akarimli-yeni4

“Əliyevi qətiyyən dövlət maraqları düşündürmür”

«Avropa İlham Əliyev və komandası üçün arzuolunmaz coğrafiyaya çevrilib»

«İmkan olsaydı İlham Əliyev nəinki Asiya, hətta Afrika sammitinə də gedərdi»

Əli Kərimli: «Ermənistana 2 milyardlıq silah verəndə, hakimiyyət Rusiya səfiri ilə bu tonda danışmadı»

Son günlər Azərbaycan hakimiyyəti ölkəmizin strateji müttəfiqi olan ABŞ-a qarşı kampaniyaya başlayıb. Hakimiyyət düşərgəsində I.Əliyev istisna olmaqla, demək olar, hər bir iqtidar yetkilisi ABŞ səfiri Riçard Morninqstarın, Vaşinqtonun ünvanına sərt ittihamlar yağdırıblar. Hər şey ABŞ səfirinin “Azərbaycan hökuməti monolit deyil” bəyanatından başladı desək, yanılmarıq. Bu və başqa mesajlara hakimiyyətin cavabı özünü çox gözlətmədi. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev açıq mətnlə ABŞ səfirini hədələdi. Gündəmdəki bu və başqa mövzularla bağlı sualları “Azərbaycan saatı”nın qonağı olan AXCP sədri Əli Kərimli cavablandırıb:

– Əli bəy, əslində ABŞ səfirinə XIN səviyyəsində reaksiya olsa da, hakimiyyət bununla kifayətlənmədi. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev müsahibə verərək səfirin hakimiyyətə ünvanladığı mesajlara daha detallı münasibət bildirdi. Hətta ABŞ bir sıra məsələlərdə ittiham olundu. Nə baş verir?
– Əvvəlla, onu xatırladaq ki, uzun müddət Azərbaycan ictimaiyyəti, hətta bəzi beynəlxalq təşkilatlardan təmsilçilər də ABŞ-ın özünü tənqid edirdilər. Ölkəmizdə son müddətdə elə hadisələr baş verirdi ki, onlara ABŞ daha prinsipial şəkildə qiymət verməli idi. Hətta sosial şəbəkələrdə ABŞ səfirliyinin tez-tez verdiyi “narahatıq” bəyanatı ilə bağlı bir zarafat da yayılmışdı. Yəni adamlar ABŞ-dan daha ciddi reaksiya gözləyirdilər. Nəyə görə belə bir gözlənti var idi? Çünki Azərbaycan hakimiyyətinin yalnız biz vətəndaşların qarşısında öhdəliyi yoxdur. Insan haqlarına hörmət etmək, demokratik seçki keçirmək, ümumiyyətlə, fundamental insan azadlıqlarına hörmət etməklə bağlı Azərbaycan hakimiyyətinin həm də beynəlxalq öhdəlikləri var. Azərbaycan hakimiyyətinin BMT, Avropa Birliyi, ATƏT, Avropa Şurası və sair qurumlar qarşısında öhdəliyi var. Bu baxımdan əslində ABŞ-dan Azərbaycan cəmiyyəti tələb edirdi ki, bir prinsipial münasibət olsun. Təqribən buna yaxın bir bəyanat verilib. Çünki hesab etmirəm ki, səfir deməli olduqlarının hamısını deyib. Səfir qismən insan haqları ilə bağlı vəziyyətdən narahatlığını ifadə edib. Azərbaycan hakimiyyətinə xatırladılıb ki, belə aqressiv siyasət davam edərsə, Azərbaycanda da qeyri-sabitlik yarana bilər. Ölkəmizdə də indi olmasa da, nə zamansa Ukraynadakı kimi hadisələr baş verə bilər və Azərbaycan hakimiyyəti demokratik dəyişikliklərə çağırılıb. Əslində normal bir yanaşmadır. Amma onu da nəzərə alaq ki, ABŞ səfiri bu müsahibəsində Azərbaycan üçün önəmli başqa açıqlamaları da vermişdi. Hökumət heç onlara diqqət belə etmədi.

ABŞ səfiri niyə məhz indi danışdı?

– Hansı idi həmin açıqlamalar?
– ABŞ səfiri Azərbaycanın işğal altında olan yeddi rayonunun azad olunmasını birmənalı şəkildə tələb etdi. Biz bilirik ki, Azərbaycan hökuməti bu istiqamətdə uzun müddət danışıqlar apardı.

