Əsabəli Mustafayev: “Ümid edirəm bu dəfə daha obyektiv araşdırma aparılacaq və günahkarlar layiqli cəzasın alacaq”
Mayın 6-da həbs olunan və hazırda Bakı Şəhər Baş Polis İdarəsinin Binəqədidəki saxlanma məntəqəsində inzibati cəza çəkən AXCP üzvü Kəmalə Bənənyarlının şikayəti üzrə Nəsimi prokurorluğu araşdırmaya başlayıb. Belə ki, Ombudsman aparatının nümayəndələri təcridxanada Kəmalə Bəbənyarlı ilə görüşdükdən sonra, onun məruz qaldığı işgəncələr barədə Baş Prokurorluğa məlumat verib. Prokurorluq isə, işin araşdırılmasını Nəsimi rayon prokurorluğuna həvalə edib.
Kəmalə Bənənyarlının vəkili Əsabəli Mustafayev “Azadlıq” a açıqlamasında bildirdi ki, bugün prokurorluğa hadisə barədə tam məlumat verilib: “ Bugün Nəsimi rayon prokurorluğunun müstəntiqi, ekspert və mənim iştirakımla təcridxanada olduq. Kəmalə Bənənyarlı ona verilən işgəncələrlə bağlı geniş məlumat verdi. Bildirildi ki, bu istiqamətdə araşdırma aparılacaq”
Vəkil onu da əlavə etdi ki, əvvəllərdə Nəsimi polis idarəsində qanunsuz hərəkətlərə yol verilib və bununla bağlı şikayətlər təmin olunmayıb: “ Bizim bu istiqamətdə təmin olunmayan şikayətlərimiz hazırda Avropa məhkəməsindədir. Ümid edirəm ki, bu dəfə obyektiv araşdırma aparılacaq və işgəncə verən şəxslər layiqli cəzasını alacaq”
Qeyd edək ki, mayın 6-da “Nida” Vətəndaş Hərəkatının üzvlərinə hökm oxunduqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında etiraz şüarları səsləndirən bir neçə nəfər məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib. K.əmalə Bənənyarlı isə 30 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.


