«Səhiyyə Nazirliyinin yaydığı məlumat həqiqətə uyğun deyil»
Ziyafət Hüseynli: «Nazirliyin belə bir məlumat yaymaqda məqsədi öz günahlarını ört-basdır etməkdir»
“Səhiyyə Nazirliyinin yaydığı məlumat həqiqətə uyğun deyil” – bunu “Azadlıq”a mayın 15-də Elmi-Tədqiqat Kardiologiya Institutunda qətlə yetirilən Mayıl Hüseynovun qardaşı Ziyafət Hüseynli deyib.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli mətbuata açıqlamasında bildirib ki, qətli törədən Hüseynağa Cəlilov artıq tutulub, bıçaqlanan Mayıl Hüseynov isə hadisə yerində dünyasını dəyişib: “Şahidlərin dediyinə görə, hadisəyə səbəb siqaret çəkmə olub. Belə ki, 1952-cı il təvəllüdlü Mayıl Hüseynov palatada siqaret çəkib və bunun üstündə 1946-cı il təvəllüdlü Hüseynağa Cəlilovla mübahisəsi yaranıb. Mübahisə nəticəsində Hüseynağa Cəlilov Mayıl Hüseynovu bıçaqla vurub. Zərbə onun ürək nahiyəsinə dəydiyindən, Mayıl Hüseynov hadisə yerindəcə ölüb. Hadisə ötən gün (15 may – red.) gecə saat 12 radələrində baş verib. Palatada olan digər xəstələrə hadisə zamanı ziyan dəyməyib. Təbii ki, istintaq nəticəsində hadisənin dəqiq səbəbləri məlum olacaq”.
Ziyafət Hüseynli qardaşı Mayıl Hüseynovun heç vaxt siqaret çəkmədiyini deyir: “Qardaşım indiyə qədər nə siqaret çəkib, nə də spirtli içki qəbul edib. Bunu nəinki qohumlarım, hətta onu tanıyanlar da təsdiq edər”.
Ziyafət Hüseynlinin sözlərinə görə, qardaşı ixtisasca mühasib olub: “Uzun müddət Saatlı rayon həmkarlar təşkilatında mühasib işləyib. Rayonun Quşçuluq-Broyler fabrikinin baş mühasibi, sonra isə direktoru vəzifələrində çalışıb. Son üç ildə ürək ritminin pozuntusundan, şəkərli diabet xəstəliyindən əziyyət çəkib. Hər 7-8 aydan bir Bakıdakı xəstəxanaların birində müalicə alır. Sonuncu iki dəfə müalicə kursunu Elmi-Tədqiqat Kardiologiya Institutunda keçib”.
Ziyafət Hüseynli bizimlə söhbətində bildirdi ki, qardaşını qətlə yetirən şəxs Hüseynağa Cəlilovun 68 yaşı var: “Bunun da 38 ilini türmədə keçirib. Qardaşım üç gün idi ki, Saatlı rayon xəstəxanasının göndərişi əsasında Elmi-Tədqiqat Kardiologiya Institutunda müalicə olunurdu. Onunla bir palatada Hüseynağa Cəlilov və Yaşar adlı xəstə də qalırdı. Hüseynağa hər gün içki qəbul edib, həm xəstələri, həm də tibbi personalı narahat edirmiş. Hətta bir neçə dəfə növbətçi həkim və tibb bacılarını təhdid edərək onlardan siqaret almalarını tələb edib. Hadisə baş verən gün Hüseynağa Cəlilov yenə içkili olub. Səhər saatlarında xəstəxanada səs-küy qopub. Qardaşım oranı tərk etmək istəyib. Həkimlər məsələhət görüb ki, qısa zamanda palatası dəyişiləcək. Hüseynağa Cəlilova isə sakitləşdirici iynə vurub yatızdırırlar. Axşam saat 23 radələrində Hüseynağa Cəlilov ayılıb. Qardaşımla Yaşar həmin vaxt yataqda olublar. Hüseynağa xəstələrə hücum çəkib. Yaşar ondan canını qurtara bilsə də, Mayıla 5 bıçaq zərbəsi vurub. Qardaşım hadisə yerindəcə keçinib”.
Ziyafət Hüseynli deyir ki, nazirliyin belə bir məlumat yaymaqda məqsədi öz günahlarını ört-basdır etməkdi: “Hüseynağa Cəlilov birinci gün içkili olub bu hadisəni törətsəydi, bu, başadüşülən idi. Halbuki o, hər gün içir, nəinki xəstələri, hətta həkimləri belə bıçaqla hədələyir, onlardan siqaret, araq almalarını tələb edirdi. Onun bu hərəkətinə görə vaxtında addım atılsaydı, belə bir faciə baş verməzdi”.