– Niyə məhz indi? Rusiyanın regionda son hərəkətlərindən sonra bizim müttəfiqlər üçün fürsətmi yaranıb?
– Əlbəttə ki, Ukraynada baş verənlər Azərbaycanın Qarabağ məsələsində nə qədər haqlı olduğunu ortaya qoydu. Biz hər fürsətdə izah edirik ki, bu gün Krım Ukraynadan hansı yol ilə alınırsa, iyirmi il bundan qabaq Dağlıq Qarabağ da bizdən o yol ilə alınıb. Bunu hər kəs başa düşür və bu yanaşma ABŞ-ın da mövqeyinə təsir edir. Amma istənilən halda, hətta bir qədər gec olsa da, ABŞ səfiri bu müsahibəsində həmin torpaqların qeyd-şərtsiz qaytarılmasını istəyirdi. ABŞ səfiri açıq deyirdi ki, ABŞ Avropa Birliyi ilə birgə Azərbaycanın müstəqilliyinə, dövlət suverenliyinə, təhlükəsizliyinə təminat verən qüvvədir. Açıq ifadə olundu ki, biz olmasaq bəs kim? Həqiqətən də cəmi bir neçə ay bundan öncə Ukrayna böhranının alovlu vaxtında Azərbaycan cəmiyyətində belə bir narahatlıq var idi. O zaman biz başa düşürdük ki, Azərbaycanın müstəqilliyinin təminatının bir hissəsini ABŞ və Avropa Birliyi verməlidir.

Hakimiyyət niyə Rusiyaya qarşı prinsipial deyil?

– Maraqlıdır ki, bu hakimiyyət təxminən on gün öncə Azərbaycana Rusiya təhlükəsinin olduğunu bəyan edirdi…
– ABŞ səfiri Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, işğal altında olan torpaqların qaytarılmasına dəstəyini təklif edir. Sadəcə paralel olaraq demokratik dəyişikliklərə də çağırış etdiyinə görə hədəf seçilir. Amma biz Rusiya tərəfindən həmişə aqressiv siyasət görürük. Diqqət yetirin. Rusiya Ermənistana 2 milyardlıq silah verəndə siz Azərbaycan rəsmilərinin Rusiya səfiri ilə bu tonda danışdığını görmüşdünüz? Xatırlayırsınızmı, hakimiyyət təmsilçiləri Xocalı soyqırımında iştirak edən rus silahlıları ilə bağlı bir dəfə də olsun bu cür prinsipial mövqe nümayiş etdirsinlər? Hələ Heydər Əliyevin sağlığında “20 Yanvar” faciəsinin baş verməsində günahkar olanların siyahısından Primakovun adının çıxarılmasını unutmuşuq? Görün Rusiya tərəfindən Azərbaycana nələr edilib. Amma Azərbaycan hakimiyyəti bütün bunları udub. Burada isə Azərbaycanın dövlət maraqlarının xeyrinə jestlər edilir. Sadəcə olaraq hakim elitaya çağırış olunur ki, elə Azərbaycanın özünün maraqları naminə demokratik dəyişikliklərə getmək lazımdır. Azərbaycan hakimiyyəti aqressiv və isterik bir məsələni çox aydın şəkildə ortaya qoydu. Dövlətçilikdən çox danışmaqla deyil. Əliyev qətiyyən dövlət maraqları haqqında düşünmür. Onların qətiyyən diqqətini cəlb etmədi ki, bu açıqlamaların Azərbaycanın dövlət müstəqilliyinə ciddi təminat verən, Qarabağla bağlı hissəsi var. Bu hissələrə heç fikir vermədilər.

“Kürsümüzə təhlükə varsa, biz sizə düşmənik”

– Fikir vermədilər, yoxsa fikir vermək istəmədilər? Hakimiyyət təmsilçiləri yəqin ki, müsahibəni dinləyəndə onun mətnini oxuyanda bu mesajları görüblər. Yəni ABŞ-dan Azərbaycan hakimiyyətinə ciddi təhlükəmi var ki, iqtidar bu cür kobudluğu edir?
– Nadir hallardan biridir ki, burada hökumət səmimi davrandı. Açıq hərəkətləri ilə jest etdilər ki, bizim bütün fikrimiz kürsümüzü qorumaqdır. Bizim başımızı dövlət müstəqilliyi, suverenlik, Qarabağın taleyi kimi abstrakt şeylərlə aldatmayın. Əgər kürsümüzə təhlükə varsa, biz sizə düşmənik. Qarabağa, Azərbaycana hansı dəstəyi verirsiniz-verin. Amma bizim üçün əsas kürsüdür. Bax bunu Azərbaycan hökuməti çox aydın şəkildə ifadə etdi. Azərbaycan cəmiyyəti də onun fərqində olmalıdır ki, bu gün ona rəhbərlik edənlərin fikri-zikri vəzifədə qalmağı bacarmaqdır.

