ANS-lə Teleradio Şurası arasında qalmaqal

Nuşirəvan Məhərrəmli telekanala maliyyə yardımını dayandırdı

Mais Məmmədov MTRŞ sədrini ittiham etdi; Mirşahin Ağayev isə ona açıq məktub yazdı

Milli Televiziya və Radio Şurası (MTRŞ) milli televiziya filmlərinin çəkilişi ilə əlaqədar ANS televiziyasına maliyyə yardımını dayandırıb. Bu barədə Publika.az-a MTRŞ sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

“ANS televiziya kanalı problemlər yaradıb”

Onun sözlərinə görə, ötən ilin aprelində televiziya kanallarına ayrılan 6 milyon manat vəsait ANS televiziya kanalı tərəfindən təyinatı üzrə xərclənməyib.
N.Məhərrəmli deyib: “Demək olar ki, hər bir özəl televiziya kanalına 1 milyon manat vəsait ayrılmışdı. Əksər televiziya kanalları bu vəsaiti səmərəli formada xərcləsə də, ancaq ANS televiziya kanalı həmin vəsaitlərin xərclənilməsi məsələsində bir sıra ciddi nöqsanlara yol verib. Yəni ANS televiziyası sənədlərin hazırlanmasında nöqsanlara yol verib, sənədləri 5-6 ay əvvəl tərtib edib, pulları təyinatı üzrə xərcləməyib və sairə. Ancaq digər televiziya kanallarında isə vəsaitin xərclənilməsində problem yaranmayıb. Yalnız ANS televiziya kanalı problemlər yaradıb.
ANS TV-nin pul mənimsəməsi faktının olub-olmaması barədə isə indidən heç bir söz deyə bilmərəm. Çünki pul mənimsənilməsi faktını biz müəyyən edə bilmərik. Bunu hüquq-mühafizə orqanları müəyyənləşdirməlidir. Bizim bu məsələ ilə bağlı şübhələrimiz olduğu üçün ANS telekanalına pul yardımını dayandırdıq. Əgər ANS mövcud nöqsanları nə vaxt aradan qaldırarsa, o zaman da yardımın edilməsi bərpa olunacaq. Çox təəssüf ki, bizim bu qərarımızdan sonra ANS bizə deyəcək ki, guya qərəzliyik və sairə. Ancaq ortada konkret fakt var və onlara oktyabr ayında verilən vəsaiti sonrakı vaxtlarda xərcləməli idilər. Ancaq ANS sənədləri 5-6 ay əvvəl üçün tərtib edib. Bu isə ciddi qanun və maliyyə pozuntusudur. Biz ANS-dən bu nöqsanları qısa müddətdə aradan qaldırılmasını tələb etmişik. Biz heç bir telekanallara qarşı qərəzli deyilik. Indiyədək hər bir telekanala, o cümlədən ANS-ə bərabər şəraitdə vəsait ayrılıb”.

“Dövlət məmuru ifadələrində daha etik və məsuliyyətli olmalıdır”

