«Iqtisadiyyatda prioritet istiqamətlər seçəndə enerji resursları və onunla bağlı sahələri yox, insan dəyərini əsas götürməliyik»
Iqtisadçı-ekspert Məhəmməd Talıblının «Iqtisadiyyatda insan dəyəri» adlı kitabı çapdan çıxıb
Iqtisadi Təhlil Institutunun rəhbəri, iqtisadçı-ekspert Məhəmməd Talıblının “Iqtisadiyyatda insan dəyəri” adlı kitabı çapdan çıxıb. Yeni kitabla bağlı müəllifdən daha ətraflı məlumat almağın oxucularımız üçün də maraqlı olacağı qənaətindəyik. Bütün dəyərlərin az qala itdiyi indiki zamanda “iqtisadiyyatda insan dəyəri” axtarmağın özü də maraqlı göründü. Müəlliflə görüşüb kitab ətrafında yaranmış suallarımıza cavab axtardıq.
– Məhəmməd müəllim, yenicə çapdan çıxan növbəti kitabınız haqqında bir qədər ətraflı məlumat almaq istəyirik. Əvvəla, növbəti uğurunuz kimi bu münasibətilə sizi təbrik edirik. Istərdim bilək ki, kitabın yazılma zərurəti nədən meydana çıxdı?
– Əvvəla, kitaba olan diqqətiniz və xoş sözləriniz üçün sizə dərin təşəkkürümü bildirirəm. Kitabda iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən cəmiyyətdə dolaşan populyar suallara bəzi cavablar tapmaq mümkündür. Bu mövzular içində daha çox iqtisadi artım kimi ritorik bir mövzu haqqında geniş anlayış və yanaşmalar var. Neftlə zəngin ölkələrdə, MDB məkanında, Avropa Birliyi ölkələrində, ABŞ kimi dövlətlərdə Azərbaycanla oxşar və fərqli cəhətlər təhlil olunub. Iqtisadi artım, keyfiyyət göstəriciləri və iqtisadi inkişafı xarakterizə edən faktorlara toxunulub. Kitabda daha çox ağırlıq təşkil edən mövzular iqtisadi azadlığın bir zərurət olaraq inkişafın komponentinə çevrilməsi, liberal ticarətin üstünlükləri və təsirləri, ölkələrin xarici borc səviyyəsi və onun doyum nöqtəsi, kölgə iqtisadiyyatına malik ölkələrin qlobal iqtisadi böhran kontekstində qiymətləndirilməsi, insanın işləyərək necə yoxsul olması paradoksu kimi mövzulara toxunulub. Eyni zamanda bunlarla yanaşı Azərbaycanda artan büdcə gəlirləri fonunda elmə azalan qayğının nəticələrindən, dövlətlərin və xalqların büdcə gəlirlərinin necə idarə edilməsi siyasətindən, MDB məkanında iqtisadi islahatların sürəti və Şok terapiyasının təsirləri, dövlətlərin iqtisadiyyatdan niyə getməsi və ya onun necə tənzimlənməsi siyasəti haqqında da öz bilgilərimi oxucularla bölüşmüşəm.
– Kitaba xüsusi cəlbedicilik qatan adın özü nəyi ifadə edir?
– Əvvəla oradan başlayım ki, bu insan dəyərini iqtisadiyyatda insan resursu anlayışı ilə qarışdırmaq olmaz. Bilirsiz ki, insan resursu əmək ehtiyatları ilə qarşısılıqlı əlaqəli mövzudur. Insan dəyəri bir anlayış olaraq iqtisadiyyatda insanın özünün yaratdığı və formalaşdırdığı dəyər kimi qəbul olunur. Iqtisadiyyatı neft faktorundan asılı olan ölkələrdə insan dəyərindən danışmaq yerinə düşmür. Mən isə onu vurğulamaq istəmişəm ki, iqtisadiyyatda prioritet istiqamətlər seçəndə enerji resursları və onunla bağlı sahələri yox, insan dəyərini əsas götürməliyik. Çünki təbii resurslar istifadə olunduqca, insan isə daha az istifadə olunduqca tükənir. Ona görə insana dəyərli bir resurs olaraq yanaşmamız daha vacib və perspektivlidir.
– Kitabda oxucuya nələri çatdırmaq istəmisiz?
– Təbii ki, hər bir kitabın özünün araşdırma obyekti, əsərin leytmotivi və konkret mesajları olur. Bu kitab populyar nəşrdən daha çox, elmi-akademik çevrə və tədqiqatçılar üçün faydalı ola bilər. Mən hesab edirəm ki, hər bir dövlət kimi Azərbaycanda da iqtisadi azadlıqların önü açılmalı, Insan Inkişafı Indekslərini şərtləndirən indikatorları inkişaf etdirmək istəyiriksə, ölkədə biznes qurumları və aktyorları üçün maksimum sərbəstlik vermək lazımdır. Belə iqtisadi azadlıq insanların adambaşına düşən illik gəlirlilik səviyyəsinə, təhsil keyfiyyətinə və gözlənilən orta ömür müddətinə olduqca böyük təsir göstərir.
– Bilirik ki, kitab haqqında məlumatlardan sonra onun necə əldə edilməsi ilə əlaqədar bizə müraciətlər və telefon zəngləri ola bilər. Bununla bağlı oxuculara sözünüz varmı?
– Açığı, bununla bağlı sosial şəbəkələrdə mənim profilimə və elektron poçtuma xeyli məktublar gəlib. Mən də heç birini cavabsız qoymamışam. Təbii ki, bu, dəyərli oxucuların marağının nəticəsidir. Bunu yüksək qiymətləndirir və onlara cavab yazmağı özümə borc bilirəm. Amma oxuculardan xahiş edirəm ki, kitabla bağlı fikirlərini və mülahizələrini mənim elektron poçtuma yazsınlar.
Kitabın necə əldə edilməsi ilə əlaqədar satış menecerləri və ya sizin redaksiyanızla da əlaqə saxlaya bilərlər. Onlar həmin kitabları istənilən ünvana çatdırmağı təşkil edirlər.
Fizzə


