“Nida”çı məhbuslar apellyasiya şikayəti verir

“Nida” Vətəndaş Hərəkatı üzvlərinə çıxarılan hökmdən apellyasiya şikayətləri verilir. “Nida”çı gənclərə hökm mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində oxunub. Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadə 8 il, Məmməd Əzizov, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Ötən ilin mart-aprel aylarında tutulan gənclər əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. Hökmə görə, gənclər 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar.

Mayın 26-da “Media forum” saytına danışan vəkil Əsabəli Mustafayev deyib: “Bu gün Rəşad Həsənov, Üzeyir Məmmədli, Şahin Novruzlu, Bəxtiyar Quliyev və Məmməd Əzizovun apellyasiya şikayətlərini Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edəcəm. Qalan gənclərin şikayətini isə digər vəkillər təqdim edəcək”.