«Səbəb keyfiyyətsiz səhiyyə və tibbi sığortanın olmamasıdır»
Azərbaycanda arzuladığı keyfiyyətli tibbi xidməti görməyən vətəndaşların İrana üz tutması geniş hal alıb. Bu günlərdə bu statistikanı İranın Azərbaycandakı səfiri Möhsin Pakayin Təbrizdə jurnalistlərə açıqlamasında bildirib ki, ildə bir milyon Azərbaycan vətəndaşı müalicə məqsədi ilə İrana səfər edir. Səfir Azərbaycan vətəndaşlarının əsasən Tehran, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil əyalətlərinə səfər etdiklərini bildirib.
İldə bir bir milyon adamın yerli səhiyyəyə etibar etməyib İrana üz tutması kiçik göstərici deyil.
İrana müalicə üçün üz tutanlar bunu qonşu ölkənin səhiyyəsinin keyfiyyəti ilə yanaşı ucuzluğuna görə də edir. Bu ölkədə dərmanların qiyməti və eyni zamanda keyfiyyəti isə ölkəmizlə ümumiyyətlə müqayisəyə gəlmir.
Bakıda özəl klinikalarda nəinki müalicə olunmaq, hətta müayinədən keçmək ölkə vətəndaşlarının əksəriyyəti üçün əlçatmazdır. Dövlət xəstəxanalarında da isə müayinə və müalicə bəzən bir neçə aylıq əmək haqqı qədər olur. Vətəndaşlar məcburiyyət qarşısında qalıb axırınca pulunu dərmana versə də, bir çox hallarda nəinki müalicənin faydasını görmür, əksinə, pullarının boş yerə xərcləndiyinin şahidi olur. Bütün bunlardan sığortalanmaq üçün isə çıxış yolu kimi irana getmək qalır. Təbii ki, İranda müayinə və müalicə nə qədər ucuz olsa da, müəyyən məbləğ tələb edir. Dəfələrlə bu bu ölkəyə müalicə üçün üz tutanların sözlərinə görə, xəstəliyin axırlığındna asılı olaraq bütün xərclər daxil olmaqla bir dəfəlik səfər 200-500 manat arasında dəyişir. Bu isə ildə bir 200-500 milyon manat deməkdir. Normal səhiyyəsi olacağı təqdirdə bu məbləğ hər il Azərbaycan büdcəsinə daxil ola bilərdi. Lakin nə vaxta qədər ki, ölkədə keyfiyyətli səhiyyə və tibbi sığorta yoxdur bu hal davam edəcək.
Keyfiyyətli səhiyyə ilə yanaşı bu sahədə rüşvətin geniş yayılması da problemin həllinə mane olur. Artıq səhiyyə sistemində rüşvətin geniş yayıldığını və qarşısının alınmasının çətin olduğunu rəsmilər də dəfələrlə etiraf edib. Hökumət rəsmiləri etiraf etməsə də, bunun əsas səbəblərindən biri səhiyyə sistemində əmək haqqında aşağı olmasıdır. 150-200 manat əmək haqqı alan tibbi işçisindən pulsuz və keyfiyyətli iş tələb etməklə problemi aradan qaldırmaq mümkün deyil.
Xəstələrin qonşu ölkələrə üz tutmasının qarşısını almaq, həmçinin ölkədə normal səhiyyə sistemi yaratmağın yolu isə dəfələrlə deyildi kimi “İcbari tibbi sığorta haqqında” qanunun tətbiqidir. Lakin qanun 15 ildir tətbiqini gözləyir. Daha nə qədər gözləyəcəyi məlum deyil. Məlum olan odur ki, bu illərdə vətəndaşlar milyardla manat vəsait xarici ölkələrdə müalicəyə və dəmanların alınmasına sərf edib.
Qeyd edək ki, tibbi sığorta icbari və könüllü şəkildə həyata keçirilir. İcbari tibbi sığorta həm dövlət sosial sığortasının tərkib hissəsidir, həm də əhalinin uyğun həcmdə tibbi və dərman yardımı almasına təminat verir.
Dəfələrlə vurğulandığı kimi, tibbi sığortanın tətbiqi ilk növbədə hakimiyyət təmsilçilərinin maraqlarına cavab vermir. Əks halda bu məsələ çoxdan həllini tapardı. Çünki tibbi sığortası olan vətəndaşların müalicəsi pulsuz aparılır. Səhiyyədəki rüşvət və korrupsiyanın arxasında dayanan məmurların qazancına ciddi təsir edəcək.
Fizzə


