Xaçmazda iki yeniyetmənin intiharının kökündə də bu problem dayanır
Azad Isazadə: «Rəsmi nikah bağlanmayana qədər kəbinlər qadağan olunmalıdır»
Xaçmazda iki gəncin meşədə intihar etməsi hadisəsi ölkəyə əks-səda yaradıb. Söhbət sevmədiyi oğlana nişanlanan qızın sevdiyi oğlanla birlikdə meşədə intihar etməsindən gedir.
Baş Prokurorluqdan verilən məlumata görə, mayın 24-də Xaçmazın Nabran qəsəbəsi yaxınlığındakı meşə massivində rayon sakini olan 1998-ci il təvəllüdlü Quliyev Vasif Yaşar oğlunun ağacdan asılmış vəziyyətdə, ondan bir qədər aralıda isə Hacıqurban-oba kənd sakini, 1997-ci il təvəllüdlü Tağıyeva Nərgiz Nurməmməd qızının meyiti aşkar olunub.
Hər iki faktla əlaqədar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 və 125-ci maddələrilə cinayət işi başlanıb. Iş üzrə ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizaları təyin edilib.
Baş Prokurorluqdan bildirilib ki, ilkin istintaqla V.Quliyev ilə N.Tağıyevanın Xaçmaz şəhəri 2 saylı tam orta məktəbdə paralel siniflərdə oxuduqları və bir-birilərini sevdikləri müəyyən edilib: “Lakin iki ay öncə Nərgiz Tağıyeva Ukraynada yaşayan qohumuna nişanlandığından son günlərdə onların hər ikisi intihar etmək barədə düşünüb. Ilkin fərziyyəyə görə, Vasif Quliyev özündə olan bel kəməri ilə əvvəlcə Nərgiz Tağıyevanı boğaraq öldürüb, daha sonra isə həmin kəmərlə özünü ağacdan asaraq intihar edib”.
Son illərin intihar faktlarına diqqət yetirəndə insanların özünəqəsdə müxtəlif səbəblərdən əl atdığı məlum olur. Konkret Xaçmazdakı hadisəyə gəlincə, valideynin bu yaşda övladını ailə qurmağa məcbur etməsinin belə məşum hadisə ilə nəticələnməsi bəlkə də başqalarına dərs olmalıdır. Çünki kiçik yaşlarda ərə verilmələrin müxtəlif problemlər və bəlalar gətirməsi barədə nə qədər yazılıb-deyilsə də, belə hallar hələ də davam edir. Üstəlik, faciələrə gətirib çıxarır.
Psixoloq Azad Isazadə hadisəyə başqa bir prizmadan yanaşaraq, problemin həlli yollarını göstərir. Psixoloq hesab edir ki, qanuni nikah yaşına qədər dini kəbinlərə də icazə verilməməlidir: “Rəsmi nikah bağlanmayana qədər birmənalı şəkildə kəbinlər qadağan olunmalıdır. Yeniyetmələri, əsasən də qızları məcburən ərə verirlər və nikah bağlanmır. Üç-dörd ildən sonra da məişət zəminində olan cüzi məsələlərə görə onları evdən qovub ata evinə göndərirlər. Bəzən həmin azyaşlılar əlində uşaq aciz vəziyyətdə qalır”.
Azad Isazadə qeyd edir ki, məsələ burada artıq psixoloji müstəvidən çıxaraq başqa bir məna kəsb edir. Onun sözlərinə görə, problemi dövlət səviyyəsində həll etmədən nəyəsə nail olmaq çətindir: “Bu işə rəvac verən mollaları isə cinayət məsuliyyətinə cəlb etmək lazımdır ki, bu səpkidə intiharla nəticələnən hadisələr baş verməsin”.
Nigar


