“Bəzən bir informasiya insan həyatını alt-üst edir…”

«Huffington Post» «Azadlıq»ın əməkdaşının başına gətirilənlərdən bəhs edən məqalə yayımlayıb

Aqil Xəlil: «Öz ölkəmdə mənə qarşı hörmətsizlik elədilər, məni Fransa xilas etdi»

Mərkəzi Nyu-Yorkda yerləşən, dünyada fransız, ingilis, italyan, ispan və digər dillərdə yayımlanan “Huffington Post” qəzeti Azərbaycandakı avtoritar rejimin “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin başına gətirdiyi oyunlardan bəhs edən geniş məqalə hazırlayıb. “Aqil Xəlil və ya insan qədər dəyəri olan informasiya” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:

“Informasiya qiymətlidir, onu əldə etmək tez-tez risklər tələb edir.

Bu adamın adı Aqil Xəlildir. 2008-ci ildən siyasi mühacir kimi Fransada yaşayır. Fransanın Azərbaycandakı səfirliyi və “Sərhədsiz reportyorlar” təşkilatının köməyi olmasaydı, o, Fransaya gələ bilməzdi. O, Azərbaycanın əsas müxalifyönlü qəzeti olan “Azadlıq”dakı silsilə yazılarına görə Azərbaycandan qaçmaq məcburiyyətində qalıb. Xüsusən, Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının əmlakın dağıdılmasında iştirakı barədə yazısı onu belə bir addım atmağa məcbur elədi.

Aqil Xəlil onların iştirakı ilə qanunsuz sövdələşməni lentə almağa cəhd göstərmişdi. Jurnalist buna görə döyüldü, daha sonra bir neçə dəfə sui-qəsdə məruz qaldı. Hətta bıçaqlandı da, möcüzə nəticəsində sağ qaldı. Çünki bıçaq ürəyindən bir neçə santimetr kənara sancılmışdı. Yenicə sağalmışdı ki, onu metroda qatarın altına itələməyə cəhd göstərmişdilər, lakin o, qaçmağa macal tapmışdı. Hüquq-mühafizə orqanları isə bu cinayətləri araşdırmaqdan imtina edirdi. Çünki başqa bir dövlət orqanları ilə xoşagəlməzlik yaranmasını istəmirdilər.

Amma jurnalistə qarşı bu addımları atanlar da bütün bu etdiklərilə kifayətlənmək istəmirdilər. Onlar eyni zamanda, Azərbaycandakı avtoritar rejimin nəzarətində olan media orqanları vasitəsilə Aqil Xəlilə qarşı qarayaxma kampaniyası həyata keçirirdilər. Onun bıçaqlanmasının da şəxsi münaqişə zəminində olduğu barədə təhqiramiz ssenari düzüb-qoşmuşdular. Istintaq bu istiqamətdə aparıldı.

Bu iş üzrə məhkəmə prosesi Stalin məhkəmələri ənənəsilə təşkil olunmuş əsl şou idi. Azərbaycanda məhkəmələr və media yalnız rejimə xidmət edir. Sadəcə, müəyyən istisnalar var.

Belə olan halda, Aqil Xəlil Avropa Məhkəməsinə şikayət verir. Özü də Azərbaycanı tərk edir.

O, ömründə ilk dəfə təyyarəyə minərək, yaşadığı dəhşətləri geridə qoyur: “Paradoksal haldır, həmin gün uçuşdan əvvəl məni qorxu bürümüşdü, amma buna baxmayaraq, elə xoşbəxt idim ki… Təyyarə havaya qalxanda bütün gərginliyim arxada qaldı. Özümü o qədər yaxşı hiss elədim ki, təyyarənin yerə enməsini istəmirdim”.

Azərbaycanda Aqil böyük ümidləri, ambisiyaları olan gənc jurnalist idi. Fransada isə o, hər şeyə sıfırdan başlamalı idi: “Öz ölkəmdə mən jurnalist idim, statusum vardı, şəxsiyyət idim. Birdən-birə mən özüm üçün də qeyri-müəyyən olan bir yerə gəlib düşmüşdüm. Jurnalistlər Evində qalarkən nahar üçün talon götürəndə özümü o qədər alçaldılmış hiss edirdim ki… Əlbəttə ki, mənə olan yardıma görə minnətdaram. Fransız dilini bir az öyrənən kimi, kiçik yemək yerlərində işləməyə başladım. Istərdim ki, özüm özümü təmin edim, sosial yardımlardan qaçım”.

Aqil Xəlil yaşadığı yerdə hələ də özünü yad hiss eləyir. Ondan şəxsiyyətini təsdiq edən sənədi istəyəndə qaçqın kartını göstərmək istəmir, bu statusuna görə utanır.

Yaşadığı ölkəyə uyğunlaşmaq, fransız cəmiyyətinə inteqrasiya olunmaq üçün Aqil əvvəlcə dili öyrənib, ardınca da universitetdə aspiranturaya qəbul olunub. Bütün bunlara o, yeni tanışları və keçirdiyi görüşlər hesabına nail olub. Deyir ki, heç vaxt tam fransız olmayacağını bilir: “Mən həmişə hər iki ölkənin cəmiyyətləri arasında olacağam”.

Bu gün Aqil Fransa məktəblərində mətbuat azadlığı haqda mühazirələr deyir, həmçinin müxtəlif beynəlxalq təşkilatların tədbirlərində iştirak edir. Gələcəyi haqda suala cavabında Aqil Xəlil bildirib ki, mübarizəni davam etdirmək və jurnalist işləmək istəyir.

O, Fransa vətəndaşlığını qəbul edəcək: “Böyüdüyüm, haqq-ədalət uğrunda mübarizə apardığım ölkəmdə mənə qarşı hörmətsizlik elədilər. Məni Fransa xilas elədi. Mən buna görə minnətdaram. Fransa vətəndaşı olmaqla, mənim üçün elədiklərinin qarşılığında nə isə vermək istəyirəm”.

Aqil Xəlilin başına gələnlər unikal deyil, amma simvolikdir. Bu baş verənlər, bəzən bir informasiyanın insan həyatı qədər dəyərli olduğunu, bir insanın həyatını alt-üst edə biləcəyini göstərir. Bu həm də onu sübut edir ki, azad xalqlar öz qapılarını başqa xeyirxah insanların üzünə bağlamamalıdır”.

Informasiya şöbəsi