Yeni media proyekti işə düşür

«EuroMediaNews» qrupunda sürpriz adlar və geniş fəaliyyət müşahidə edəcəksiniz»

 
Bugünlərdə NATO Əməkdaşlıq İnstitutunun direktoru Fərrux Məmmədov yeni bir media proyektinin işə salınacağı barədə öz facebook profilində xəbər yaydı. Əməkdaşımız onunla əlaqə saxlayaraq bu layihənin təfsilatı ilə maraqlanıb. Fərrux Məmmədov azadlıq.info-ya layihə barədə danışıb. 
“Hesab edirəm ki, yeni media layihəsi Azərbaycan üçün bir neçə baxımdan əhəmiyyətlidir. İndi faktiki vəziyyət belədir ki, Azərbaycanda azad mətbuatın bir şəbəkə olaraq mövcudluğundan danışmaq mümkün deyil. İstər, çap, istər elektron formatda olan ciddi mətbuat vasitələri sıradan çıxarılır və bu proses davam edir. Müstəqil TV barədə isə danışmağa dəyməz və Azərbaycan izləyicisi bunun haqqında çoxdan unudub. Ölkədə müstəqil mətbuatın olmaması yalnız Azərbaycan vətəndaşlarını deyil, xaricdəki azərbaycanlıları və dünyada Azərbaycanla əlaqəli olan bütün insanları və qurumları informasiya blokadasına alıb. Ölkədə baş verənlər barədə məlumat yaymaq medya qurumları üçün risqli bir fəaliyyətə çevrilib. Biz bir qrup olaraq, bu ağır durumu dəyişmək üçün öz xidmətimizi təqdim edirik. Həyata keçirməyə hazırlaşdığımız layihəni də, məhz, buna görə, yalnız Azərbaycan dilində deyil, həm də ingilis dilində təqdim etməyi planlaşdırmışıq. Beləliklə, onu demək istəyirəm ki, bu yaxınlarda işə salacağımız sayt Azərbaycan və ingilis dillərində olacaq. Amma bizim planımız yalnız bir xəbər-yorum saytı ilə məhdudlaşmır. Eyni zamanda, bütün dünyaya səpələnmiş  Azərbaycan dilli xəbər izləyicilərini bir online radioda da birləşdirəcəyik. Çalışacağıq ki, radio interaktiv olsun, çox operativ olmağa cəhd edəcəyik. Yaxın gələcəkdə isə gündəlik TV yayımı ilə Azərbaycan seyrçisinin görüşünə gələcəyik və proyektin bu hissəsi də, əsasən xəbər xidmətindən ibaret olacaq”.
Yeni layihənin hansı prinsiplər əsasında işləyəcəyini anladan Fərrux Məmmədov bildirdi: “Biz informasiya blokadasının  qaldırılması haqqında danışırıq. Eləcə də, Avropaya inteqrasiyanın azərbaycan cəmiyyəti üçün zəruri ehtiyac olduğunu buraya əlavə etsək, yeni layihənin prioritetləri bəlli olur. Biz bir medya qrupu olaraq şəffaf cəmiyyət və azad informasiya tərəfdarlarıyıq”.
Fərrux Məmmədov israrla bildirir ki, yeni media layihəsini həyata keçirməyə başlayan qrup kifayət qədər iddialıdır. Bəs bu iddiaların daşıyıcıları kimlərdir? Yəni, yeni medya qrupuna kimlər daxildir?
F. Məmmədov bu barədə dedi: “Azərbaycan mətbuatında və ictimai sektorda brend sayılacaq adamlar az deyil,  amma çox da deyil. Biz də brend sayılan insanlarla işləyəcəyik. Bu qrupda sürpriz adlarla qarşılaşacaqsınız. Ən yaxın zamanlarda kollektivin tərkibi elan ediləcək və cəmiyyətimiz iddialarımızın arxasında ciddi imkanların oldğunun şahidi olacaq. Bu, yeni yaradılan «EuroMediaNews» Qrupunun böyük layihəsidir və güman edirəm ki, bu qrup ölkənin ən ciddi medya kollektivlərindən biri kimi dərhal qəbul ediləcək.  İnformasiya işinin təşkilinə rəhbərlik edən şəxslərdən tutmuş, jurnalsitlərə qədər hər kəs imzasına sayğı duyulan jurnalistlərimizdən ibarət olacaq, tecniki personalın isə peşəkarlar arasından seçiləcəyinə təminat veririk.  Təkrar edirəm ki, biz yalnız Aərbaycan oxucusunu deyil, eyni zamanda dünya oxucusunu da nəzərdə tuturuq və buna görə də bütün xəbər və yorum servisimiz  həm də ingilis dilində təqdim olunacaq”.
azadliq.info