Siyavuş Novruzov hakimiyyəti ifşa etdi

YAP funksioneri Siyavuş Novruzov yenə öz ampluasında çıxış edib. AXCP sədri Əli Kərimlinin izlənməsi ilə bağlı təkzib olunmaz faktların mətbuatda yer almasından sonra S.Novruzov özünəməxsus formada baş verənlərə münasibət bildirib. Münasibətdə müxalifət liderinə qarşı qərəzini gizlətməyən S.Novruzov açıqlamasında qanunun bəzi tələblərini pozmasını da gözdən qaçırıb. «Əli Kərimlini izləmək lazım olsaydı, elə evdən də izləyərdik», deyə S.Novruzov bildirib. Görünür, S.Novruzov hər hansı şəxsin izlənilməsini yalnız məhkəmə qərarından sonra həyata keçirilə biləcəyini unudur. Bundan başqa Ə.Kərimlinin evinə dəfələrlə mənzildə heç kim olmadığı halda müdaxilələr olub Və kim bilir bu müdaxilələr zamanı mənzilə hansı izləyici qurğular yerləşdirilib.

Nurəddin Məmmədli: «YAP yetkilisi düz deyirsə, o zaman Əli Kərimliyə və onun ətrafına hakimiyyətin sərt təzyiqləri nəylə bağlıdır»

AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, əgər S.Novruzovun dediklərində zərrə qədər həqiqət varsa, o zaman Ə.Kərimliyə və onun ətrafına hakimiyyətin sərt təzyiqləri nəylə bağlıdır: «Əli Kərimliyə xarici pasportun verilməməsi nəticəsində Azərbaycan hakimiyyəti bütün dünya ilə savaşı qarşısına alır. O zaman Əli Kərimlinin qaynının həbsi, ona qarşı ədaltsiz məhkəmə hökmünün çıxarılması nəylə bağlıdır? AXCP qərargahını dəfələrlə dəyişməyə vadar edilib. Sonuncu qərargahla bağlı baş verənlər isə hakimiyyətin terrorçu fəaliyyətini bir daha ortaya qoydu. Bu baxımdan Siyavuş Novruzovun bu fikirlərini Siyavuşsayağı düşüncə kimi qəbul etmək olar. Azərbaycan xalqı və beynəlxalq təşkilatların heç bir şübhəsi yoxdur ki, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP bu gün Azərbaycanda ən monolit və güclü elektorata malik siyasi təşkilatdır. Ona görə Siyavuş Novruzovun dediklərini siyasətin predmetinə çevirib, ona cavab verməyin tərəfdarı deyiləm».

Sülhəddin Əkbər: «YAP təmsilçisinin açıqlaması bir daha ölkədə siyasi, insan haqlarının hansı səviyyədə olduğunu göstərir»

Azad Demokratlar Partiyasının təşkilat komitəsinin sədri Sülhəddin Əkbər isə bildirdi ki, S.Novruzovun açıqlaması ölkədəki qanunsuzluğu açıq formada göstərir: «Ölkədə qanunsuzluq, hüquqi nihilizm o qədər geniş yayılıb ki, biz bu cür açıqlamalara daha tez-tez rast gəlirik. YAP təmsilçisinin açıqlaması bir daha ölkədə siyasi, insan haqlarının hansı səviyyədə olduğunu göstərir».

S.Novruzovun Ə.Kərimlinin evdən belə izlənməsinin mümkün olduğu ilə bağlı qanuna zidd açıqlamasına gəlincə isə S.Əkbər vurğuladı ki, müasir texnologiyalar uzaq məsafələrdən izləmə aparmağa, ddinləməyə imkan verir. Hakimiyyətin isə ölkənin təhlükəsizliyini deyil daha çox öz maraqlarını düşündüyü nəzərə alınarsa, hakimiyyətin bu cür texnalogiyaların siyasi oponentlərinə qarşı yönəltdiyi istisna edilməməlidir.

Xəyal