
Əkbər Hacıyev qurumun binasını arxa qapıdan tərk etdi; Qadınlarla mühafizəçilər arasında dava düşdü
“Azəriqaz” Istehsalat Birliyinin qadın əməkdaşları dünən Prezident Administrasiyasının (PA) qarşısında aksiya keçirməyə cəhd göstəriblər. Virtualaz.org-un məlumatına görə, təxminən 50-yə yaxın qadın ləğv olunmuş iş yerlərinin əvəzinə yeni iş yerləri tələb ediblər. “Azəriqaz”ın əməkdaşı Rəna Axundova bildirib ki, onlar rayon qaz qəza xidmətləri ləğv olunandan sonra işdən çıxarılıblar: “Bizim aramızda tənha qadınlar, şəhid ailələri, həyat yoldaşı əlil olanlar var. Ailəmizi yalnız məvaciblə dolandırırdıq. Indi isə əlavə iş yeri təklif olunmadan bizi işdən çıxarırlar. Kredit borcu olan ailələr necə dolanacaqlar? Tək çarəmiz aksiya keçirməklə durumumuzu anlatmaqdır”.
PA-dan onların qəbul edilməsini tələb edən aksiya iştirakçıları Dövlət Neft Şirkətinin qarşısında da aksiya keçirəcəklərini deyiblər.
Bir qədər sonra onları Prezident Administrasiyasında qəbul ediblər.
Rəna Axundovanın sözlərinə görə, ərazidə olan polis əməkdaşları aksiya iştirakçılarından bir neçə nəfərin qəbul ediləcəyini açıqlayıb. Bundan sonra aksiya iştirakçıları arasından nümayəndələr seçilib: “Hər rayondan gələn bir nəfər seçildi. 6 nəfər polis əməkdaşları ilə birgə Prezident Administrasiyasına getdi. Onların kim tərəfindən qəbul olunacağı isə bildirilmədi. Hazırda biz qəbul otağının qarşısında gözləyirik. Polis əməkdaşları dedilər ki, səs-küy salsanız, sizi ərazidən uzaqlaşdıracağıq. Buna görə də hələlik sakitcə gözləyirik. Ümid edirik ki, şikayətimizi dinləyəcək, tələblərimizi nəzərə alacaqlar”.
Prezident Administrasiyasında onlara baş verənlər barədə Ilham Əliyevin adına məktub yazmağı məsləhət görüblər. Qadınlar Ilham Əliyevə şikayət ərizəsi yazdıqdan sonra Prezident Administrasiyasının əməkdaşları “Azəriqaz”ın rəhbəri Əkbər Hacıyevlə əlaqə saxlayıb. Əkbər Hacıyev aksiyaçıları qəbul edərək şikayətlərinə baxacağını vəd edib.
Lakin sonra vədinə xilaf çıxaraq onları qəbul etmək istəməyib. Əkbər Hacıyev “Azəriqaz”ın binasını arxa qapıdan tərk edib. Aldadıldıqlarını görən qadınlar isə binanın mühafizəçilərini döyüblər.
“Azəriqaz” Istehsalat Birliyində struktur islahatlar aparılır. Qadınların çalışdıqları ştatlar ləğv olunduğundan onlar ixtisar olunublar”. Bunu isə virtualaz.org saytına “Azəriqaz”ın mətbuat katibi Araz Ağayev deyib.
Onun sözlərinə görə, etiraz aksiyası keçirən qadınlarla birliyin baş direktor müavini Ruslan Əliyev görüşüb: “Görüşdə bizim hüquq departamentinin rəhbərliyi də iştirak edib. Onlar qadınlara aparılan islahatlarla bağlı məlumatlar veriblər”. Mətbuat katibi qadınlara iki ay əvvəl işdən çıxarılacaqları ilə bağlı bildiriş verildiyini qeyd etdi: “Qəza xidməti ləğv olunub. Buna görə də ixtisarlar aparılır. Əgər yeni yaradılan qurumlarda iş olarsa, ixtisara salınanlar işlə təmin oluna bilərlər”.
Aksiya iştirakçıları isə bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qarşısında toplaşacaqlar.


