Qərbə dirsək, İrana reverans

Əfv siyahısına Qərbin tələb etdiyi şəxslərin yox, İran vətəndaşlarının adı salındı

Mehman Əliyev: «Düşünürəm ki, cəmiyyəti müəyyən mənada razı salacaq əfv fərmanı iyun ayında olacaq»

Azərbaycanda 130-dan çox siyasi məhbus var. Bunlardan 30-a yaxını beynəlxalq təşkilatlar tərəfindən “vicdan məhbusu” elan edilib. Bir qayda olaraq beynəlxalq aləm Azərbaycan hakimiyyətindən bu şəxslərin azad edilməsini tələb edir.  Ancaq Ilham Əliyevin əfv fərmanları bir qayda olaraq həm yerli ictimaiyyəti, həm də beynəlxalq aləmi məyus edir. 

Son günlər siyasi məhbuslarla bağlı beynəlxalq təzyiq yenidən gündəmə gəlib. AŞPA sədri Bakı səfəri zamanı siyasi məhbuslar məsələsinin prioritet olduğunu vurğuladı və Ilqar Məmmədovla bağlı xüsusi münasibət bildirdi. Avropa Şurasının baş katibi Tornborn Yaqland Ilham Əliyevlə görüşündə bu məsələni yenidən qaldırdı. Eyni zamanda Avropa Məhkəməsi Əli Insanovla bağlı qərar qəbul etdi. “Amnisty International” təşkilatı NIDA-çı gənclərlə bağlı kampaniyaya başladı. ABŞ-ın Şimali Qafqaz üzrə eksperti “siyasi məhbus” məsələsinin birdəfəlik həll olunmasının vacibliyini bildirdi. Fransa prezidenti Bakı səfərində ölkə başçısı ilə siyasi məhbuslar məsələsini müzakirə etdi. Bir sözlə, bütün görüşlərdə, səfərlərdə siyasi məhbusların azadlığı tələb olundu.

Bütün bunlara baxmayaraq, Ilham Əliyevin sonuncu əfv fərmanı da, demək olar, siyasi məhbuslar məsələsini həll etmədi.

Əksinə, Ilham Əliyevin əfv siyahısına nəzər salanda, başqa mənzərənin şahidi oluruq. Belə ki, sonuncu əfv fərmanında 10-dan çox Iran vətəndaşı azadlığa çıxıb. 

Belə nəticəyə gəlmək olur ki, budəfəki əfv fərmanında qərbin deyil, Iranın tələbləri yerinə yetirilib. Azərbaycanla Iran arasında münasibətlər soyuqdur və tərəflər arasında həll olunmamış xeyli məsələ var. Keçmişə ekskurs etsək, Iranın Azərbaycana nota verməsini, Azərbaycanda Iran səfirliyinin qarşısında Xomeyninin təhqir olunmasını, Azərbaycan vətəndaşlarının Iranda saxlanmasını, Ilham Əliyevin Irana dəvətdən imtina etməsini və s. görmək olar. Deməli, baş verənlər Irana sevgidən qaynaqlanmır. Sadəcə, Qərbdən demokratiya çağırışı intensivləşəndə, hakimiyyət istənilən tərəfə yıxılmağa meylli görünür və demokratik dünyaya göstərmək istəyir ki, təzyiq güclənəndə mənim seçimim başqa cür ola bilər.

“Turan” Informasiya Agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, Iran vətəndaşlarının azadlığa buraxılması bir jestdir və daha böyük əfv iyun ayında olacaq: “Düşünürəm ki, cəmiyyəti müəyyən mənada qane edən əfv fərmanı iyun ayında olacaq. Iyun ayının 15-i 20-si arası belə bir əfv olacağı gözlənilir. Iran vətəndaşlarının əfvə düşməsinə gəlincə, bunu münasibətlərin normallaşdırılması üçün növbəti jest hesab etmək olar. Çünki Həsən Ruhaninin prezidentliyi dövründə müəyyən münasibətlər bərpa olunub. Uzun müddətdən sonra Ilham Əliyev Iran dəvətini qəbul etdi və müəyyən sahələrdə əməkdaşlıqla bağlı sazişlər imzalanıb. Indiki halda verilən qərar da bu münasibətlərin istiləşməsinə mesajdır. Bir daha qeyd etmək istəyirəm ki, Gələn ay Ilham Əliyevin Strasburq səfəri öncəsi, müəyyən addımlar atılacaq”.

Akif