Mingəçevirli ana haray salır

Bu şəhərdən prezidentə, Heydər Əliyev Fonduna göndərilən məktublar ünvanına çatmır

Daxili Işlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin “Azadlıq” qəzetinin 22 aprel tarixli sayında Mingəçevir şəhərində 4 may 2013-cü ildə baş verən yol qəzası ilə bağlı bir gün əvvəlki yazıya reaksiyası etirazla qarşılanıb.

Hadisə nəticəsində dünyasını dəyişmiş Aynurə Qafarlının qayınanası Durna Vəliyeva “Azadlıq”ın əməkdaşı ilə əlaqə saxlayaraq Orxan Mansurzadənin yalan danışdığını bildirib. Durna Vəliyeva Orxan Mansurzadənin reaksiyasından gec xəbər tutduqlarını dilə gətirib: “Çox təəssüf ki, DIN rəsmisinin yalan dolu təkzibindən çox gec xəbər tutduq. Əvvəllər də Orxan Mansurzadə oxşar təkziblər verərək Mingəçevir polis şöbəsinin rəhbərliyini təmizə çıxartmağa cəhd göstərib. Ümumiyyətlə, bu adam olayı tam araşdırmadan, məhkəmədə şahidlərin söylədiklərini nəzərə almadan yalan dolu  təkziblərini ictimaiyyətə sırıyır. Və bu cür açıqlamalar yalnız mənim gəlinimin ölümüylə bağlı keçirilən məhkəmə istintaqına münasibətdə deyil, polisin başqa özbaşınalıqlarında da özünü büruzə verir. Orxan Mansurzadə şahid ifadələri və ekspert rəyindən danışır. Bəs məhkəmədə  ACCESSBANK-ın hüquqşünası ola-ola yaxın qohumunun yerinə növbəyə çıxaraq avtobus sürən Ramil Xudiyevin əleyhinə olan şahid ifadələrini niyə xatırlatmır? Təsəvvür edin ki, müstəntiq Mahir Orucovun apardığı işin bərbadlığı nəticəsində Ramil Xudiyevin dayısı məhkəmədə gəlib onun yerinə ifadə verməyə cəhd göstərirdi. Əgər Rasim Kazımovun qətiyyəti olmasaydı, bu cür də davam edəcəkdi. Yaxud ekspertiza, əgər ekspertiza sübut edibsə, nə üçün məhkəmə hadisə yerində növbəti ekspertiza təyin edib? Təəssüf ki, yerli polis rəhbərliyinin və ”görünməyən əl”in təsiri nəticəsində hələ də bu ekspertiza keçirilməyib. Ümumiyyıtlə, 1 aya yaxındır məhkəmə iclasının keçirilməməsi belə qənaət yaradır. Görünür, gəlinimin ölümündə oğlumu günahlandırmaq üçün DIN rəhbərliyi fəal hücuma keçib. Əks təqdirdə, Orxan Mansurzadə hər dəfə mətbuatda yayımlanan şikayətimizə məhkəmə proseslərində açıqlanan faktları təkzib etməklə böhtanlar yağdırmazdı. Heç olmasa, sonuncu məhkəmə prosesində müstəntiq Mahir Orucovun hakim Rasim Kazımovun suallarına cavab verərkən hansı vəziyyətə düşdüyünü araşdırsın, o zaman özünün yalan danışdığının fərqində olar”.

Durna Vəliyeva qarşılaşdığı senssasiya doğuracaq olayı da xatırlatdı. O bildirdi ki, Mingəçevirdən prezident Ilham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Baş prokuror Zakir Qaralova yerli poçt xidmətindən göndərilən məktublar ünvanına çatmır: “Mənə poçt xidmətinin işçilərindən biri dedi ki, nahaq zəhmət çəkirsiniz, bu məktubları Bakıya göndərməyə icazə vermirlər. Yaxşısı budur, Bakıda, Sumqayıtda qohumlarınız varsa, onlar vasitəsilə göndərin. Bax, görürsünüz, biz kimlərin əhatəsindəyik?”.

Məktublar şöbəsi