Azərbaycan Ukraynaya niyə müşahidəçi göndərmədi?

Hakimiyyət bu məsələdə Rusiya ilə həmrəylik nümayiş etdirdi

 

Ənvər Əliyev: «MSK-nın gərgin iş qrafikini bəhanə gətirməsi absurddur»

Ukraynada keçirilən növbədənkənar prezident seçkilərinə Azərbaycan öz müşahidəçilərini göndərməyib. Azərbaycanın Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən anspress-ə bildiriblər ki, gərgin iş qrafiki olduğundan Ukraynada keçirilən seçkiləri Azərbaycan MSK-dan izləyən olmayacaq. Miilli Məclisin mətbuat xidmətindən də bildiriblər ki, Ukraynada keçirilən prezident seçkilərində Azərbaycan-Ukrayrayna Dostluq qrupuna daxil olan deputatlar iştirak etməyəcəklər. Çünki bu barədə siyahı hələ onlara təqdim olunmayıb.

Bu arada Rusiyanın Prezident Administrasiyasının rəhbəri Sergey İvanov da jurnalistlərə bildirib ki, Ukraynada keçirilən seçkilərə müşahidəçi göndərməyəcəklər.

Ümumiyyətlə MDB ölkələrindən heç bir müşahidəçi missiyasının iştirakı gözlənilmir.

Bir qayda olaraq MDB və digər ölkələrdəki seçkilərə müşahidəçi göndərən Azərbaycanın bu davranışı bir tərəfdən anlaşılan deyil. Gətirilən əsaslar da sadəcə bəhanə ola bilər. 

Digər tərəfdən, Azərbaycan müşahidəçilərinin Rusiyanın hələ də tam qəbul etmədiyi seçkilərin demokratik keçirildiyini deyə biləcəkmi? Görünür MSK-nın Ukraynadakı seçkiləri müşahidə etməkdən imtinası məhz bu amillə bağlıdır. 

2002-ci ildən 2006-cı ilə qədər Mərkəzi Seçki Komissiyasının üzvü olmuş Ənvər Əliyev MSK-nın gərgin iş qrafikini bəhanə gətirməsini absurd adlandırdı. Çünki indi MSK-nın ən boş vaxtlarıdır. Seçki siyahıları may ayının əvvəlində dəqiqləşdirilib. Qarşıdakı aylarda seçki yaxud hər hansı digər tədbir yoxdur. ona görə də iş qrafiki sadəcə bəhanədir. 

Ekspertin sözlərinə görə, MSK tamamilə Rusiyanın mövqeyinə uyğun olaraq Ukraynadakı seçkilərə müşahidəçi göndərmək istəmir. 

Ə.Əliyev Azərbaycanın bu prosesi kənardan müşahidə etməyi də doğru mövqe hesab etmir: «Ukraynada tamam başqa əhval-ruhiyyə var. O əhval-ruhiyyədən, Azərbaycanın kənarda qalması o qədər də düzgün deyil. Çünki biz eyni prosesi təxminən 1989-90-cı illərdə keçdik. Ancaq Azərbaycan hakimiyyətinin niyyəti Rusiyanın mövqeyini dəstəkləmək, bütün hallarda Rusiyanın yanında olmaqdır». 

Fizzə