Iran səfiri Pak Ayin YAP funksioneri kimi danışdı
Fuad Qəhrəmanlı: «Hakimiyyətin anti-qərb ritorikasının güclənməsi, Iran üçün fürsətə çevrilib»
Iranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin IRNA agentliyinə müsahibə verib və bir sıra məqamlara toxunub. Səfir Azərbaycanda Irana qarşı fəaliyyət göstərən təşkilatlardan danışıb və onların ABŞ-dan maliyyələşdiyini bildirib: “Biz həmin qrupların bütün fəaliyyətlərini müşahidə edirik. Onların sayı 50 nəfərdən çox deyil və Iranın milli təhlükəsizliyinə zidd addım kimi hər hansı bir xüsusi narahatlıq yoxdur. Çünki həmin qrupların sayının çox olmaması səbəbindən siyasi baxımdan təsir gücləri də yoxdur. Ancaq həmin qruplar ABŞ Konqresinin maddi-mənəvi dəstəyi sayəsində mediadakı öz mövqelərini yaxşılaşdırmağa çalışırlar” – deyə səfir bildirib.
Daha sonra səfir qeyd edib ki, bu qruplar Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin düşüncələrinə bağlıdır. Və əlavə edib ki, bu qrupun nümayəndələri Azərbaycanda keçirilmiş ən son prezident seçkilərində çox az səs toplayaraq, məğlub oldu.
Görünür Iran səfiri son seçkilərlə bağlı ATƏT-in, ABŞ Departamentinin və digər beynəlxalq qurumların rəyindən xəbərsizdir və seçkilərin saxtalaşdırıldığını əks etdirən 100-lərlə foto, video faktı görməyib.
AXCP sədri Fuad Qəhrəmanlı hesab edir ki, Iran səfiri diplomatik etikaya zidd olan fikirlər səsləndirib və reallığı əks etdirməyən məqamlara istinad edir: “Iran səfirinin açıqlaması yersizdir və Azərbaycanın daxili işlərinə qarışmaq cəhdirir. Maraqlıdır ki, ABŞ səfirinin qlobal məsələ sayılan demokratiya və insan haqları ilə bağlı çağırışına, aqressiv münasibət sərgiləyən hakimiyyət orqanları, Iran səfirinin daxili siyasətə müdaxiləsinə səssiz qalır. Əvvəla Azərbaycanda seçkilərdə hansı qüvvələrin iştirak etməsi, kimin hansı səviyyədə səs toplaması Iran səfirinin səlahiyyətlərinə daxil olan məsələ deyil. Digər tərəfdən, son prezident seçkilərində həqiqi qələbəni kimin əldə etməsi də, hakimiyyətin bu seçkini necə saxtalaşdırması da hamıya məlumdur”.
Ekspert onu da əlavə etdi ki, Iran səfirinin belə açıqlaması Azərbaycan hakimiyyətinin ABŞ-a qarşı hücumundan qaynaqlanır: “Sadəcə olaraq, hakimiyyət tərəfindən anti-qərb ritorikasının güclənməsi, Iran üçün fürsətə çevrilib və Azərbaycandakı demokratik qüvvələri Amerikanpərəst kimi təqdim etməyə başlayıblar. Çünki, Azərbaycandakı müxalifət qərbə inteqrasiyanın tərəfdarıdı, Iran isə bu seçimi təhlükə kimi görür. Iran səfirinin bu fikirləri həm də, demokratik dəyərlərin daşıyıcılarına qarşı hakimiyyətin repressiv siyasətini stimullaşdırmaq və Azərbaycan hakimiyyəti ilə eyni mövqeyi paylaşmaqdı. Iran səfiri böyük səhv edir. Azərbaycan müxalifəti heç bir ölkə tərəfindən maliyyələşmir və heç bir qüvvəyə bağlılığı yoxdur. Əgər, beynəlxalq təşkilatların, demokratik dünyanın Azərbaycandan demokratik islahatlar tələb etməsindən və bu mənada Azərbaycan müxalifətinə dəstək verməsindən söhbət gedirsə, bu qlobal bir məsələdir və heç bir ölkənin daxili işi deyil. Çünki, Azərbaycan hakimiyyəti beynəlxalq aləm qarşısında öhdəlik götürüb və bu öhdəliyə əməl etməlidir. Bu baxımdan Iran səfirinin fikirləri diplomatik etikaya ziddir və reallıqla səsləşmir”.
Akif