ANS prezidentinin müşaviri Mais Məmmədov məsələyə münasibə bildirib. O, ANS PRESS-ə deyib: “Sözün düzü, Nüşirəvan Məhərrəmlinin müsahibəsi məni təəccübləndirdi. Iş orasındadır ki, prezidentin 4 Aprel 2013 il sərəncamı ilə dövlət büdcəsindən 6 mln. manat vəsait ayrılıb və Nuşirəvan Məhərrəmlinin dediyinə görə ”hər bir özəl televiziya kanalına 1 milyon manat vəsait ayrılmışdı”, lakin ANS yalniz 320 min manat alıb. Ups… Hörmətli Nuşirəvan müəllim, bəlkə Sizə yanlış məlumat verirlər? Hər halda biz ANS olaraq həmin məbləğə “Fatma” Serialının 32 seriyasını çəkmişik və çəkilişlərə də davam edirik.
Ümumiyyətlə bu cür qərəzli, təhqiramiz və heç bir faktlara əsaslanmayan müsahibələri Nuşirəvan müəllim son vaxtlar tez-tez verir. Mən bir ağsaqqal kimi, deməliyəm ki, Moskva Dövlət Universitetinin məzunu, Dövlət məmuru ifadələrində daha etik və məsuliyyətli olmalıdır. ANS-ə qarşı bu cür ifadələrə və əsassız qərarlara görə biz hətta MTRŞ-nı məhkəməyə vermişik və yeri gəlmişkən udmuşuq.
Anlamıram bu tələsik və yoxlanılmayan müsahibə nəyə lazım idi? Axı son nəticədə siz məsuliyyət daşıyacaqsınız. Müsahibənizin əvvəlində deyirsiniz ki, “ANS televiziya kanalı həmin vəsaitlərin xərclənməsi məsələsində bir sıra ciddi nöqsanlara yol verib”, dərhal sonra bildirirsiz ki, “Yəni ANS televiziyası sənədlərin hazırlanmasında nöqsanlara yol verib?? Oxucular anlaya bilmir: ”vəsaitlərin xərclənilməsi məsələsində”, yoxsa “sənədlərin hazırlanmasında nöqsanlara yol verib?” Bu iki ifadə arasında çox böyük fərq var? Ya deyirsiniz ki “ANS televiziya kanalı həmin vəsaitlərin xərclənməsi məsələsində bir sıra ciddi nöqsanlara yol verib”, sonra da özünüz özünüzü təkzib edib deyirsiniz ki, “pul mənimsənilməsi faktını biz müəyyən edə bilmərik”. Sonda isə ciddi qanunvericilik əsasında fəaliyyətini qurmalı olan məmur deyir ki “Bizim bu məsələ ilə bağlı şübhələrimiz olduğu üçün ANS telekanalına pul yardımını dayandırdıq”. Şübhələr??? Şübhələr əsasında Mötəbər Dövlət Qurumunun Qərarı??? Ölmədim bu günü də gördüm.
O ki, qaldı bizim fəaliyyətimizdə “mənimsəmə faktları” ifadəsini işlətməklə Şirkətimizin işgüzar nüfuzunu zərbə altına qoyduğunuza, bax buna görə mütləq cavab verməli olacaqsınız”.
ANS-in vitse-prezidenti Mirşahin Ağayev məsələ ilə bağlı  Nuşirəvan Məhərrəmliyə açıq məktubla müraciət edib. O, MTRŞ-nın telekenala teleserial çəkilişi üçün maliyyə vəsaitinin ayrılmasını dayanadırmasına etirazını bildirib. Eyni zamanda maliyyə vəsaitinin xərclənməsi ilə bağlı sənədlər yayılıb.

“ANS 320 min manatı təyinatı üzrə xərcləməyib”

Nuşirəvan Məhərrəmlinin də Mirşahin Ağayevlə Mais Məmmədova cavabı gecikməyib. “Bizdə sənədlər var. Iqtisadiyyatdan az-çox başı çıxan istənilən şəxs gəlib həmin sənədlərlə tanış ola bilər”, – deyə o, “Qafqazinfo”ya açıqlamasında bildirib. MTRŞ sədri daha sonra deyib ki, Şura qanunvericilyə uyğun şəkildə davranıb və telekanal onlara ayrılan vəsaiti, konkret olaraq 320 min manatı təyinatı üzrə xərcləməyib: “Telekanalın verdiyi münasibətə gəlincə isə tam olaraq ANS üslubunda cavab veriblər. Bizdə sənədlər var. Iqtisadiyyatdan az-çox başı çıxan istənilən şəxs gəlib həmin sənədlərlə tanış ola bilər”.
Nuşirəvan Məhərrəmli həmçinin 1 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı məhkəmə iddiasının təmin edilməsinə də münasibət bildirib. Şura sədrinin sözlərinə görə, onlar məhkəmə qərarına hörmətlə yanaşırlar: “Lakin biz təkcə ”cinçıxarma” ilə bağlı deyil, həmçinin reklam qanunvericiliyinin pozulması faktını da irəli sürmüşdük. Lakin nədənsə hakim sadəcə “cin” məsələsinə ilə bağlı iddiaya baxıb və qərar qəbul edərkən digərlərini nəzərə almayıb”.