Pedaqoji universitetin əməkdaşları şikayət edir

Qarşı tərəf isə bu iddiaları əsassız sayır

Bugünlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kollektivi adından “Azadlıq”a müraciət daxil olub. Müraciətdə deyilir:  “Bakalavr təhsilinin məzmunu və təşkili haqqında Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli qərarının 2.6 bəndinə əsasən, tələbələrin fənlər üzrə biliyinin qiymətləndirilməsini Təhsil Nazirliyinin müəyyənləşdirdiyi  qaydada çoxballı (100 ballı) sistemlə həyata keçirilir. Həmin qərarın 2.18 bəndinə əsasən, yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında əsasnamə nazirlik tərəfindən 10 avqust 1999-cu ildə təsdiqlənib. Həmin əsasnamənin 2-ci bəndinə əsasən,  imtahanlar yazılı formada aparılır.

Kredit sistemiylə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Təhsil Nazirliyinin 11.09.2008-ci il tarixli əmriylə təsdiqlənmiş əsasnamənin 1-ci bəndinə əsasən, “Tələbənin biliyinin qiymətləndirilməsi” üçün imtahanlar bir qayda olaraq yazılı şəkildə aparılır.

Adıçəkilən normativ aktların heç birində tələbənin biliyinin elektron test formasında keçirilməsi nəzərdə tutulmayıb.  Bəzi ali məktəblərdə (ADPU-da) elektron test imtahanlarının keçirilməsi hansı qanuna sığır? ADPU-da elektron test imtahanlarının keçirilməsi özbaşınalıqdır. Şəffaflıq adı altında keçirilən imtahanların rektorun əlində  mərkəzləşdirilməsi cəhdinin qarşısı alınmalıdır. Hansı maraq rektoru imtahana bu dərəcədə müdaxilə etməyə vadar edir?   

ADPU-nun rektoru tələbələrə test sualları və cavablarını verməklə tələbələri əzbərçiliyə və savadsız olmağa məcbur edir. Hazırda universitetdə bu səbəbdən əlaçı tələbə yoxdur. Varsa da rektor onları yazılı şəkildə bəyan etsin. 10 min tələbəsi olan ali məktəbin əlaçı tələbələrinin olmaması bu təhsil ocağında təhsilin yarıtmaz olduğunu göstərir.

Tələbələr əla qiymət üçün 70, əla və yaxşı qiymət üçün 55 manat təqaüddən məhrum edilir. Tələbələrə təklif olunur ki, elektron test imtahanından sonra əla və yaxşı qiymətlər alanlar öz biliklərini yazılı imtahan verməklə təsdiqləsin. Əks təqdirdə, onların aldığı əla və yaxşı qiymətlər 3-lə əvəz olunur. Dünyanın heç bir yerində belə əcaib imtahan qaydası yoxdur. Bütün semestr ərzində tələbə testləri əzbərləyir və savadsız qalır, sonra da ondan yazılı imtahan vermək tələb olunur. Bunlar Təhsil qanununun 5.1, 6.5  maddələrinə zidd olaraq təhsil hüququnun dövlət təminatlarını pozur.

2008/2009 və 2010/2011-ci illərdə tələbələr əzbərçiliklə yuxarı qiymət aldıqları halda, əlaçı və yaxşı oxuyan  tələbələrin sayı çox olduğu üçün yüksək təqaüd alanların sayı da artmışdı. Rektor Yusif Məmmədovun yeni imtahan qaydasından sonra əlaçı və yaxşı qiymətlərə görə təqaüd verilməsinə süni məhdudiyyət yaradılıb.

Ali məktəb rektorlarının qanuna zidd hərəkəti, təhsil qanunvericilyində olmayan formada imtahanların keçirilməsi dövlətin təhsil siyasətini pozmasıdır. Bu cür imtahanların nəticəsi olaraq tələbələrin, professor və müəllim  kontingentinin hüquqları pozulur. ADPU-nun tələbələrinə qalsa, onlar 2007-ci ildən savadsızlıq oyununun içinə düşdükləri üçün oxumamağa və daha asan test əzbərçiliyinə üstünlük verir. Tələbələr o dərəcədə savadsızlıq girdabına düşüb ki, oktyabr ayında etiraz aksiyası təşkil etdilər.  Rektor səhvini düzəldib yazılı imtahan keçirmək istəsə də, tələbələr buna etiraz etdilər. Tələbə etiraz etmək haqqını  2007-ci ildə yazılı imtahanlardan elektron test imtahanına keçirərkən niyə tələb etmirdi? Mövcud vəziyyətə görə, Təhsil Nazirliyi nizam-intizam yaratmalı və ali məktəb rektorlarına  müvafiq tapşırıq verməlidir. Hüquqi dövlətdə hüquqdan kənar hərəkətlərin qarşısı qətiyyətlə alınmalıdır. Ali məktəb təhsil qanunvericiliyinə və nizamnaməsinə uyğun fəaliyyət göstərməlidir.

