Leyla Yunus prokurorluğa getməkdən imtina etdi

Hüquq müdafiəçisi bəyan edib ki, qanunsuz götürülmüş sənədləri qaytarılmayana qədər ifadə verməyəcək

«Yəqin ki, polislər yenidən evimə hücum edəcək…»

Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus dünən yenidən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə çağırılıb. Bu barədə “Azadlıq”a məlumat verən hüquq müdafiəçisi bildirib ki, o, prokurorluğa getməkdən imtina edib. Leyla Yunus imtinanın səbəbini də açıqlayıb: “Səhər saat 10:05-də müstəntiq Ibrahim Ləmbəranski mənə zəng edərək dedi ki, saat 2-də prokurorluğa gəlməliyəm.

O, dəvətin məqsədini açıqlamadı. Mən isə ona dedim ki, qanunsuz götürüb bu günə qədər qaytarmadığınız maliyyə sənədlərimi, evimin mülkiyyət şəhadətnaməsini, mənim və həyat yoldaşımın pasportunu verin, sonra gəlib ifadə verim. Ibrahim Ləmbəranski sanki məni eşitmirdi. Dedi ki, saat 14.00-da prokurorluqda ol. Mən də cavab verdim ki, saat 13.00-da sənədlərimi göndərin, 14.00-da mən də prokurorluqda olum”.

Hüquq müdafiəçisinin sözlərinə görə, günorta saat 12:30-da prokurorluq işçiləri evinə gələrək, qapını döysələr də, açmayıb: “Soruşdum ki, pasportlarımızı gətirmisiz, dedilər ki, yox, istintaqa çağırış vərəqəsi gətirmişik. Mən də qapını açmadım. Onlar gedəndən sonra gördüm ki, çağırış vərəqəsini qapının ağzına qoyublar. Orada sabah (bu gün) saat 14:30-da prokurorluğa gəlməyim yazılıb. Getməyəcəm, tələb edirəm ki, sənədlərimi qaytarsınlar”.

Leyla Yunus deyir ki, hətta 2011-ci ildə Şəmsi Bədəlbəyli küçəsində sökülmüş evinin mülkiyyət şəhadətnaməsini də götürüblər: “Yeri gəlmişkən, həmin sökülən evimin pulunu bu günə qədər mənə ödəməyiblər. Düşünürəm ki, sabah (bu gün-red.) növbəti dəfə evimə hücum edəcəklər. Polis zorakılığı olacaq. Jurnalistlərə bu barədə məlumat vermişəm. Hamı görsün ki, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən ölkədə polis hüquq müdafiəçisinə qarşı necə zorakılıq edir”.

Prokurorluqda QHT-lərlə bağlı cinayət işi başlanıb

Hüquq müdafiəçisi barəsində cinayət işi başlanması, ona qarşı mənimsəmə, vergidən yayınma ittihamlarının irəli sürülməsi haqda yayılmış məlumatları təkzib edib: “Çağırış vərəqəsində göstərilib ki, məni yenə Rauf Mirqədirovun işi üzrə şahid qismində dindirəcəklər. Mənə qarşı heç bir cinayət işi yoxdur. Sadəcə, bildiyimə görə, Avropa və Amerika təşkilatlarıyla işləyən QHT-lərlə bağlı cinayət işi başlanıb, bu istiqamətdə adamlar dindirilir. Jurnalist Aynur Imranova da bu gün (dünən-red.) həmin iş üzrə dindirilib”.

Xatırladaq ki, Leyla və Arif Yunuslar aprelin 28-də beynəlxalq tədbirə gedərkən Bakı aeroportunda saxlanılıb. Onlara qarşı rəsmən heç bir ittiham irəli sürülməyib. Lakin Leyla Yunus jurnalist Rauf Mirqədirovla bağlı cinayət işi üzrə dindirilib, mənzilində, ofisində axtarış aparılıb.

Müstəntiq hesabına həbs qoyulan jurnalistdən nəyi soruşub?

Yeri gəlmişkən, jurnalist Aynur Imranova dünən vəkili Xalid Bağırovun iştirakı ilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində dindirilib. Jurnalist “Azadlıq”a açıqlamasında bildirib ki, ona əsasən xarici donorlardan alınan qrant və qonorarlarla bağlı suallar verilib, alınan vəsaitlərə görə vergi ödənilib-ödənilmədiyi soruşulub.

Istintaq sirrini yaymamaqla barədə iltizama imza atdığını deyən jurnalist dindirmənin detalları barədə danışmayıb. Xatırladaq ki, bir müddət əvvəl Aynur Imranovanın bank hesablarına həbs qoyulub. Jurnalistin sözlərinə görə, dindirmə zamanı bu problemin həllini müstəntiqdən soruşub. Bildirilib ki, növbəti bir həftə ərzində bu məsələ ilə əlaqədar ona hər hansı məlumat veriləcək.

Xalid Bağırov deyir ki, jurnalistin bank hesablarına məhkəmə qərarı ilə həbs qoyulub. Orada göstərilib ki, fakt üzrə CM-nin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə başlanmış cinayət işinin istintaqı ilə əlaqədar belə bir qərar verilib. Vəkil onu da qeyd etdi ki, bank hesabları üzərindən həbsin götürülməsi üçün gələn həftə məhkəməyə müraciət olunacaq.

Ramin DEKO