Hakimiyyət 5-ci “kolon”u inkar edir

Nürəddin Məmmədli: «Mövcud hakimiyyətin bütün dövrlərində ölkənin Kremldən idarə olunmasına dair əsaslar var»

Sərdar Cəlaloğlu: «Ölkədə çox ciddi «5-ci kolon» var və bu adamlar dövlətçilik üçün təhlükədir»

Rusiyanın Azərbaycandakı təsir imkanları, ölkədəki rusiyapərəstlərin fəaliyyəti hər zaman hiss olunub. Ictimaiyətin tanıdığı şəxslər arasında kimlərin qərbpərəst, kimlərin ruspərəst olduğnu da göstərmək olar. 

Ukraynada baş verənlərdən sonra Rusiya amili yenidən gündəmə gəldi və “rus təhlükəsi” ifadəsi aktuallaşdı.

Əslində, bunun üçün real əsaslar da var. Bəzi deputatlar Putinə müraciət ünvanladı, bəziləri SSRI-i arzusunu dilə gətirdi, bəziləri də rus qoşunlarının Azərbaycanda yerləşdirilməsi təklifini verdi

Yəni, “5-ci kolon” fəaliyyətə başladı və cəmiyyətdə baş verənlərə müxtəlif münasibət sərgiləndi. Bəzi hökumət təmsilçiləri isə Azərbaycanda “5-ci kolon”un olmadığını iddia etdilər. 

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də APA-ya müsahibəsində ölkəmizdə Rusiyanın “5-ci kolon”u olduğuna inanmadığını bildirib:ÿ”Doğrusu, inanmıram. Mən inanmıram ki, Rusiyanın Azərbaycanda “beşinci kolonu” olsun. Yoxdur. Mən bu məsələni ciddi qəbul eləmirəm. Bu, mətbuatda kimlər tərəfindənsə piar kampaniyası xarakteri daşıyır. Diqqət cəlb eləmək üçün. Rusiya ilə münasibətdə xalqlarımız arasındakı münasibətləri müsbət dəyərləndirmək lazımdır. Dediyiniz vəziyyətlə bağlı heç əsas görmürəm. Nə rəsmi, nə də qeyri-rəsmi bizim ölkələr arasında hansısa ciddi narazılıq yaradacaq məqamlar yoxdur. Gürcüstanda və Ukraynada baş verənləri nəzərdə tutsaq, bu, oradakı xalqlara qarşı yönələn siyasət deyil, hakimiyyətlərə qarşı yönəlik idi” – deyə Əli Hüseynli bildirib.

AXCP sədrinin müavini Nürəddin Məmmədli hesab edir ki, Rusiyanın Azərbaycana kifayət qədər təsir imkanları var : “Azərbaycanda heç bir ölkənin leqal fəaliyyət göstərən ”kolon”ları yoxdur. Ancaq, bu da sirr deyil ki, Azərbaycan bu ölkədə marağı olan qüvvələrin kəşfiyyat poliqonudur və ölkədə güclü şəbəkələşmə prosesi gedir. Mövcud hakimiyyətin bütün dövrlərində Azərbaycanın Kremldən idarə olunmasına dair kifayət qədər əsaslar var. Azərbaycan hər hansı bir beynəlxalq müqaviləyə imza atanda, ya bizim emissarlar Moskvaya gedir, ya da onlar bura təşrif buyurur. Hər bir addım Rusiyanın senzurasından keçir. Sirr deyil ki, ölkədə rusiyapərəst qüvvələr var və zaman-zaman bunu hiss etdirirlər. Rusiyada 2.5 milyondan artıq Azərbaycan vətəndaşı var. Digər tərəfdən Azərbaycanın şimal bölgəsində Rusiya meylli qüvvələr var. Yəni, Rusiyanın Azərbaycana təsir imkanları çoxdur. Ona görə də Əli Hüseynlinin fikirləri reallıqdan çox uzaqdır”.

ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, Azərbaycanda güclü “5-ci kolon” var və bu adamlar dövlətçiliyə təhlükədir: “Dünya təcrübəsi və insan psixologiyası göstərir ki, stereotiplərin qırılması çətin prosesdir. Azərbaycanda da Sovet imperiyasının stereotipləri mövcuddur və bəzi insanlar özlərindən asılı olmayaraq Rusiyanın təmsilçisi kimi çıxış edirlər. Digər tərəfdən Azərbaycan balanslaşdırılmış siyasət apardığı üçün yalnız xarici deyil, daxili siyasətdə də bu xətti götürür. Bu həm də kadrların təyin edilməsində özünü göstərir. Ona görə də hakimiyyət komandasında həm rus, həm də qərb yönümlü kadrlar var. Başqa bir məqam ondan ibarətdir ki, Azərbaycan özünə uyğun siyasi tərəfdaş axtarır. Rusiya  korrupsiyalaşmış, insan hüquqlarının məhdudlaşdırıldığı ölkədir. Bu baxımdan Azərbaycan da korrupsiyalaşmış, insan hüquqlarının pozulduğu ölkə olaraq, özünün ictimai-siyasi həyatı baxımından Rusiyaya yaxındır. Bütün bu amilləri nəzərə alanda, Azərbaycanda ciddi ”5-ci kolon”un olduğunu söyləmək olar. Ölkədə Rusiya maraqlarının təmsilçiləri var və bu adamlar dövlətçilik üçün təhlükədir. Yanlış siyasət nəticəsində əhalinin müəyyən təbəqəsi, həmin kolonun elektoratı kimi çıxış edir”.

Akif