Ağstafada öldürülən polisin qatili niyə tapılmır?

19 il öncə qətlə yetirilən polisin atası qatilin tapılmasını tələb edir

Təhqiqat və Istintaq orqanlarının yarıtmaz fəaliyyəti nəticəsində açılmamış ölüm faktları, DIN-in statistikasında öncül yerləri tutur. Cəzadan yayına bilən cinayətkar etdiyindən də qatı cinayət törədir. Manyaklaşan qatil və ya killer peşəkarlaşandan sonra öz çevrəsində cinayətkar şəbəkə yaradır. Bu munvalla da qrup şəklində törədilən cinayətin sayı artır. Peşəkarlaşan cinayətkarın törətdiyi cinayətlərin, ələlxusus da qətllərin açılma faizi sıfıra bərabər olur.

Cinayətlərinin açılmasında ipucu qoymayan, kobud səhvə yol verməyən cinayətkarların bəzən hüquq mühafizə orqanları heç izinə belə düşə bilmirlər. Isti izləri qaçıran və fürsəti fövtə verən istintaqçılar sonrakı etapda nə qədər çabalasalar da, cinayətkar artıq çayı basıb keçmiş olur. 

Indi xatırlayacağımız tükürpədici olay 19 il öncə qəddarlıqla törədilən qətl hadisəsidir. 

Bizə müraciət edən Ağstafa rayon (həmin ərəfədə Qazax rayonunun inzibati ərazisi sayılan) Köhnəqışlaq kənd sakini Əsgərov Mahmudəli Imamverdi oğludur. Onu kənddə hamı Mamed kimi tanıyır. 

70 yaşlı ata bildirir: “12 sentyabr 1995-ci il Ağstafa rayon Polis Şöbəsində çalışan oğlu Əsgərov Mehdi Mahmudəli oğlu amansızcasına qətlə yetirilmişdir. Mamed kişi bildirir ki, oğlu Astarxanda hərbi xidmətini başa vurub ölkəmizə dönəndə torpaqlarımız uğrunda döyüşlər gedirdi. O da, bütün vətənpərvər oğlanlarımız kimi, silaha sarılıb vətənimizin bütövlüyü uğrunda döyüşə qatıldı. Öz kəndimiz düşmənlə yaxın sərhəd olduğuna baxmayaraq o, 1992-93-cü illərdə Tərtər rayonunda gedən döyüşlərdə iştirak etdi. Sonradan o, Ağstafa rayon polis şöbəsinə işə düzəldi. Polis olmağına baxmayaraq rayonun bütün şəxsi heyəti kimi o da kəndimizin müdafiəsində iştirak edirdi”. 

12 sentyabr 1995-ci il günorta saatlarında oğlum Mehdinin rayon ərazisində öldürüldüyü xəbərini alıb, rayon mərkəzinə getdim. Sonradan qətl hadisəsinin üzüm bağlarında baş verdiyini eşidib həmin əraziyə qaçdım. 

Həmin gün saat 10-11 radələrində o ərazidə heyvan otaranlar oğlum Mehdinin cəsədini görüb və polisə xəbər vermişdilər. Mən hadisə yerinə gələndə əməliyyatçılar həmin ərazidə idi. Ilkin əməliyyat zamanı məlum oldu ki, oğlum Mehdinin atıldığı yerə qanı axmayıb. Məlum oldu ki, Mehdini başqa yerdə öldürüb, gətirib bura atıblar. 

Müəyyən istintaq hərəkətləri aparıldıqdan sonra oğlumun meyidini yaşadığım Köhnəqışlaq kəndinə apardıq. Yenidən meyidi müayinə etmək üçün kəndə Qazax rayon Məhkəmə Tibbi Ekispertiza və Patoloji Anatomiya Birliyinin qrupu dəvət edildi”.

Mamed kişinin dediyinə görə, onların yaşadığı evin həyətində yaxınlarının və kənd camahatının gözləri qarşısında ekspert qrupu meyidə baxış keçirərkən 28 kəsilmiş-deşilmiş bıçaq yarası və boğaz nahiyyəsinin kəsilmiş vəziyyətini aşkarlayıb. Hamının şahidliyi ilə meyid yarılaraq daxili orqanlardan analizlər götürülüb.

