İmişlidə sosial müdafiə məmurlarına yenə cinayət işi açıldı

Rayon ƏSMM-in bir heyəti də iki il qabaq eyni cinayətlə həbs olunmuşdu

İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinə çinayət işi açılıb. Külli miqdarda dövlət vəsaitini israf etmiş vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilib. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuzluqlara yol vermələri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı mərkəzin vəzifəli şəxslərinin 358 min 866 manat məbləğində ünvanlı dövlət sosial yardımı qanunsuz olaraq artıq hesablayıb vətəndaşlara ödəməklə israf etmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, 13 iyul 2012-ci ildə də İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinə Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə cinayət işi başlanmış, rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (ƏSMM) direktoru Nazim Xəlilov başda olmaqla, mərkəzin 3 əməkdaşı saxlanılmışdı. N.Xəlilovun və əməkdaşlarının saxlanılma səbəbi mərkəzdə iri məbləğdə mənimsəmələr və digər korrupsiya əməllərinin aşkarlanması omuşdu. Araşdırmalar zamanı müəyyən edilmişdi ki, 30-dan artıq şəxs, o cümlədən rayon ƏSMM-in əməkdaşları digər şəxslərə məxsus 3000-dən çox, bir sıra hallarda isə vəfat etmiş, yaxud ümumiyyətlə mövcud olmayan şəxslərin adlarına açılmış bank kartlarından istifadə edib və ayrılan külli miqdarda ünvanlı sosial yardım pullarını mənimsəyib. O zaman rayon ƏSMM-in inzibati binasında, mərkəz əməkdaşlarının evlərində axtarış tədbirləri keçirilərkən mərkəzin baş mühasibi Fuad Qarayev və digərlərindən rayon sakinlərinə məxsus, əksəriyyətinin üzərində məxfi kod nişanları qeyd olunmuş 817 ədəd sosial yardım alınması üçün istifadə olunan bank kartları aşkar edilərək götürülmüşdü. Fakta görə dələduzluq və vəzifədən sui-istifadə maddələri ilə başlanmış cinayət işi üzrə mərkəzin direktoru Nazim Xəlilov, baş mühasibi Fuad Qarayev, əməkdaşı Nizami Əlimusa Xəmmədov və rayon sakini Ramil Əliyev təqsirləndirilən şəxs qismində həbs olunmuşdular. Sonra isə məhkəmə Nazim Xəlilov və Fuad Qarayevi 3 il, Nizami Xəmmədov, Nazim Qardaşxanov və Ramil Əliyevi isə 2 il müddətinə azadlıqdan məhrum etmişdi.

İnformasiya şöbəsi