Ömər Məmmədov: «Bandotdel»in rəisi dedi ki, səni zirzəmidə butılkaya oturdarıq, atan baxa-baxa qalar…»
«Məndən soruşdular ki, sən Əli Kərimlinin adamısan?»
“Facebook”dakı tənqidçi “AzTV-dən seçmələr” səhifəsinin admini Ömər Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində dünənki iclasda necə şərləndiyindən danışıb. 19 yaşlı Ömər bildirib ki, 2 il yarımdır “NIDA” Vətəndaş Hərəkatının üzvüdür. O, Kiprdə ali təhsil almaqla yanaşı, həm də fəal olub: “Sosial şəbəkələrdə hökuməti tənqid edirdim, satirik şəkillər paylaşırdım, etiraz aksiyalarında iştirak edirdim…”
Məhkəmə prosesinə sədrlik edən hakim Eldar Mikayılov bu yerdə Ömər Məmmədovun sözünü kəsir:
– Ittiham üzrə danış.
Ömər Məmmədov:
– Ittihama gəlirəm, niyə tələsirsiz? Mənə verilən ittihamın kökündə dayanan məsələlərdən danışıram.
“AzTV-dən seçmələr”ə görə atamı “banditizm”ə aparmışdılar”
2012-ci ildən “facebook”dakı “Heydər Əliyev adına Səhifə” və “AzTV-dən seçmələr” səhifələrinin admini idim. Bunlar ən məşhur və hökuməti kəskin tənqid edən səhifələr idi. Xüsusilə “Heydər Əliyev adına Səhifə” çox məşhur idi. Buna görə “NIDA”nın iki üzvü həbs olundu. Bilirdim ki, bu səhifəyə görə nə vaxtsa məni də tutacaqlar. Kiprdə təhsil alırdım deyə, ölkədə olmurdum. Keçən ilin noyabrında anam ağlaya-ağlaya mənə zəng eləyib dedi ki, “atanı ”banditizm” idarəsinə apardılar”. Bildim ki, səhifəyə görədir. Anam oradakılara nömrəmi verdi, az sonra “banditizm”dən bir polkovnik zəng elədi. Dedi ki, “atan yanımdadır, boynuna al ki, ”AzTV-dən seçmələr” səhifəsini sən idarə edirsən. Boynuna almasan, atanı həbs edəcəyik”. Əvvəl boynuma almadım. Təxminən bir saatdan sonra yenidən zəng eləyib dedi ki, “bütün koordinatlar sənə aparır, IP ünvanlar da sənə aiddir”. Bu dəfə boynuma almağa məcbur oldum. Çünki ortada atam vardı. Dedim ki, atamı buraxın, yanvarda Bakıya gələcəm, mənə nə istəyirsiz, eləyərsiz. Atamı buraxdılar. Atam “Skype”la danışanda məni danladı, dedi ki, daha səhifəni idarə eləmə, təhsilinlə məşğul ol. Polkovnik də bildirmişdi ki, “səhifənin idarəçiliyini dayandırmasan, atanı həbs edəcəyik”. Ona görə səhifənin adminliyindən çıxdım. Atam mənə dedi ki, ölkəyə gəlmə, mühacirətə get. Dedim ki, yox, gələcəm.
Dekabrın 31-də yenə atamı “banditizm”ə çağırdılar. Qarşısına bir şəkil qoyublar, guya, mən sosial şəbəkədə Ilham Əliyevi təhqir etmişəm. Amma yalan idi, belə bir fakt olmamışdı, özləri düzüb-qoşmuşdular. Atam yenə xəbərdarlıq etdi ki, gəlmə.
“Ağlıma gəlməzdi ki, bir idarənin rəisi belə fikir səsləndirər”
Yanvarın 20-də axşam saat 6 radələrində Bakıya gəldim. Yanvarın 21-də səhər saat 8-də artıq “banditizm”in işçiləri evimizə gəlmişdilər, atamla məni apardılar. Beləliklə, “banditizm” sərgüzəştlərim başladı. Təklif elədilər ki, bir protokola imza atım. Guya, dayanacaqda bir maşın üstümə su sıçradıb, mən də təhqiramiz ifadələr işlətmişəm. Dedilər ki, ya protokola imza atacaqsan, ya da cibindən narkotik çıxacaq. Protokolu imzalamağı seçdim, fikirləşdim ki, 10-15 sutkalıq həbslə canım qurtarar.
Polkovnikin yanına apardılar. Evdən noutbukumu da götürmüşdülər. Kompüterim hakerin əlində idi. Haker bütün parollarımı sındırdı. Onda bildilər ki, “Heydər Əliyev adına Səhifə”ni də idarə eləyənlərdən biri mən olmuşam. Polkovnik bunu biləndə dedi ki, “mən bu səhifəyə görə iki nəfəri həbs eləmişəm”. NIDA-çılar Məmməd Əzizov və Bəxtiyar Quliyevin adlarını çəkdi. Dedim ki, onlar həbs olunsalar da, çöldə xeyli NIDA-çı var. Gülümsədi, dedi ki, cibində narkotik var? Dedim ki, mən ölkəyə dünən axşam gəlmişəm, bu gün səhərdən də buradayam, məndə necə narkotik ola bilər. Bundan sonra general zəng eləyib çağırtdırdı, atamla birlikdə onun yanına getdik. Adını bilmirdim, sonradan bildim ki, Mirqafar Seyidovdur. Qayıtdı ki, “birlikdə möhtərəm prezidentimizin uğurlu siyasətini davam etdirməliyik, sən də cavan oğlansan, təhsil alırsan, bəlkə gələcəkdə hansısa vəzifə sahibi olarsan”. Dedim ki, mən doğru nədirsə, onu eləyirəm. Atamın yanında çox təhqiramiz ifadə işlətdi. Dedi ki, “səni idarənin zirzəmisində butılkaya oturdarıq, atan da baxa-baxa qalar”. Ağlıma gətirməzdim ki, bir idarənin rəisi belə fikirlər səsləndirsin, özü də atanın gözü qarşısında. Güldüm. O da əsəbindən qayıtdı ki, “rədd ol”.
