Elxan Şahinoğlu: «Azərbaycan Türkiyə ilə strateji müttəfiq olduğundan Qərb ölkələri ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olmalıdır»
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycana səfər edib. Səfərin əsas məqsədi Azərbaycan və türkmənistanlı həmkarları ilə birlikdə iclas keçirməkdir. İclasda xarici işlər nazirləri enerji sahəsi və regional müstəvidə əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edəcəklər.
Həmçinin nazirlərin iclasında beynəlxalq məsələlərin də müzakirə edilməsi gözlənilir.
Bu səfər Azərbaycanın Qərb institutları, həm də ABŞ səfiri ilə münasibətləri gərginləşdirdiyi bir dövrə təsadüf edir. Hakimiyyət nümayəndələrinin verdiyi bəyanatlar, Avropa Birliyi ilə assosiativ sazişi imzalamaq niyyətindən uzaq olduğunu açıqlaması bu münasibətlərin hələ bir müddət gərgin olacağını deməyə əsas verir. Belə olan halda tərəflərin köməyinə Türkiyə gələ bilər. Bəs Azərbaycanın ən yaxın müttəfiqi rəsmi Bakının Qərblə münasibətlərini normallaşdırmağı bacaracaqmı? Nəzərə alaq ki, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun və İsveçrənin prezidenti və xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterin yaxın vaxtlarda ölkəmizə səfəri gözlənilir. Bu səfərlər ərəfəsində Türkiyə rəsmi Bakının mövqeyinin müəyyən qədər yumşalda biləcəmi?
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycanın Qərblə əməkdaşlığını genişləndirməyə məhkum olduğunu deyir. Çünki bölgədə təhlükələr var və bu təhlükələrdən qurtulmaq üçün bütün istiqamətlərə önəm verilməlidir. Əsasən Türkiyə, Avropa Birliyi və ABŞ-la əməkdaşlıq davam etdirilməlidir: «Hakimiyyət faktiki olaraq bu istiqamətlərdə əməkdaşlığı davam etdirir. Baxmayaraq ki, Avropa Birliyi ilə assosiativ anlaşmanı imzalamayıb. Əsas enerji resurslarımız Avropa Birliyi ölkələrinə istiqamətlənib. Bütün amilləri nəzərə alıb onsuz da ABŞ və Avropa Birliyi ilə əməkdaşlığı genişləndirməyə məhkumdur. Türkiyə isə Azərbaycanın strateji müttəfiqidir və artıq bölgədə fəal oyunçuya çevrilib. Azərbaycan və Türkiyənin iştirakı ilə artıq üç əməkdaşlıq formatı var. Bunlar Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə və üçüncü indi işə başlayacaq Azərbaycan-Türkiyə-Türkmənistan formatıdır. Bu formatlarda Türkiyənin rol onyaması Azərbaycanın da maraqlarına da xidmət edir. Çünki Gürcüstan-Azərabycan-Türkiyə formatı strateji müttəfiqlərin formatıdır. Amma Azərbaycanın İran və Türkmənistanla münasibətlərində müəyyən suallar var. Bu formatlarda Türkiyə müstət rolunu oynaya bilər».
Türkiyənin Qərblə Azərbaycan arasında körpü rolunu oynamasına gəldikdə, ekspert Ankaranın da Qərblə münasibətləri zaman-zaman bəzi problemlərin ortaya çıxdığını deyir. Amma Türkiyə əsas əməkdaşlıq istiqaməti kimi Qərbi seçib. Qərbin maliyyə və siyasi institutları ilə əməkdaşlıq edir, NATO üzvüdür, ABŞ-la strateji tərəfdaşlığı var. Azərbaycan da Türkiyə ilə strateji müttəfiq olduğundan Qərb ölkələri ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olmalıdır.
Ekspertin sözlərinə görə, Azərbaycan hakimiyyəti şəxsi maraqlarından çıxış edərək Qərblə münasbətlərdə bəzi problemlər yaşayır. Amma Azərbaycanın dövlət və təhlükəsizlik maraqları Qərbin siyasi, iqtisadi, maliyyə institutları ilə sıx əməkdaşlıqdan keçir: «Azərbaycan hakimiyyəti bu əməkdaşlığın sürətin biraz azalda bilər. Amma tam imtina etməsi mümkün deyil. Çünki İran və Rusiyadan müəyyən təhdidlər yenə də var. Qərbin müəyyən təşkilatları ilə problem yaşansa da, Qərblə əməkdaşlıqdan başqa alternativi yoxdur».
Fizzə


