
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım edib.
Azadliq.info xəbər verir ki, Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla idarənin rəhbərliyi Respublika Uşaq Onkologiya Mərkəzinə gedərək, onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara mənəvi dəstək olub. Şeyx xəstə uşaqların olduğu palatalara bir-bir girərək onlara baş çəkib. Onlara lazımi tibbi ləvazimatlar, eləcə də sovqatlar paylanıb.
Şeyx uşaqlara noutbuk, Quran-i Kərim və oyuncaqlar hədiyyə edib.
Baş onkoloq Cəmil Əliyev xoşməramlı addımına görə QMİ sədrinə minnətdarlığını bildirib. “Bu bizə böyük dayaq və köməkdir”.
“Mərkəzə inkizator adlı aparat gətirmişik. Uşaqlara hədiyyələr təqdim edilib. Mən buradan imkanlı olan insanları, qurumları az da olsa uşaqlara köməyə dəvət edirəm. Sizi bura özümü göstərmək üçün toplamamışam. Bura ona görə yığmışam ki, bəlkə kiminsə ürəyi yumşalıb uşaqlara yardım əlini uzada. İctimai kömək böyük qüvvədir. O insanlara ruh verir”, – deyə Allahşükür Paşazadə qeyd edib.
Şeyxülislam tədbiri işıqlandıran jurnalistlərə 3 cildlik “Kəşf-ül-Həqayiq” kitabı və qələm də hədiyyə edib.