“Paykovoy” vəkil və şahidlər
Yenə getdik polkovnikin yanına. 2-3 saat da onun yanında qaldıq. Hətta polkovnik oxumaq üçün mənə Heydər Əliyevin kitabını da verdi. Saat 6 radələrində general polkovnikə zəng elədi, nə dediyini bilmirəm, amma o zəngdən sonra buraxdılar. Həmin gün deyəsən, Daxili Işlər Nazirliyinin kollegiya iclası vardı, başları qarışıq idi. Yəqin, fikirləşdilər ki, buraxaq, işini sonra bitirərik. Atam sevindi ki, buraxıldıq. Amma mən bilirdim ki, əl çəkməyəcəklər. Onu da bilirdim ki, bütün bloggerləri narkotiklə tuturlar, mənə də bu ittihamı verəcəklər.
Yanvarın 24-də saat 12 radələrində Nərimanovdakı stomotoloji klinikaya getdim. Mən həkimin yanında olanda bir nəfər 3 dəfə kabinetin qapısını açıb-bağladı, mən onda şübhələndim. Saat 1 radələrində klinikadan çıxanda 3 nəfər mənə tərəf qaçmağa başladı. Dostuma zəng eləmək istədim, çatıb telefonu, əlimdəki kitabı aldılar. Əllərimi qandallayıb, başımı aşağı əyib, maşına oturtdular. Heç nə demədən başıma, böyrəklərimə vururdular. Başa düşdüm ki, gözlədiyim baş verdi. Idarəyə apardılar. Həmin vaxt üzümdə saqqal vardı, başladılar vəhhabi damğası vurmağa. Dedilər, vəhhabisən, narkotik alverilə məşğulsan. Əllərim qandallı oturmuşdum, gətirildiyim idarənin adını da bilmirdim. Oturandan sonra da döyməyə başladılar. Bir qədər sonra hal şahidinə zəng elədilər, o da gəlib telefonla digər hal şahidini çağırdı. Əvvəl siyasi məhkəmələrdə olmamışdım deyə, bilmirdim ki, bunlar “paykovoy” şahidlərdir. Ikinci hal şahidi də ağıldan kəm idi, yolu tapa bilmirdi, ona görə nə qədər onu gözlədilər. Bəlkə də başqa yerdə şahidlik eləyirdi. Gəlib çıxandan sonra məni döyən əlini salıb cibimdən bir büküm çıxartdı. Bilmirəm ki, onu əlini cibimə salanda qoymuşdu, yoxsa yolda maşında məni döyəndə. Sonra “paykovoy” vəkilə (Eldar Qədimini nəzərdə tutur-red.) zəng elədilər. Dedim ki, öz vəkilim var, əhəmiyyət vermədilər. O da gəldi, sənədləri imzaladı. Hal şahidləri də imzalayıb gedəndə məni tutanlardan biri onlarla çıxdı, başa düşdüm ki, gördükləri işə görə onlara pul verir. Yenə məni döyməyə başladılar. Vəziyyətim pis idi, yerdə iməkləyə-iməkləyə qalmışdım. Gördülər ki, döyməkdən bir iş çıxmır, atamla hədələdilər. Dedilər ki, atanın iş yerini bilirik, əməkdaşlar da hazırda xəstəxananın qarşısındadır, boynuna almasan, atanı həbs edəcəyik. Məcbur olub boynuma aldım. Sonra məni Nərimanov rayonundakı müvəqqəti saxlama təcridxanasına apardılar. Orada, hətta yataq da yox idi, paltomu başımın altına qoyub yatırdım. Səs-küy saldım ki, məni istintaq təcridxanasına aparsınlar. Müstəntiqlə görüşəndə dedim ki, siyasi fəaliyyətimə görə həbs olunmuşam. Orada vəziyyətim son dərəcə ağır idi, amma yardım göstərən bir adam yox idi. Müstəntiq nə diqtə elədisə, mən də yazdım, guya, narkotiki Keşlədə tanımadığım adamdan almışam. Istəyirdim ki, nə olursa olsun, tez Kürdəxanıya köçürülüm. Fikirləşdim ki, bəlkə orada həkim oldu. Müstəntiqin yanında hal şahidləri də vardı. Onlardan biri məni kənara – otağın kameranın çəkmədiyi hissəsinə çağırdı, başladı ki, “sən Əli Kərimlinin adamısan?”
Ötən məhkəmə iclasında hakim məndən soruşdu ki, işgəncələrlə bağlı kiməsə şikayət etmisənmi? Məni Şüvəlan təcridxanasına apardılar. Orada sənə həkim yardımı göstərilməsi, şikayətlərinə əhəmiyyət verilməsi üçün ya qapını sındırmalısan, ya da damarlarını kəsməlisən, siz oranı təsəvvür edə bilməzsiz”.
Ömər Məmmədov daha sonra vəkilinin suallarını cavablandırdı.
Məhkəmə prosesi mayın 29-da davam edəcək.


