Aslan Bayramov Sumqayıtda bir sıra vəzifəli şəxsləri ittiham edir
Sumqayıt şəhər Icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Idarəsinin rəisinin keçmiş köməkçisi, hazırda həbsdə olan Bayram Aslanov ölkə başçısı Ilham Əliyevə müraciət edib. Müraciətin bir surəti də redaksiyamıza daxil olub. Bayram Aslanov müraciətində deyir: “Mən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Dənizçilik məktəbinin məzunu olmuşam və hərbi məktəbin leytenant hərbi rütbəsini və diplomumu almışam.
Ordu sıralarında bir müddət xidmətdən sonra səhhətimlə əlaqədar olaraq təxris olunmuşam. Sonra isə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi Idarəsində donanmaya texniki xidmət bazasında baş mühəndis vəzifəsində xidmət etmişəm ki, bu müddət ərzində də mülki donanmaya qəbul olunan bir neçə neft tankerinin qəbulu komissiyasının daimi üzvü olmuşam. Bu gəmilərin Azərbaycanda açılışı zamanı Sizdən təşəkkür almışam. Ziyalı ailəyə və nəsilə malik olmuşam.
Hal-hazırda 3 saylı Istintaq Təcridxanasında Sumqayıt şəhər Polis Idarəsi tərəfindən qanunsuz olaraq həbs edilmişəm. Barəmdə 178.3.2-ci maddəsi ilə başlanılmış cinayət işinin qanunsuz olaraq başlandığını nəzərinizə çatdırmaq istəyirəm. Belə ki, Sumqayıt Şəhər Icra Hakimiyyətində işlədiyim vaxt ərzində şəhərin abadlıq və quruculuq işlərində böyük təşəbbüs göstərmişəm. Lakin sonralar Icra Hakimiyyətinin başçısının müavini Sahib Quliyevin, Memarlıq və Şəhərsalma Idarəsinin rəisinin müavini Kamil Məmmədovun və Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıt şəhər Idarəsinin rəisi polkovnik Vüqar Əliyevin qanunazidd əməllərinin iştirakçısına çevrilmişəm. Adlarını sadaladığım şəxslər öz vəzifə səlahiyyətlərindən istifadə edərək özlərinin və yaxın tanışlarından onları şəhərdəki ticarət obyektləri barəsində yaranmış problemlərini həll edəcəklərinə söz verərək onlardan mənim vasitəmlə pul almışlar, lakin heç biri verdikləri sözə əməl etməyiblər. Bundan sonra öz əməllərini ört-basdır etmək üçün vəzifə səlahiyyətlərindən istifadə edərək məni həbs etdirmişdilər. Dəfələrlə müraciətimə baxmayaraq ki, başlanmış cinayət işinin Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilsin, hər dəfəsində də rədd cavabı almışam.
Sizdən xahişim odur ki, başlanılmış cinayət işinin ətraflı araşdırılması və yuxarıda adlarını sadaladığım şəxslərin məsuliyyətə cəlb olunması barəsində hüquq mühafizə və hökumət orqanlarına göstəriş verəsiniz”.
Qeyd edək ki, Bayram Aslanov bundan əvvəlki məktubunda müraciətdə adını çəkdiyi vəzifəli şəxsləri ittiham etmişdi. Lakin DIN-in mətbuat xidmətindən “Azadlıq”a bildirilmişdi ki, Bayram Aslanovun ittihamları əsassızdır və özünümüdafiə xarakteri daşıyır.