Bütün bu baş verənləri soyuqqanlılıqla qarşılayan ata, elə zənn edirmiş ki, oğlunun qatilləri tezliklə tapılacaq. Qəsddən adam öldürmə maddələri ilə cinayət işi qaldırılsa da, maraqlı tərəflərin təzyiqi nəticəsində axtarış işləri sönük aparılıb.

Həmin vaxt Ağstafa Rayon Polis Şöbəsinə Nizami Göyüşov rəhbərlik edirmiş. Mamed kişi dəfələrlə N.Göyüşovun qəbulunda olub, oğlunun qatilinin tezliklə tapılmasını tələb edib. Istintaqın ləng aparıldığına görə etiraz, müstəntiqin dəyişdirilməsini təkid etsə də, buna nail olmayıb.

Qazax Rayon Prokrorluğuna dəfələrlə şikayət edilsə də, qətlin açılmasında dönüş yaranmayıb. Mamed kişi müstəntiqdən iş haqqında soruşarkən: “axtarırıq, tapılacaq” deyirmiş. Mamed kişinin şahidlərə istinadən verdiyi məlumata görə, 12 sentyabr 1995-ci il səhər saatlarında Mehdini kirayə qaldığı evdən çağıraraq naməlum istiqamətə aparıblar.

Çox keçməyib ki, qətl hadisəsi Ağstafa polis idarəsini ayağa qaldırıb. Təəssüf ki, hansısa sehrli əl cinayət axtarış əməliyyatını ləngidib. Isti izlərlə tapılması qaçılmaz olan qatilin yaxalanmasına kim mane olub?

Qətlin açılmasında bir çox müəmmalı suallar yaranır. Bu müəmmalardan sonra Mamed kişidə müəyyən şübhələr oyanır. O, özlüyündə düşünür ki, bəlkə də qatili Mehdinin xidmət etdiyi Polis Şöbəsində axtarmaq lazımdır. Bəzən onda belə bir yəqinlik də yaranır kı, qatil tapılıb, pulu alınıb və sərbəst buraxılıb. Beləliklə, bu cinayət işi ört-basdır edilib. Valideynlərinin dediyinə görə, Mehdi rəislə həmişə münaqişədə olub.

Artıq bu hadisədən 19 il ötüb. Çox güman ki, bu qətlin açılmasında maraqlı olmayanlar iş başında deyil. Ata istəyir ki, cinayət işi yenidən qaldırılsın, qatil tapılsın.

Söhbətin sonunda Mamed kişi “70 yaşım var deyir. 19 ildir oğlumun qatilinin tapılaraq cəzalandırılması həsrəti ilə yaşayıram. Qatil isə azadlıqda sərbəst gəzir. Heç kimlə düşmənçiliyimiz, ədavətimiz olmayıb. Mən bütün bunlardan sonra bir ehtimal haqqında düşünürəm: oğlum Mehdinin sağlığında özünün dediyinə görə, çalışdığı şöbədə bir çox qanunsuzluqların, silah ambarının talanının, Gürcüstan vətəndaşlarının maşınlarının əlindən alınaraq idarədə sökülməsinin şahidi olub. Bu versiyalar da onun aradan götürülməsinə səbəb ola bilər”. 

Ağstafa rayon polis şöbəsinin əməkdaşları həmişə oğlum haqqında fəxrlə danışırlar. Mehdi 1992-93 cü illədərdə Qarabağda, Tərtərdə qızğın döyüşlərdə iştirak edib, fəxri fərmanlarla təltif edilib. 

Mehdi yadigarı Orxan (Nəvəsi) bu il hərbi xidməti döyüş bölgəsində başa vuraraq evə dönüb. O, atasını belə xatırlamır.

Mamed kişi mətbuat vasitəsilə ölkə başçısı I.Əliyevdən bu cinayət işinin nəzarətə götürülməsini, Baş Prokror Z.Qaralovdan, Daxili Işlər Naziri R.Usubovdan Ağstafa Rayon Polis Şöbəsinin keçmiş əməkdaşı Əsgərov Mehdi Mahmudəli oğlunun qatilinin tapılaraq cəzalandırılmasını tələb edir.

Z.Qaratorpaq