– Son günlərin hadisələrini təhlil edən zaman maraqlı bir mənzərə ilə rastlaşırıq. Əvvəlcə hüquq müdafiəçisi Leyla Yunusu həbs etmək istədilər. Sonra Fransa prezidenti Azərbaycana səfər etdi və Leyla xanımın da təmsil olunduğu ictimaiyyət nümayəndələri ilə görüşdü. Belə fikirlər var idi ki, baş verən Leyla Yunusla bağlı hadisələri bir qədər səngitdi. Daha sonra Yaqlandın səfəri zamanı siyasi məhbus məsələsi prioritet elan olundu. Ilham Əliyev isə bu səfər ərəfəsində dünyanın tamamilə başqa bir yerində idi. Ilham Əliyev öncə Vyetnama, daha sonra isə Çinə səfər etdi. Bu baş verəni necə izah etmək olar? Xarici siyasətdəki bu addımlar nəyə hesablanıb?
– Son günləri yaxşı təsvir etdiniz. Bir məqamı da mən əlavə etmək istəyirəm. Qərb qurumu olan AŞ PA-nın prezidenti də Azərbaycan hökuməti ilə sərt danışdı. AŞ PA prezidenti siyasi məhbusların azad olunmasını, Azərbaycandan qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsini açıq tələb etdi. Sizin sadaladıqlarınız hamısı onu göstərir ki, bizim Qərbin daha prinsipial olmasıyla bağlı iradlarımız olsa da, Qərb dünyası Azərbaycanı demokratiyaya doğru aparmaq istəyir. Bütün bu çağırışları ümumiləşdirən bir cəhət var. Fransa prezidentindən tutmuş Avropa Şurasının rəhbərinə qədər hamısının çağırışlarında bir ortaq məqam var. O da Azərbaycana demokratiya, insan haqlarının qorunması ilə bağlı çağırışlardır. Beləliklə, Avropa qitəsi Ilham Əliyev və komandası üçün arzuolunmaz coğrafiyaya çevrilib. Burada bunlar rahatlıq tapa bilmirlər. Məni qınamayın. Imkan olsaydı Ilham Əliyev nəinki Asiya, hətta Afrika sammitinə də gedərdi. Sadəcə olaraq buna imkan yoxdur. Şanxay sammitinə gəlincə, bu, Avropadakı inteqrasiya prosesinə alternativ ola biləcək iş deyil. Sonuncu dəfə Istanbulda keçirilən Asiya sammitinin təşəbbüskarı Nazarbayevdir. Bu tədbir Asiyada qarşılıqlı əməkdaşlıq və etimadın gücləndirilməsi üzrə  müşavirə sammiti idi. Bir-birilə çoxlu problemi olan ölkələr bu sammitdə bir-birilə işi olmayacağı barədə razılığa gəliblər. Bu nə siyasi, nə də hərbi blok deyil. Bu, günü-gündən güclənməkdə olan NATO və Avropa Birliyi üçün alternativ olacaq qurum deyil. Çünki Azərbaycan hakimiyyətinin təbliğatçıları Asiya sammitini çox şişirdirlər. Ona görə bu alternativ ola bilməz. Amma bu, Ilham Əliyevin arzusunu ifadə edir. Kaş ki, Avropadan kənar, demokratiyanı saymayan alternativ bir yer olaydı. Yəni bütün xarici siyasət xəttində bu görünür…

– Yəni sığınacaq bir yeri kimi?
– Bəli. Sığınacaq üçün bir yer. Amma bu mümkün deyil. Onları məyus etmiş olacam. Çünki artıq dünyada elə adacıqlar qalmayıb. Hətta Asiya ölkələrinin samitinin tərkibinə baxsanız, orada da artıq kifayət qədər xeyli demokratik ölkələr var. Orada da sığınacaq tapmaq imkanları məhduddur. Qaldı siyasi kursun dəyişməsinə, Azərbaycanın xarici siyasət kursu nə vaxt bəlli olub ki, o da dəyişsin. Azərbaycanın xarici siyasət kursu, dediyim kimi, hazırkı sülala hakimiyyətini qorumağa xidmət edən kursdur. Əbəs yerə demirlər ki, xarici siyasət daxili siyasətin davamıdır.

– Əli bəy, siz hökumətdə olmusunuz və bir xarici siyasət kursunuz olub. Daha sonra iyirmi illik bir xarici syiasət var. Nə dəyişib?

ardı var

Seymur Həzi,
Xəyal Şahinoğlu