
Britaniya vətəndaşı, əslən azərbaycanlı Murad Həsənli Leyboristlər Partiyasından Londonun Vestminster rayonunun Çörçill qəsəbə bələdiyyəsinə üzv seçilib. O, bələdiyyə şurasına seçilən 3 nəfərdən biridir.
Vestminster Londonun mərkəzi rayonlarından biridir. Parlament də daxil olmaqla dövlət idarələri bu bələdiyyənin ərazisində yerləşir.
Murad Həsənli öz «facebook» səhifəsində yazır ki, bu, böyük məsuliyyətdir:
«Vestminster bələdiyyəsinin üzvü olmaq böyük şərəfdir. Mən burada böyümüşəm, məktəbə və universitetə burada getmişəm. Ailəm və dostlarım burda yaşayır. Vestminster İngiltərədir, Vestminster Britaniyadır, Vestminster Birləşmiş Krallığın paytaxtı Londonun paytaxtıdır. Mən bu şərəfə layiq olmaq üçün əlimdən gələni edəcəyəm».
Murad Həsənli 1994-cü ildə ailəsi ilə birlikdə Azərbaycandan Böyük Britaniyaya köçüb. London İqtisadi Məktəbinin siyasət bölümünün məzunudur. 2012-ci ildə Leyboristlər Partiyasının Londondakı Pimliko və Naytsbric bölməsinin sədri, partiyanın London şöbəsi icra komitəsinin üzvü seçilib. (azadliq.org)


