İsmət Abbasovun mükafatlandırılması narazılıq yaradıb

Keçmiş nazir «Şöhrət»ə layiq nə iş görüb?

 

Vahid Məhərrəmov: «Hökumət və prezident səviyyəsində də etiraf olunub ki, İsmət Abbasovun dövründə kənd təsərrüfatı sahəsinə ayrılan maliyyə vəsaitləri müxtəlif formada talan edilib»

Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev baş nazirin müavini İsmət Abbasovu “Şöhrət” orden ilə təltif edib. Artıq məmurların yubiley hədiyyəsinə çevrilən «Şöhrət» ordeni keçmiş nazirə aqrar sahədə göstərdiyi xidmətlərə görə verilib.

O aqrar sahə ki, məhz İsmət Abbasovun nazir olduğu dövrdə inkişafdan qalan və ən çox tənqid olunan sahələrdən olub. Artıq bir neçə aydın kənd təsərrüfatı naziri vəzifəsindən çıxarılan İsmət Abbasovun yerinə gələn Heydər Əsədov bu sahənin bərbad vəziyyətdə olduğunu üzə çıxarıb. İsmət Abbasovun kadrlarının yeni nazir tərəfindən işdən azad edilməsi də onların fəaliyyətinin yarıtmazlığından xəbər verir. Hətta dövlət başçısı müşavirələrin birində subsidiyaların təyinatı üzrə xərclənmədiyini bildirib. Bu sahədə korrupsiya hallarının mövcudluğunu diqqətə çatdırıb. Həmin vaxt da kənd təsərrüfatı naziri məhz Ismət Abbasov idi. İsmət Abbasovun kadrları olan “Aqrolizinq”in bir neçə əməkdaşı qanunsuz əməllərinə görə həbs edilib. 

Belə olan halda «Şöhrət» ordeni İsmət Abbasovun hansı xidmətlərinə görə verilib?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov İsmət Abbasovun vaxtında kənd təsərrüfatı nazirliyinin fəaliyyəti müsbət istiqamətdə heç bir addım atlmadığını deyir. Hökumət və prezident səviyyəsində də etiraf olunub ki, İsmət Abbasovun dövründə kənd təsərrüfatı sahəsinə ayrılan maliyyə vəsaitləri müxtəlif formada talan edilib. Ayrılan subsidiyalar mənimsənilib: ««Aqrolizinq» tərəfindən texnikalar alınmalı idi, orda bir çox hallarda mənimsəmə hallarının şahidi olmuşuq. Ölkəyə gətirən cins mal-qaranın arasında ölüm faktları kifayət qədər çoxludur. Elə bir sahə yoxdur ki, orda bir irəlləyiş olsun. Əslində İsmət Abbasov nazir olana qədər ölkəyə idxal olunan kənd təsərrüfatı məhsullarının həcmi onun fəaliyyəti dövrü ilə müqayisədə xeyli az idi. 2004-cü ildə vəzifəyə gələnə qədər 300 mln dollar dəyərində ərzaq, yeyinti məhsulları idxal edilmişdi. Halbuki indi bu rəqəm 1 mlrd 300 mln dollardır».

Ekspertin sözlərinə görə, İsmət Abbasov hakim ailəyə olduqca yaxın adamdır. Daha çox bu səbəbdən mükafatlandırılır. Əslində aqrar sahəni ona qurban verdilər. Çünki onun fəaliyyəti gövründə aqrar sahədə  ciddi geriləmələr var. Ona görə də uzun müddət bu sahəni bərpa etmək çətin olacaq».

Fizzə