Bu əfv fərmanı da gözləntiləri doğrultmayacaq

Leyla Yunus: «Ənənəvi olaraq 3 nəfəri azad edib, 5 nəfəri həbs edəcəklər»

Ölkədə növbəti əfv fərmanının veriləcəyi gözlənilir. Xəbər verildiyi kimi, mayın 21-də Prezidentin yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

İclasda əfvlə bağlı müraciətlərə və təkliflərə baxılıb.

Müraciətlərin araşdırılması başa çatdıqdan sonra əfv siyahısı dövlət başçısına təqdim olunacaq.

Komissiya üzvlərinin bu yaxınlarda mətbuata verdikləri məlumata görə, 28 May Respublika Günü münasibətilə prezidentin məhbusların bir qismini əfv edəcəyi gözlənir.

Adətən kimlərin əfv olunacağı prezidentin sərəncamına qədər bilinmir.

İnsan haqları fəalları Azərbaycanda 100-dən çox siyasi məhbus olduğunu deyir.

Qeyd etmək lazımdır ki, son aylar ölkədə xüsusilə səs-küylü həbslər və ağır məhkəmə qərarları ilə yadda qalıb. Tofiq Yaqublu, İlqar Məmməddi, həmçinin NİDA-çılara qarşı çıxarılan ağır məhkəmə hökmündən sonra Anar Məmmədlinin də eyni aqibətlə üzləşəcəyi istisna edilmir. Dövlət ittihamçısı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədliyə 9 il həbs cəzası istəyib.

Növbəti əfv fərmanının bu şəxslərə şamil olunacağını gözləmək olmaz. Çünki hakimiyyət cəzalandırdığı şəxsləri bu tezliklə azadlığa buraxmır. Əfv edilənlər bir qayda olaraq ya cəzasının böyük hissəsini çəkənlər, ya da ümumiyyətlə siyasi məhbus siyahısında olmayan və əfv olunması üçün dövlət başçısına müraciət edən şəxslərdir. Hakimiyyət bu əfvi də demokratiya və insan haqlarının müdafiəsi istiqamətində atılan növbəti addım kimi beynəlxalq qurumlara təqdim etməyə çalışacaq.

Əslində böyük ehtimalla əvvəlkilərdən fərqlənməyəcək bu addımı ölkədə siyasi məhbus probleminin həlli istiqamətində yetərli hesab etmək olarmı?

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus hakimiyyətin ənənəvi olaraq 3 nəfəri azad edib, 5 nəfəri həbs edəcəyini deyir. Ona görə də belə əfvlər barədə ümumiyyətlə danışmağı doğru hesab etmir: «Həmişə belə olub. Qanunsuz olaraq uzun müddət həbsdə qalıb öz cəzasını çəkənləri azad edəcəklər. Avropalılar da bunlara çox sağ ol deyəcək. Ancaq indi ölkədə nəinki fəalları, hətta onların ailə üzvlərini də həbs edirlər».

Fizzə