“Maşın bazarı”nda etiraz aksiyası – FOTO

Satıcılar yerpulunun artırılmasına etiraz edir

Xətai rayonu, Babək prospektində yerləşən “maşın bazarı”nda çalışan bir qrup satıcı dünən etiraz aksiyası keçirib. “Yeni Müsavat”ın məlumatına görə, aksiya keçirən satıcılar yer haqlarının qaldırılmasına etiraz edirdilər. Əvvəlcə bazar rəhbərliyinin oturduğu ofisin qarşısına yığışan satıcılar müdir Rasim Salmanovla görüş tələb ediblər. 

Uzun illərdir “maşın bazarı”nda çalışan Hikmət Kazımlı bildirdi ki, onlar bazar rəhbərliyindən yer haqlarının artırılması ilə bağlı səbəb göstərilməsini tələb edirlər: “88-ci ilin ”Meydan hərəkatı”nın fəal iştirakçılarındanam. 10 ildən yuxarıdır ki, bu bazarda çalışıram. Ailəmin yeganə dolanışıq mənbəyi bu kiçik mağazadır. Bazar rəhbərliyi camaatın başına elə bir oyunlar gətirir ki… Azca etiraz edirsən, səni bazardan çıxarmaqla hədələyirlər. Bu bazarda da hamının bir-birinə borcu var. Heç kim mağazasını bağlayıb, gedə bilmir. Indiyə kimi kimin nə qədər icarə haqqı var idisə, vergini də onun içində verirdik. Ötən gün gəlib, dedilər ki, yer haqlarını verəndə 150 manat artıq verməlisiniz. Yer pullarını artırırlar, amma heç bir səbəb göstərmirlər. Işlərimiz də getdikcə pisləşir. Mənim kimi yüzlərlə mağaza sahibi yer haqqını verə bilmir”.

H.Kazımlının sözlərinə görə, bazardakı haqsızlığa etiraz edən kimi onları polisin gücü ilə qorxudurlar: “Səsini çıxaran kimi polis gəlib deyir ki, səni bölməyə apararam, sakit ol. Ürək xəstəliyindən əziyyət çəkirəm. Tez-tez gəlib nəsə deyirlər, əsəbləşirəm. Bu vəziyyət nə vaxta kimi davam edəcək?”.

“Bu bazarı yaradanlardanam. Özüm 1-ci qrup əliləm. Neçə illərdir ki, istirahətsiz işləyirəm. Əlillərə paylanan ”OKA” maşınlarının ehtiyat hissələrinin satışı ilə məşğulam. Dinmədim, dözdüm, dedim ki, bəlkə nə vaxtsa, mənə güzəşt edəcəklər. Amma indi görürəm ki, bizim başımıza min oyun açırlar”. Bu fikirləri isə “Yeni Müsavat”ın əməkdaşına etiraz aksiyasına qatılan Isa Həsənov deyib.

Onun sözlərinə görə, malın çoxunu nisyə satdığından ayın axırı gələndə icarə haqqını toplayıb, verməkdə çətinlik çəkir: “OKA” maşınlarının çoxunu müharibə əlilləri sürür. Vallah, çoxu əsəbi adamlardır. Gəlirlər, ehtiyat hissəsini götürüb, gedirlər. Deyirlər ki, pulum olanda verəcəyəm. Bir də görürsən, ayın axırıdır və sən icarə haqqını verməlisən. Qapı-qapı düşüb borc pul yığıram”.

Etiraz edən Yaşar Əsədov isə bildirdi ki, aksiyaçılar 20 ilə yaxındır işlədiyi bazarda edilən haqsızlığa qarşı sona kimi mübarizə aparacaqlar: “Kiçik mağazaya görə məndən ayda 600 manat alırlar. Indi də deyirlər ki, gələn aydan 750 manat verməlisən. Səbəbini soruşuram, demirlər. Əgər bu pul dövlətə vergi kimi gedəcəksə, verək. Çünki sabah biz təqaüdə çıxanda həmin pul bizə qayıdacaq. Bilirik ki, yığdıqları pullar öz ciblərinə gedir”.

Xətai rayon Polis Idarəsinin əməkdaşlarının bazara gələrək sahibkarlardan aksiyanı dayandırmağı tələb etdilər. 

Narazı sahibkarlar isə bazar rəhbərliyindən kiminsə onlarla görüşməsindən sonra aksiyanı dayandıracaqlarını söylədilər.

Etiraz edən sahibkarlarla birlikdə “maşın bazarı”nın müdiri ilə görüşməyə cəhd etdik. Müdir Rasim Salmanovun oturduğu ofisdə isə mühafizəçidən başqa heç kəs yox idi. Mühafizəçi bildirdi ki, Rasim Salmanov xaricdədir. Məsələyə ancaq özü aydınlıq gətirə bilər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.