivlər” adlı dəyirmi masada çıxış edərkən deyib ki, Dağlıq Qarabağda indiki status-kvo 20 il bundan əvvəlki qüvvələr nisbətinin nəticəsi və əksidir: “Lakin o vaxtdan qüvvələr nisbəti əsaslı surətdə dəyişib. Azərbaycanın iqtisadiyyatı, hərbi büdcəsi, silahlanma səviyyəsi Ermənistanla müqayisəyə gəlməz. Amma bu toplanmış qüvvənin konkret realizə olunması ilə bağlı problem var. Müharibə yolu çətin yoldur, çünki qeyri-sabit vəziyyət yaratdığından investisiyalara zərbə vurur və beləliklə, dəyişən qüvvələr nisbətinin əsasını sarsıdır”.
Sergey Markovun fikrincə, Qarabağ probleminin sülh yolu ilə həlli daha çox Minsk qrupunun mövqeyi üzündən çətindir: “Rusiya müəyyən dərəcədə buradakı güclü Azərbaycan və erməni diasporlarının mövqeyini əks etdirir. ABŞ-da və Fransada isə Azərbaycanın təsiri minimaldır və erməni diasporu mütləq üstünlük təşkil edir. Buna görə də ABŞ-ın və Fransanın mövqeyi bu məsələnin həllində çəkindirici amildir. Minsk qrupunun fəaliyyətsizliyinə görə məhz ABŞ və Fransa başlıca məsuliyyət daşıyırlar”.
Politoloqun fikrincə, Minsk qrupunu fəallaşdırmaq üçün Azərbaycan-ABŞ və Azərbaycan-Fransa formatında dəyişikliklər olunmalıdır: “Rusiya həm Azərbaycan, həm də Ermənistanla mehriban qonşuluq və dostluq münasibətlərindədir. Düzdür, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və Avrasiya İttifaqına daxil olmağı planlaşdırır. Düşünürəm ki, gələcəkdə Azərbaycanın da Türkiyə ilə birlikdə Avrasiya İttifaqına girməsi maraqlı olardı”
Xəbəri AzərTAc yayıb..


