SMDT-nin taleyi necə olacaq?

Samir Kazımlı: «Mərkəzin gələcək fəaliyyəti haqda qərar kollegial formada qəbul olunacaq»

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli, icraçı direktor Bəşir Süleymanlı həbsdədir. Qurumun koordinatoru Samir Kazımlı “Media forum” saytına deyib ki, həbslər çətinlik yaratsa da, mərkəz işləyir və fəaliyyətini davam etdirmək niyyətindədir: “SMDTM-in dövlət qeydiyyatına alınmaması ilə bağlı şikayətə Avropa Insan Hüquqları Məhkəməsində baxılır. Təşkilatın qeydiyyata alınması istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

Anar Məmmədlinin və Bəşir Süleymanlının həbsi mərkəz üçün yeni situasiya yaradıb. Mərkəzin gələcək fəaliyyəti haqda qərar kollegial formada qəbul olunacaq. Tez bir zamanda təşkilatın ümumi yığıncağının keçirilməsi nəzərdə tutulub.

Hakimiyyətin niyyəti o idi ki, təşkilatı seçki proseslərindən kənarda saxlasın. Buna görə də SMDTM-ə hər zaman təzyiqlər olub və Anar Məmmədli ilə Bəşir Süleymanlının həbs edilməsi də həmin təzyiqlərin davamıdır. SMDTM bu təzyiqləri siyasi sifariş hesab edir. Bütün bunlara baxmayaraq SMDTM fəaliyyətini davam etdirmək niyyətindədir”.

Mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Anar Məmmədliyə 5 il 6 ay, qurumun icraçı direktoru Bəşir Süleymanlıya 3 il 6 ay həbs cəzası verilib. Eyni iş üzrə mühakimə olunan  Könüllülərin Beynəlxalq Əməkdaşlığı Ictimai Birliyinin rəhbəri Elnur Məmmədova isə 3 il 6 ay şərti həbs cəzası kəsilib. Onların hər biri maliyyə xarakterli cinayətlərdə təqsirli biliniblər.