Qulu Məhərrəmli Əflatun Amaşovu qınadı

“Bütün hallarda o, “Zerkalo” qəzetinin probleminə, Elçin Şıxlının çağırışına reaksiya verməli idi”

“Əvvəla, “Zerkalo” qəzetinin gündəlik nəşrinin dayandırılması media sistemində çox ciddi hadisələrdəndir. İkincisi, Mətbuat Şurasından “Zerkalo” qəzeti niyə çıxır? Bir qəzet redaktoru, təsisçi görəndə ki, təmsil olunduğu qurum problemlərinə biganədir, həmin qurumdan ən çətin məqamda heç bir hay yoxdur, təbii ki, o qurumu tərk etmək ehtiyacı yaranır”.

Bunu azvision.az-a açıqlamasında media eksperti Qulu Məhərrəmli “Zerkalo” qəzetinin Mətbuat Şurasından çıxması ilə bağlı müraciətinə münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, Mətbuat Şurasının sədri kimi Əflatun Amaşov Elçin Şıxlının çağırışına reaksiya verməli idi: “Düşünürəm ki, Əflatun Amaşov bütün hallarda “Zerkalo” qəzetinin problemlərinə bir reaksiya verməli idi. Əflatun Amaşov üzərində müəyyən mənəvi yük daşıyan adamdır. Bütün hallarda o, “Zerkalo” qəzetinin probleminə, Elçin Şıxlının çağırışına reaksiya verməli idi”.

Q.Məhərrəmli hesab edir ki, “Zerkalo” qəzetinin Mətbuat Şurasından çıxması məntiqə uyğun bir addımdır: “Çünki bu cür qurumlar sırf formal xarakter daşıyır. Sadəcə insanların toplandığı, danışdığı və ayrıldığı bir quruma bənzəyir. Heç bir problemi həll etmir, azad medianı qoruya bilmir və bu səbəbdən də formal bir quruma çevrilir”.

Xatırladaq ki, “Zerkalo” qəzeti Mətbuat Şurasının təsisçilər heyətindən çıxıb. Qəzetin baş redaktoru Elçin Şıxlı mətbuata açıqlamasında bildirib ki, belə bir qərarı Mətbuat Şurasının qəzetin düşdüyü ağır vəziyyətə biganə qaldığı üçün verib.