Onlar arasında seçim aparılmalı və müəyyən kriteriyalar nəzərə alınmalıdır
Azərbaycanın bəzi qurumlarında kütləvi ixtisarlar əhalidə haqlı narazılıq yaradır. Bu narazılıq sonda sosial partlayışla da nəticələnə bilər. ARDNŞ, “Azəriqaz” və digər iri qurumlarda aparılan ixtisarlar insanların sosial həyat tərzinə birbaşa təsir edir. Illərlə müəssisə və qurumlarda qüsursuz işləyən şəxslərə alternativ iş yeri təklif olunmur və ya onlar hansısa güzəştlərdən demək olar ki, istifadə edə bilmirlər. Belə bir acı mənzərədə, görəsən, insanlara hansı təkliflər edilməlidir və bu məsələ qanunvericilikdə necə əks olunub?
Hüquqşünas Müzəffər Baxışov məsələyə aydınlıq gətirərək qeyd edir ki, təcrübədə müəssisənin ləğv edilməsi və həmçinin müəssisədə ştatların ləğviylə bağlı ixtisarlar aparılır. Müəssisə bağlanırsa, bu zaman işçilərə alternativ iş yeri təklif olunmur. Lakin ştatların ixtisarıyla bağlı qanunvericilikdə müəyyən müddəalar nəzərdə tutulub:
“Işçilərin uzun müddət orada işləməsi, onların stajı, təşəkkür almaları, mükafatlar əldə etməsi halları nəzərə alınmalıdır. Onlar arasında seçim olmalıdır və yaxud məcburi köçkünlərə, uzun müddət iş stajı olanlara üstünlük verilməlidir”.
Həmsöhbətimiz qeyd edir ki, müəssisə ləğv olunanda işçiyə iki aylıq müavinət verilir və işə düzəlməyibsə, müavinət üçüncü ay da verilə bilər. Amma başqa iş təklif edilə bilməz. Müəssisədə ştatların ixtisarı həyata keçiriləndə isə artıq işçilər arasında seçim aparılmalıdır və onların hansının saxlanması, hansına üstünlük verilməsi diqqətə alınmalıdır.
Nigar


