İlham Şaban: «BTC ilə nəql edilən neft hüquqi baxımdan Rusiya nefti sayılmır»
Beynəlxalq aləmin sanksiyaları ilə üzləşən Rusiya düşdüyü vəziyyətdən çıxış yollarını axtarmaqdadır. Artıq Rusiyanın bir çox enerji şirkətləri durumlarının daha da ağırlaşacağından ehtiyat edir. Görünür bu səbəbdən şirkrətlər qabaqlayıcı addımlar atmaq niyyətindədi. Artıq məlum olduğu kimi, Rusiyanın ən iri özəl neft şirkəti olan “LUKoil” Xəzərin Rusiya şelfindən hasil etdiyi neftin bir hissəsinin nəqlini Bakı-Tiflis-Ceyhanla həyata keçirməyə qərar verib.
İndiyəcən bu neft tankerlərlə Mahaçqala limanına, ordan Mahaçqala -Tixoretsk-Novorossiysk kəməri ilə Qara dəniz limanlarına nəql edilirdi.
“Korçagin limanından ilk nefti yüklədik, O, BTC ilə nəql olunacaq”, – «Turan»ın məlumatına görə, bunu LUKoil təmsilçisi Reuters-ə bildirib və marşrutun dəyişməsi səbəbini izah etməyib.
Ticari dairələrdəki mənbələrdən məlum olub ki, LUKoil-un treyderi Litasco ARDNŞ ilə 2014-cü ilin sonuna kimi ayda 20 min ton neft nəqli üzrə FOB Korçagin şərti ilə müqavilə bağlayıb.
“Artıq ilk tanker Mahaçqaladan Bakıya gedib. Hələlik ARDNŞ-yə ayda 20 min ton satılacaq. Bu, “Transneft”lə tədarükdən azca yaxşıdır”, – deyə mənbə bildirib.
ARDNŞ neftin gömrük sənədləşməsindən sonra Səngəçal terminalına aparıb, ordan BTC ilə nəql edəcək.
“İqtisadi cəhətdən (LUKoil-un) BTC-yə getmək üçün məhdudiyyəti yoxdur. Potensial olaraq o, tamamilə Bakıya gedə bilər. Orda keyfiyyət bankı var. BTC ilə danışıqları ARDNŞ aparacaq, onun BTC Co ilə öz münasibətləri var.”, – deyə bir treyder bildirib.
Bəs Qərbin sanksiyaları ilə üzləşən Rusiya şirkətləri siyasi maneələrlə üzləşə bilərmi?
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, BTC ilə nəql edilən neft hüquqi baxımdan Rusiya nefti sayılmır. Artıq Mahaçqalada neft LUKoil şirkətindən SOCAR tərəfindən alınır. SOCAR-ın mülkiyyətinə keçdikdən sonra Sənqaçala gətirilir və orda BTC-ə vurulur. Buna görə də heç bir problem olmur: «LUKoil özəl şirkətdir. Özəl şirkət üçün heç bir problemi yoxdur. Onlar kommersiya baxımından bunu etməkdə maraqlıdır. Biri var nefti Maxaçqaladan Novrossiyskə aparırdılar. Novorossiyskdən də çıxarırdılar məsələn İtaliya bazarına. Bir də var gətirirlər bura, burdan birbaşa ora aparırlar. Bu kommersiya baxımından daha sərfəlidir».
Fizzə


