Bakı sakini Fikrət Cəfərov mülkiyyət hüququnun pozulması ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət edib. Bir surəti də “Azadlıq” qəzetinə göndərilən müraciətdə deyilir:
“Cənab,Prezident!
Məlumat üçün bildirirəm ki, Bakı şəhəri 7- ci mikrorayon 3126- cı məhəllə ünvanında yerləşən sahəsi 140 kv/m torpaq sahəsi və üzərində 135,88 kv/metrlik 6 otaqlı mənzilin tam hüquqlu mülkiyyətçisiyəm. Bakı Metropoliteni tərəfindən həmin sahənin metro inşası ilə bağlı dövlət ehtiyacları üçün alınması nəzərdə tutulmuşdur. Həmin əmlakın qiymətləndiriməsi üçün “ƏQD” MMC –yə sifariş verilmişdir. “ƏQD” MMC 19 aprel 2012-ci ildə həmin əmlakın qiymətləndirilməsini aparmış və əmlakı 50 000 (əlli min) manat dəyərində qiymətləndirmişdi. Lakin“ƏQD” MMC- dən fərqli olaraq digər müstəqil qiymətləndirici şirkətlər “Az-Qiymətləndirmə Mərkəzi” həmin sahəyə və tikiliyə 220 000 (iki yüz iyirmi min) manat civarində, “MBA LTD”MMC tərəfindən isə 150100 (yüz əlli min yüz)manat dəyərində qiymət qoyulmuşdu.”Bakı Metropoliteni”nin əmlak qiymətləndirilməsi üzrə sifariş verdiyi şirkətlə müstəqil şirkətlərin qiymətləndirməsi arasındakı bu fərq onu göstərir ki, metro rəhbərliyi əmlakların düzgün qiymətləndirilməməsində maraqlı olub.Əks təqdirdə belə bir fərq yaranmazdı.
Cənab Prezident!
Sizin tövsiyyələrinizdən,çıxışlarınızdan vətəndaşlara bəllidir ki, dövlət əhməyyətli obyektlər tikilərkən əhalinin maddi durumu nəzərə alınmalı, köçürüləcək əhali mülkiyyətçi olduğu üçün onunla razılıq əldə olunmalıdı. Mənzil şəraitini yenidən qura bilməsi üçün hər kv/metrə sahəyə 1500 manat vəsait ayrılması tövsiyyə edilmişdir.Təəssüflə qeyd etməliyəm ki, “Bakı Metropoliteni” tərəfindən bu tövsiyələr nəzərə alınmamış və bu günkü bazar qiymətləri ilə uzlaşmayan vəsaitin ayrılmasına və mülkümün sökülməsinə göstəriş verilmişdir. Nəticədə mənə məxsus mülk sökülmüş və mənə heç bir kompensasiya ödənilməmişdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, oğlum 1-ci qrup əlildi. Ailədə heç kim işləmir. Mən 6 nəfərlik ailə üzvümlə Bakı şəhərində özümə mənzil ala bilmirəm. Bu gün Bakı Metropoliten tərəfindən mənə təklif olunan hər kv/ metrə 360 manat məbləğ bazar qiymətləri ilə uzlaşmamsı ilə yanaşı 6 nəfərdən ibarət ailə üzvlərimi mənzilsiz qoyub. Dəfələrlə Bakı Metropoliteninin rəhbərliyinə və Tikilən Bakı Metropoliteninin Müdriyyətinin rəisi vəzifəsində çalışan Arif Rəsulova müraciətlərimə baxmayaraq heç bir nəticə əldə etməmişəm. 6 nəfərdən ibarət ailəmin mənzillə təminatına məsuliyyətli,aztəminatlı ailə başçısı kimi bu haqqızlıqlar məni narahat edir. Metropolitenin keçmiş rəisi Tağı Əhmədov və onun yaxın qohumu olan Arif Rəsulovun bu hərəkətləri dövlət qulluqçuları və onlara bərabər tutulan şəxslərə dair etik qaydalara ziddir və özü- özlüyündə bu qohumluq halı vətəndaşın hüquqlarının pozulmasına xidmət edir.
Qeyd edim ki, həmin ərazidə məskunlaşan qaçqın və köçkün ailələri ərazidən köçürüldükdən sonra həmin mənzillərə özlərinə yaxın insanlar yenidən qeydiyyata alınaraq,bazar qiymətinə uyğun vəsaitlə təmin edilmişlər. Belə olan halda bir daha qanuna zidd və dövlət əmlakının mənimsənilməsi hallarına yol verilmişdi .Təbii, bu qanunsuzluqlar əhalinin köçürülməsinə cavabdeh şəxslər tərəfindən həyata keçirilmişdir. Bütün bu hallarla bağlı müraciətlərim cavabsız qalmışdı. Nə Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov, nə də metro tikintisinə rəhbərlik edən Tağı Əhmədovun müavini və yaxın qohumu olan Arif Rəsulov tərəfindən haqlı müraciətlərimə baxılmamışdır. Təəssüflər olsun ki,mənə və ailəmin yerləşdieilməsinə ayrılan heç bir bazar qiyməti ilə uzlaşmayan,qeyri qanuni hesablanan cuzi vəsaiti də bu günədək ala bilmirəm.
Cənab,Prezident!
Mən dəfələrlə Sizə məktublarla müraciət etməyimə baxmayaraq heç bir tədbir görülmədiyi üçün mətbuat vasitəsi ilə bir daha müraciət etmək məcburiyyətində qaldım. Ümüd edirəm ki, yuxarıda qeyd etdiklərimin qanuni yolla araşdırılmasına və müvafiq tədbirlərin görülməsi üçün nəzarətin gücləndirilməsinə göstəriş verəcəksiniz”.


