“Ukraynanın prezidenti Poroşenko olacaq”

Elxan Nuriyev: “Ukraynalılar sovet adamı olmaq istəmirlər”

“Putin demokratik Ukraynanı Rusiyanı narıncı rəngə boyayan faktor kimi görür və bundan qorxur”

Mayın 25-də Ukraynada növbədənkənar prezident seçkiləridir. Ukrayna Ali Radasının eksperti, seçki texnologiyaları üzrə mütəxəssis Elxan Nuriyevlə Ukraynadakı daxili siyasi durum, hərbi qarşıdurma və seçkilər barədə söhbəti təqdim edirik.

– Elxan bəy, siz Ukraynadakı Maydan və ondan sonrakı hadisələrin fəal iştirakçılarındansınız. Nə baş verir?
– Əslində, yeni heç nə baş vermir. Tarix təkrarlanır. Ukraynalılar öz təbii varlıqlarını seçirlər. Onlar avropalıdırlar və Avropa dəyərləri ilə yaşamaq istəyirlər. Bu seçim uğrunda, hətta snayperlərin üstünə də gedib özlərini fəda edirlər. Ukraynalılar özlərinin iradəsi ilə formalaşmış bir hökumət istəyirlər. Putin Rusiyası isə buna mane olur. Rusiya hesab edir ki, Ukrayna onun təsir dairəsində olmalıdır, Ukraynalılar isə belə düşünmürlər və onlar hesab edirlər ki, Ukrayna bu ölkədə yaşayanların təsiri altında olmalıdır. Putinin iddiaları və Ukraynanın arqumentləri ilə bağlı çox danışmaq olar. Bu, sadəcə olaraq, korrupsiya işində boğulan Rusiyanın neoimperializm cəhdləridir və başqa heç nə deyil. Korrupsiya bu cəhdləri ironik şəklə salır. Putin isə ironiyanadan xilas olmaq və öz ölkəsində gülünc günə düşməmək üçün başqa ölkələrin üzərinə silah çəkir. Absurddur, vəssəlam.

Putin psixoloji travma alib

– Amma Rusiya yalnız Ukraynanı öz təsir dairəsində hesab emir, postsovet məkanında olan başqa ölkələri də öz vilayətləri hesab etməyə başlayıb…
– Gəlin Rusiyanın təsir edə bildiyi bir neçə ölkənin nümunəsinə baxaq. Bir qrup dövlətlər var ki, onlar demokratiyadan tam imtina ediblər və bu, Rusiyanın maraqlarına uyğundur. Türkmənistanda, Özbəkistanda,.. rusdillilərin problemləri Putini Ukraynada olduğu qədər narahat etmir. Belarusda Rusiya Mərkəzi telekanalının əməkdaşları oğurlandı, hətta öldürüldü, Putinin cınqırı da çıxmadı. Amma az-çox demokratikləşmənin baş verdiyi və ya baş verə biləcəyi ölkələrdəki rusdillilərin taleyi Putini “narahat etməyə” başlayır. Məsələn, Moldova. Orada şəffaf seçkilər keçirilir, ölkə Avropaya inteqrasiya ilə bağlı tam kurs götürüb və bu, Putini narahat edir, təbii ki. Buna görə də orada Dnestryanı Respublika elan edib.
Bütün politoloqlar yekdil qənaətdədirlər ki, Gürcüstandakı gerçək uğurlar Putinin psixoloji travma mənbəyinə çevrilib. Bu psixoloji travma ilə də Abxaziya və Şimali Osetiya Rusiya tərəfindən ilhaq edilib.
Ukraynanı isə rus neoimperialistləri Rusiyanın bel sütunu sayırlar. 2004-dəki narıncı inqilabdan sonra ukraynalılar sovet adamı olmamağa başladılar. Sonra Yanukoviç hakimiyyətə gəlib ukraynalıları sovetləşdirməyə başladı və müqavimətlə rastlaşdı. İndi Putin Yanukoviçin əvəzinə Ukrayna xalqına müqavimət göstərir. Ukraynanın demokratikləşməsi Putini qorxudur. Çünki Ukraynanın Rusiyaya birbaşa təsiri var. Burada demokatiyanın dərinləşməsi Rusiya əhalisinin diktaturaya qarşı mübarizəsinə böyük təkanlar verə bilər. Rusiyanın vilayəti olmaqdan imtina etmiş Ukrayna Rusiya üçün bu başlıca təhlükənin mənbəyidir. Buna görə də Krımı ilhaq edən Putin bütün vasitələrlə çalışır ki, Ukrayna Rusiyanın təsir dairəsində qalsın. İndi ölkənin şərq regionunda baş qaldıran terror birbaşa Rusiyadan qidalanır və bu, heç kim üçün sirr deyil. Maraqlıdır ki, Putin bu avantürada Rus Pravoslav kilsəsinin Ukraynadakı strukturlarından da yararlanır. Məsələn, bir çox yerlərdə bu kilsələr terrorçulara silahların paylandığı mərkəzlər kimi istifadə edilir. Mümkün vasitələrlə məsələ aydındır, bu faktlar isə mümkün olmayan vasitələr kateqoriyasındandır ki, Putin buna da əl atır.