Tələbənin Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli  qərarıyla təsdiq edilmiş bakalavr təhsilinin məzmunu və təşkili qaydalarının tələblərinə etiraz etməyə haqqı varmı? Bu qərar bütün ali məktəb rəhbərliyi və tələbələri tərəfindən sözsüz icra olunmalıdır. ADPU-da elektron test imtahanları 5 ildir tətbiq olunur. Bu müddət ərzində yüzlərlə tələbə test yoluyla imtahan verə bilmədiyi üçün universitetdən xaric olunub. Bu imtahanların səbəbi olaraq tələbələrin ödədikləri pullar itkiyə səbəb olub. Tələbələrə vurulan ziyanı rektor ödəməlidir. ADPU-nun müəllimləri hər semestr qanunvericilikdə nəzərdə tutulmadığı halda rektor tərəfindən testlər hazırlamağa məcbur edilir. Müəllimlər imtahan götürməyə görə maaş aldıqları halda imtahanlarda iştirak etmirlər. Müəllimlər iştirak etmədikləri elektron test imtahanlarının nəticələrini sonradan imzalamağa məcbur edilir. Haqqını tələb edən əməkdaşları təzyiqlərə məruz qoyur, onlara radikal müxalifətçi damğası vururlar. Rektora kimsə sual vermir ki, elektron test imtahanlarını  magistraturada qiyabi şöbənin son kurslarında, yenidən hazırlanma fakültələrində niyə tətbiq etmir? ADPU-da nədən bütün ali məktəblərdən fərqli elektron test imtahanları keçirilir? Pedaqoji kadr hazırlığnı həyata keçirən tələbələrin nitq mədəniyyətinə niyə zərbə vurulur? Bakalavr təhsili üzrə əyani şöbədə yekun attestasiya elektron testlə aparıldığı halda qiyabi şöbədə yekun attestasiya  komissiyası tərəfindən həyata keçirilir. Son kurs qiyabiçi tələbələrə dövlət imtahanlarını vermək üçün 1500 manat tələb olunur. Filologiya və pedaqoji fakültələrdə 2012/2013-cü tədris ilinin imtahanları vaxtı yekdil pul yığıldığı üçün kəsilən tələbə olmadı. Riyaziyyat fakültəsi bu tələbə etiraz etdiyi üçün onların hamısı 2 qiymət aldı. Pul vermədən tələbə qiyabi şöbədə dövlət imtahanından keçə bilmir. Yazılanların araşdırılmasını və ədalətin təmin edilməsini xahiş edirik”.

Sosial şöbə 

Redaksiyadan: Materialda bəhs edilən məsələylə bağlı ADPU-nun mətbuat və informasiya şöbəsinin müdiri Mənsur  Ibrahimlinin mövqeyini öyrəndik. M.Ibrahimlinin sözlərinə görə, 2006-2007-ci tədris ilindən başlayaraq, universitetdə  kollokvium, semestr və dövlət imtahanları test üsuluyla aparılır: “Bu barədə ADPU elmi şurasının müvafiq qərarı olub. Bu metodun tətbiq edilməsində başlıca məqsəd tələbələrin biliyinin qiymətləndirilməsi zamanı obyektivlik və şəffaflığın təmin edilməsidir. Yəni bu metodun tətbiqi  imtahanların gedişində insan amilinin iştirakını mümkünsüz edir. Pedaqoji Universitetdə 200 kompüterdən ibarət kompüter mərkəzi fəaliyyət göstərir. Həmin kompüter mərkəzində tələbələr test üsuluyla imtahan verir. ADPU-da test üsuluyla imtahanların keçirilməsinə həmin vaxtlar Təhsil Nazirliyi icazə verib.  

Qaldı ki, imtahanların ikimərhələli keçirilməsinə, 2011-2012-ci tədris ilinin yaz imtahan sessiyasından başlayaraq bu üsul tətbiq edilməyə başlayıb. Yaxşı və əla qiymət almaq istəyən tələbə kompüter mərkəzində test üsuluyla imtahan verəndən sonra müvafiq düyməni basmaqla həmin gün o fənndən yazılı imtahana girmək imkanı qazanır. Bu, könüllülük əsasında keçirilir. Burada məcburi heç nə yoxdur.

Test üsulunun üstünlükləryilə yanaşı, çatışmayan cəhəti də var. Belə ki, tələbələr əzbərçiliyə və şablona meylli olurlar. Ikimərhələli imtahana keçirilməsində əsas məqsəd də tələbə-gəncləri şablon və əzbərçilikdən uzaqlaşdırmaq,  onlarda yazılı nitq mədəniyyətini, məntiqi təfəkkürü  inkişaf etdirməkdir.

Bir müddət öncə, yəni 2013-2014-cü tədris ilinin əvvəlində universitet rəhbərliyi testlə yanaşı, imtahanların yazılı formada keçirilməsinə təşəbbüs göstərdi. Lakin tələbələr buna etiraz etdikləri üçün imtahanlar hazırda yenə də test üsuluyla keçirilir. 2013-2014-cü tədris ilinin yaz imtahan sessiyasının da bu üsulla keçirilməsi nəzərdə tutulur. Mətbuatda dərc olunan məlumatlara əsasən, Nazirlər Kabinetinin ölkənin ali təhsil müəssisələrində vahid imtahan formasının keçirilməsiylə bağlı müvafiq qərarı olacaq. Bir ali təhsil müəssisəsi olaraq biz də həmin qərara uyğun şəkildə imtahanları keçirəcəyik. Şikayət məktubunda iddia olunan rüşvətxorluq və korrupsiya hallarına gəlincə, bunlar reallıqdan tamamilə uzaq, həqiqətə əsla uyğun olmayan məlumatlardır”.