– Amma hər halda Ukrayna hərbi-texniki və başqa imkanlar baxımından Rusiyadan zəifdir. Bir məşhur deyim var: “İnqilabı etmək asandır, onun nəticələrini qorumaq isə çətindir”. Rusiya Ukrayna inqilabının nəticələrini ləğv edə biləcəkmi?
– Etiraf etmək lazımdır ki, biz ilkin mərhələdə informasiya müharibəsini uduzurduq. Amma sonrakı mərhələlərdə bu vəziyyət dəyişdi. Həm Ukraynada uyğun xəbər xidmətlərinin fəaliyyəti intensivləşdi, bu strukturlar şokdan çıxdı, həm də dünya medyası Ukraynanın haqlı mövqeyinə əhəmiyyətli dəstək verməkdədir. Məsələn, məncə, Azərbaycanda da bu dəyişiklik hiss olunur.
Belə bir deyim var: “Ağıllı fikirləşənə qədər dəli vurub çayı keçir”. Bu, münaqişənin hərbi aspektini izah edə bilən deyimdir. Amma mən əminəm ki, Rusiya Ukraynanın şərq vilayətlərində törətdiyi təxribatlardan da heç nə qzanmayacaq, Krımdan da imtina etməli olacaq. Məsələ həm də burasındadır ki, Krımın yerli əhalisi olan tatarlar Rusiya tərkibində yaşamaq istəmirlər və heç zaman istəməyəcəklər. Ukrayna 1994-cü ildə nüvə silahından imtina edəndə BMT Təhlükəsizlik Şurasının üzvləri olan dövlətlər Budapeşt Memorandumu ilə onun ərazi bütövlüyünə təminat veriblər. İndi isə belə vəziyyət yaranıb ki, qarant ölkələrdən biri Ukraynanın ərazi bütövlüyünü pozub. Hələ ki, seçki kampaniyası gedir. Proses başa çatandan və Ali İcra hakimiyyəti formalaşandan sonra Ukrayna uyğun diplomatik addımlar da atacaq, başqa təzyiqlərdən də istifadə edə biləcək.

Poroşenko aşkar favoritdir

– Seçki kampaniyası necə gedir? Seçkilərin baş tutmaması mümkündürmü?
– Bu, müzakirə olunmur və seçkilər istənilən halda keçiriləcək və qanuni hakimiyyət formalaşacaq. Bu seçkilər 23 illik müstəqillik tarixində Ukrayna üçün ən mühüm kampaniyadır. Buna görə də Sumı vilayətində seçki qərargahına baş məsləhətçi kimi dəvət olunanda bu təklifi məmnuniyyətlə qəbul etdim. Həm də, Ukrayna zabitlər Birliyinin üzvü olaraq bu təklifi qəbul etdim. Bu vilayət, Luqanskdan sonra, Rusiya ilə ən uzun sərhədi olan regiondur. Burada həm seçkilər, həm müdafiə qurğuları, həm səfərbərlik kimi kompleks məsələlər var. İndi son günlərdir və uğurlu fəaliyyət göstərə bildiyimizi deyə bilərəm.

– Deyəsən seçkilərin favoriti Pyotr Poroşenkodur. Onu xarakterizə edən nədir?
– Bəli, Poroşenko aşkar favoritdir və reytinqi çox yuxarıdır. Məncə onun reytinqi digər əsas 4 namizədin toplam reytinqindən yuxarıdır. İnsanları ideallaşdırmaq fikrindən uzağam. Amma Poroşenko indi Ukrayna prezidenti üçün zəruri olan mühüm keyfiyyətlərin daşıyıcısıdır. İradəlidir və indi müharibə vəziyyətində olan Ukrayna üçün bu, mühümdür. Avropa yönümlüdür. Bu da Ukrayna xalqının təbii seçimidir. Avropa ilə müqavilələrin də memarı odur. Yaxşı təşkilatçıdır. Onun çatışmayan yeganə cəhəti budur ki, strukturlaşmış siyasi qurumun lideri deyil, amma geniş ictimai dəstək bunu balanslaşdırır. Parlamentdə də ciddi dəstəyi var. Baxmayaraq ki, orada Timoşenkonun partiyasından olan çox deputatlar var, amma onların da əksəriyyəti Poroşenkonun açıq və ya gizli dəstəkçiləridir.

Azad Akifoğlu